Nizaməddin məscidi — Bakıda Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid məscid.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Nizaməddin məscidi 1329-1330-cu illərdə Şirvanşahların hakimiyyəti dövründə Əmircanda tikilib. Məscid Əmir Nizaməddin Kəsrani tərəfindən tikdirilib.[1]
Məscidin yonulmuş əhəng daşları ilə hörülüb və ağ rənglə işlənib. 4 giriş qapısından 3-nün üstündə daş kitabələr var. İbadət zalının iç sahəsi 24x6 metr, hündürlüyü
isə 5 metrdir. Məscidin mehrabının hündürlüyü 2 metr olub, üstündə, bir neçə yerdə ərəbcə “Allah ” sözləri yazılıb. Məscidin divarlarının qalınlığı 1 metr, yerdən günbəzədək hündürlüyü 7,5 metrdir. Günbəzin diametri isə 6 metrdir. Məscidin minarəsi yoxdur, günbəzinin hündürlüyü fasad tərəfdən 1,5 metrdir.[1]
Məscidin mərkəzi hissəsinin qapısının üstündə fars dilində bir beyt yazılıb:[2]
|
Dünya bir əyləncə, dəbdəbə, şan-şövkət və iztirabdan başqa bir şey deyildir.
|
|
Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur:[3]
|
Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Hicri qəməri 730-cu il (miladi tarix 1329-1330-cu il).
|
|
1384-1385-ci illərdə Nizaməddin məscidi Şərifəddin tərəfindən təmir edilib və onun cənub tərəfə baxan həyətində yeni bir portal tikilib. Qapının üzərində daş kitabə yerləşdirilib. Ərəb dilində iki cərgə üzrə həkk olunmuş bu kitabədə yazılıb:
|
Bu imarətin tikilməsini Nəsrəddin Qutluqşah oğlu Şeyx Mahmudun oğlu Şərifəddin əmr etmişdir. Hicri qəməri 786-cı il (miladi tarix 1384-1385-ci il).
|
|
Məscidin üzərindəki başqa kitabələrə əsaslanıb qeyd etmək olar ki, 1830-1831-ci illərdə burada ciddi, əsaslı təmir işləri aparılıb və onun şimal divarının yanında yeni bir xanə tikilib. Məscidin qərb fasadının şimal tərəfində olan qapı yerinin yuxarısında da iki üfüqi formalı kitabə qoyulub. Nəstəliq xətti ilə yazılmış üst kitabədən aydın olur ki, məscidi usta Süleyman təmir edib. Faktlardan görünür ki, hər dəfə aparılan cari inşaat işlərində məscidin memarlıq ünsürlərinə yeni əlavələr olunub və bu əlavələri edən şəxslərin adları da yeni qoyulan kitabələrdə öz əksini tapıb. Belə əlavələrdən biri də 1876-cı ilə təsadüf edir. Bu tarixdə məscid Fatma xanım tərəfindən təmir edilib və cənub tərəfə genişləndirilib
[4] Kitabələrdən birinin üstündəki yazıda təmirlə bağlı bunlar qeyd olunub:
|
Həqiqətən bu məscidi Hacı Rəsul qızı Fatma xanım tikdirmişdir. Kitabəni Məhəmməd Nağı yazmışdır. Hicri-qəməri 1293-cü il (miladi tarix 1876-cı il)
|
|
XX əsrin əvvəllərində məscidin yenidən təmirə ehtiyacı olub və inşaat işləri aparılarkən qərb eyvanının mərkəzində vaxtilə Nizaməddinin tikdirdiyi qapının qarşısında dörd daş sütundan ibarət giriş yeri düzəldilib. Bu haqda qapının üstündə ərəb əlifbası ilə yazılmış bir sətirli kitabədə bunlar yazılıb[1]:
|
Bu portalı Rizvan oğlu Hacı Xələf bina etmişdir.
|
|
Məscid qaya üzərində tikilib. Altında zirzəmi yerləşir. Ehtimal edilir ki, bu zirzəmi XIX əsrin əvvəllərinə qədər olan müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə edilib. Lakin sonradan bu zirzəmi sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub.[5]
Sovet işğalında
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[6]
İşğaldan sonra məscid bağlanıb.
Müstəqillikdən sonra
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]
2020-ci ildə Əmircan qəsəbəsində aparılan tikinti bərpa işləri zamanı Nizaməddin məscidi də restavrasiya edilib.[8][9]
İstinadlar
Xarici keçidlər