Hacı Bani məscidi — XVI əsrə aid İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Hacı Bani məscidi İçərişəhərdə Şirvanşahlar saray kompleksi yaxınlığında yerləşir.[1] Minarəsi və günbəzi yoxdur.[2] Məscid fasadı üzərindəki qısa epiqrafik kitabəyə əsasən memar Hacı Bani tərəfindən XVI əsrdə inşa edilib.[3] Hicri-qəməri təqvimlə 1320-ci ildə[q 1] bərpa edilib.[4][5]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[6]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[7]
Memarlığı
Məsciddə girişlə üzbəüz, iri miqyaslı hörgü ilə, stalaktit yaruslu mehrab yerləşir. Məscidin üzərindəki digər kitabəyə əsasən isə məscid Hicri-qəməri təqvimlə 1320-ci ildə[q 1] bərpa edilib.[3] Bu zaman yenidənqurma işləri aparılıb, vestibül və qadınlar üçün nəzərdə tutulmuş xüsusi hissə (şəbistan) əlavə edilib. Cüt yarımdairəvi pəncərələr sayəsində isə ibadət zalı ikiqat işıqlandırılıb.[4] Məscidin yenidənqurma işləri zamanı interyeri və eksteryeri ənənəvi memarlıq üslublarını və motivlərini qoruyub saxlayıb.[3] İfadəli silueti, kub təməl üzərindəki quruluşu, Abşeron tipli daş şarkonusvari günbəzin traktovkası və küçənin eniş istiqamətində gözəl vurğulanmış künc hissəsi yerli memarlığın xarakterik xüsusiyyətlərini əks etdirir.[3][4]
Həmçinin bax
Qeydlər
- ↑ 1 2 H. Q. 1320 = M. 10 aprel 1902 – 29 mart 1903
İstinadlar