Meydan məscidi — Naxçıvan Muxtar RespublikasınınOrdubad rayonununDəstə kəndində yerləşən məscid. Kənddə Bu günədək qorunub saxlanmış dörd məscid var: Sahib əz-Zaman məscidi, Şingiləy məscidi, Hacı Allahverdi məscidi və Meydan məscidi. Yerli əhalinin fikrincə bu məscidlərdən ən qədimi Şingiləy məscididir. Ancaq təəssüf ki, bu məscidin heç bir qalığı qalmamışdır. Son vaxtlar məscid yenidən bərpa olunmuşdur. Bərpa zamanı məscidin üzərində qoyulan kitabədən aydın olur ki, “ Məscid 1989-1992-ci illərdə yenidən inşa edilmişdir”. Məscid kənd məscidləri içərisində ən qədimi sayıldığından onun üzərində belə bir kitabə də qoyulmuşdur: “XI əsr abidəsi”.
Kəndin mərkəzində inşa edilməsi səbəbindən əhali arasında “Meydan məscidi” kimi tanınan məscid kəndin əsas məscidi olmaqla Came məscidi funksiyasını yerinə yetirmişdir.
Məscidin daxildən ölçüləri belədir: uzunluğu 18,5 metr, eni 12,5 metr, (ümumi sahəsi: 230 m), hündürlüyü 4 metr. Məscidin tavanı 3x6=18 ağac sütunun üzərində dayanmışdır. Binanın şərq divarda qoyulan 4, cənub divarda qoyulan 4 və qərb divarda qoyulan 2 pəncərə işıqlandırmışdır.
Məscidin qərbdən giriş qapısının baş tərəfində iki kitabə qoyulmuşdur . Boz rəngli daş lövhə (48x32sm) üzərində ərəb dilində, nəsx xətti ilə iki sətirdə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir: “Qurani-Kərim, LXXII-18. Bu məscidin bina olunmasını 19-cu ildə Əbdülxan Cavad oğlu əmr etdi” [1].
Kitabənin tarixi mətndə 19-cu il kimi qeyd edilmişdir. Ancaq bir sıra tarixi faktlar, həmçinin kitabənin xətt xüsusiyyətləri onu hicri qəməri təqvimi ilə 19-cu ilə (miladi ilə 842-ci ilə) aid etməyə imkan verir. Ona görə də bəzi müsəlman epiqrafikası abidələrində tarixlər yazıların minliklərin buraxılması faktını [2] əsaslanaraq kitabənin tarixini 1019-cu il (26.03.1610- 15.03.1611-ci il) kimi qəbul edirik.
Tarixi
Məscidin giriş qapısının baş tərəfində bu kitabədən yuxarıda yaşılımtıl rəngli daş lövhə (51x32sm) üzərində qarışıq ərəb-fars dillərində nəsx xətti ilə üç sətirdə həkk edilmiş başqa bir kitabə də qoyulmuşdur (şəkil 15). Kitabənin məzmunu belədir: “Qurani-Kərim, IX-18. Bu məscidin və Dəstək kəndinin Tub-Basar kövşənindəki körpünün banisi Cənnətməkan Məşədi Hüseynəli Dəstəkinin oğlu, Fəxrül-Hac Hacı Məhəmmədnəqidir. 1019-cu ildə (26.03.1610-15.03.1611-ci il) yazıldı. Rus əyyamında” [3].
Bu kitabə keçən yüzilliyin 70-ci illərində anbar kimi istifadə olunan məsciddə kiçik təmir işləri aparılan zaman daxildə torpağın altından aşkar olunmuşdur. Kəndin yaşlı sakinlərinin söylədiyinə görə kitabə əvvəl məscidin qızdırılması üçün divarda düzəldilən buxarının üzərində qoyulubmuş. Nə vaxtsa yerindən düşən kitabə torpağın altında qalmış, tapıldıqdan sonra qapının baş tərəfində qoyulmuşdur.
Hər iki kitabənin verdiyi məlumatların təhlilindən aydın olur ki, məscidin bina olunmasını miladi təqviminin 1610-1611-ci ilində Əbdülхan Cavad oğlu əmr etmiş, Hacı Məhəmməd Nəqi isə bir memar kimi onu inşa etmişdir. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Azərbaycan Ensiklopediyasının III cildində bu məscidin inşa tariхi yanlış olaraq ХIХ yüzilliyə aid edilir.
Dəstə Came məscidi yarandığı andan kəndin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynayan bir mərkəzə çevrilmişdir. Əhalinin maariflənməsində, kəndin mədəni və ideoloji həyatında müəyyən yeri olan bu məscid ХХ yüzilliyin əvvəllərində ermənilərin müsəlman türklərə qarşı həyata keçirdiyi soyqırım zamanı dağıntılara məruz qalmışdır. 1926-cı ildə kənddə olmuş rus alimi V.M.Sısoyev məscidi dağılmış vəziyyətdə görmüş və onun vətəndaş müharibəsi (Sovet elmi ədəbiyyatında ermənilərin хalqımıza qarşı həyata keçirdiyi soyqırım məhz belə adlandırılırdı) zamanı dağıntıya məruz qaldığını yazmışdır [4].
Kəndin mərkəzində yerləşən geniş həcmli bu məscid yaşayış məskəninin ən böyük məscidi olmaqla əhalinin həyatında mühüm rol oynamış, onların ən çox toplaşdığı, ibadət və zikrlə məşğul olduğu yer olmuşdur. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən və insanların dini etiqadlarına azadlıq verildikdən sonra məscid yenidən təmir olunaraq dindarların istifadəsinə verilmişdir. İndi də bu məscid orta əsrlər dövründəki kimi kənddəki digər məscidlərlə müqayisədə dindarların ən çoх toplandığı bir mərkəzə çevrilmiş, beləliklə, o, əvvəlki funksiyasını yerinə yetirməyə başlamışdır.Məscidin inşa tarixinin I Şah Abbasın hakimiyyəti illərinə (1587-1629) aid etmək olar.
İstinadlar
↑Сафаров Ф. Арабо-персоязычные надписи Нахичеванской АССР (ХVI-ХIХ вв) как историко-культурные памятники. Диссертация на сосискание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Инв.№ 8383. с. 14-15
↑Лавров Л.И. Эпиграфические памятники Северного Кавказа на арабском, персидском и турецком языках. Часть 1. Москва: Наука, 1966, 300 с., с. 158
↑Сафаров Ф. Арабо-персоязычные надписи Нахичеванской АССР (ХVI-ХIХ вв) как историко-культурные памятники. Диссертация на сосискание ученой степени канд. ист. наук. Баку, 1987, 179 с. НАИИ НАН Азербайджана. Инв.№ 8383. с. 13
↑Сысоев В. Древности Нахичеванской ССР / Отдельный оттиск. Из 4-го выпуска Известий “Азкомстарис”а, Баку, 1928, с. 123-215, c. 182