Gileyli məscidi və ya Comərd Gəray məscidi — İçərişəhərdə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
Gileyli məscidi iki mərhələdə tikilmişdir: 1309-cu ildə Şirvanşahlar dövründə, sonra isə XIX əsrin ikinci yarısında.[1]
Haqqında
Köhnə hissə xaçgünbəzli kompozisiya sistemini təşkil edir. Burada xaçın qolları dərin qübbələrdir, künclərdə isə kiçik otaqlar yerləşir. Dəqiq proporsiyalı, memarlıq elementləri və detalları ilə profillənmiş və naxışlanmış mehrab, həcmli kütlələrinin sərtliyi və tektonilliyi ilə fərqlənən ibadət zalının daxili interyerini zənginləşdirir. Məscidə əlavə tikilmiş yeni hissə planlaşdırılma sxeminin vəhdətini pozmur, əksinə ibadət zalının rahatlıq imkanlarını genişləndirərək, qübbəli, taclı və çatma formalı künbəzi daxili məkanın formalaşmış memarlıq mühitini təkrarlayaraq, onun kompozisiya strukturuna ayrılmaz surətdə daxil olur. Burada avropasayağı memarlıq üsullarını ifadə edən yeni formalar tətbiq olunub. Daha qabarıq şəkildə bu öz əksini fasadın quruluşunda tapıb.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3][4]
Həmçinin bax
İstinadlar
Mənbə