Şahab məscidi — Naxçıvan şəhərində, Şahab məhəlləsində, Şəhid Milli qəhrəman İbrahim Məmmədov küçəsində tarixi-memarlıq abidəsi.
Tarixi
"Şahab" sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin ("Süddü nənə" adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir.
Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalıb. Sonrakı illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilib. Şahab məhəllə məscidinin şərq və qərb tərəfə açılan taxta qapıları olub. Bina dörd künc formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə üzləmə aparılıb. Məsciddə eyni vaxtda 80 nəfər ibadət edə bilərdi. Digər məhəllə məscidləri kimi bunun da tək minarəsi olub. Binanın hündürlüyü 6 metrdir. Məscidin mehrabla minbəri cənuba baxan divarda tikilmiş otağın (zalın) ortasından qara rəngli pərdə-arakəsmə asılıb.
Şahab məhəllə məscidi şəhərdə Kələntərli məscidi kimi tanınıb. Səbəbi bu idi ki, qonşuluqda yaşayan Məmmədkərim Kələntərli adlı xeyriyyəçi tərəfindən məscidə maddi himayədarlıq göstərilirdi.
Ötən əsrin 30-cu illərində həmin məscidin axundu Mirzə Cabbar ağa (ona "Məşhədi Cabbar" deyərdilər) olub. Həmin illərdə Naxçıvan qarnizonunun sərhəd əsgərləri məscid binasını at tövləsi edib, sonradan isə sökərək kərpiclərini, qapı və pəncərələrini aparıblar. Bütün bunları görən məhəllə sakinlərini başına toplayan Məmmədkərim kişi hökumət işlərinə qarışıb və "NKVD" tərəfindən həbs olunub Sibirə sürgün edilib. Daha sonra Məmmədkərim Kələntərlinin mülkünü müsadirə etməklə evinin əşyaları talan olunub. Həmin mülk Naxçıvan Səhiyyə Komissarlığının öhdəsinə verilib, burada uzun illər dəri-zöhrəvi dispanseri ilə epidemioloji stansiyası fəaliyyət göstərib.
Son illərdə Naxçıvan şəhərindəki Şəhid Milli qəhrəman İ. Məmmədov küçəsində abadlıq işləri nəticədə Naxçıvan xanının varislərindən olmuş Məmmədkərim Kələntərlinin (Kəngərlinin) iki mərtəbəli mülki ilə bərabər məhəllə məscidinin xarabalıqları da sökülür.
Mənbə
- AMEA-ın Naxçıvan bölməsi – "Naxçıvan Abidələri Ensiklopediyası" səh.483
Xarici keçidlər