Qazaxlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən 1886-cı ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Məscid 1886-cı ildə Gəncə şəhərinin Qazaxlar məhəlləsində tikilib.[1][2] Qazaxlar məscidi Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir.[3][4][5]
1920-ci ildə Gəncə ruslar tərəfindən yenidən işğal edildikdən sonra məsciddən dini məqsədlər üçün istifadə edilməsi uzun müddət qadağan edildi. Buradan anbar məktəb və s. məqsədlər üçün istifadə edildi. Azərbaycan öz müstəqilliyini qazandıqdan Təbriz küçəsində yerləşən abidə yenidən məscid kimi istifadəyə verilmişdir. Hazırda bu abidədə məscid kimi istifadə olunur.[4][5][6]
Məscidin tikintisinə yerli sakin Məşədi Allahverdi Kərbəlayı Rüstəm oğlu rəhbərlik etmişdir. Onun qəbri məscidin həyətindədir.[1]
Memarlığı
Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12–20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar məscidində də üç giriş qapısı vardır.[3][4] Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağında və solunda yerləşir. Məscidin on üç ədəd taxta pəncərəsi, bir ədəd pilləkəni vardır, icərisində iki tərəfdə taxta vardır. Gün çıxan tərəfdə isə əvvəllər gəcdən işlənmiş naxışlar olunmuşdur. Məscidin içəri divarı gəclə suvanıb, lakin bu divarlarda heç bir yazı və naxış işləri yoxdur.[4][5][6]
Məscidin həyətyanı sahəsi 1000 kv.metr, iç sahəsi isə 15x15 metrdir.[1]
Mehrabı əsas giriş qapısı ilə üzbəüz yerləşib. Mehrab tağvari formada olub, hündürlüyü 3,5 metrdir. Məscidin divarlarının qalınlığı 0,80-1,20 metrdir. Əsas giriş qapısının ön tərəfində baştağ yerləşib. Baştağdan sağ və sol tərəfdə iki yardımçı otaq var. Baştağdan içəridə isə ibadət zalı yerləşib. Məscidin binası düzbucaqlı formadadır.[1]