Bərdə İmamzadə türbəsi — Bərdə şəhərinin mərkəzində yerləşən tarixi dini-memarlıq abidəsidir.[1] Əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır.
Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir.
Bir çox cəhətcə kənd xarabaları, aran şəhərlərində yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki İmamzadə göstərir ki, bu ölkə həmişə din böyüklərinin vətəni olmuşdur[2]
1891-ci ildə Bərdə imamzadə türbəsini tədqiq etmiş akademik Boris Dorn yazır ki, “...Orda həm də qədim İbrahim imamzadəsii vardır ki, haqqında hansısa məlumat saxlanılmamışdır. Lakin, o, ibadət yeri kimi fəaliyyət göstərir. Köhnə binanın təmiri, onun sahibinə 3000 gümüş rubla başa gəlmişdir.”[3]
Ə. Salamzadə yazır ki, əvvəlcə bu tikili ehtimal ki, ancaq türbə olmuşdur.[4] İnteryerdə mehrabın olmamasını da bununla izah etmək mümkündür. Tədqiqatçının fikrincə, Dornun təmir işləri haqqında verdiyi məlumat da birbaşa türbə binasına aiddir. Çünki, türbə binasını əhatə edən məscid 1868-ci ildə inşa edilmiş, yəni tikiliyə Dornun onu ziyarət etməsindən sonra artırılmışdır.[4]
Məscidin inşası haqqında məlumat 1886-cı ilin “Qafqaz təqvimi”ndə də verilir: “İmamzadə türbəsi (piri) Yelizavetpol quberniyası, Cavanşir qəzasının Bərdə yaşayış yerində yerləşir. 1868-ci ildə türbə üzərində məscid inşa edilmişdir.”[5][6]
Memarlıq xüsusiyyətləri
Ə. Salamzadə qeyd edir ki, əvvəlcə türbə kimi inşa edilmiş Bərdə imamzadəsi zaman keçdikcə ziyarətə çevrildiyindən, onun ətrafında məscid inşa edilmiş, beləliklə də dini abidə kompleksi yaranmışdır.[7] Tədqiqatçının sözlərinə görə inşaat işlərinə rəhbərlik edən memar “dörd minarəyə və maraqlı həcm-məkan həllinə malik bitkin memarlıq əsəri yaratmağa nail olmuşdur.”[7]
Bərdə imamzadəsinin inşası zamanı Arran memarlıq məktəbinin fiqurlu hörgü və daş-kərpic sıralamasından istifadə ənənəsi cəsarət və uğurla istifadə olunmuşdur. Binanın inşası zamanı, həm də daha əvvəl Mömünə Xatun türbəsi və Bərdə türbəsinin memarlığında rast gəlinən fasadın müxtəlif elementlərinin eyni profil və ya xəttlə çərçivələnməsi üsulundan istifadə edilmişdir.[7]