Mahmudlu (hal-hazırkı adı: Getişen (erm. Գետիշեն), 1949-cü il ad dəyişikliyindən sonrakı adı: Çaykənd) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.
Kənd Qafan şəhərindən 29 km şimal-qərbdə, Gığı və Keypəşin kəndlərinin arasında, Gığı çayının sağ sahilində, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir.
Tarixi
Kəndin vaxtilə Cəbrayıl rayonunun Mahmudlu kəndinin yaylaq yeri olduğu, sonralar isə qışlağa qayıtmayan ailələrin məskunlaşması nəticəsində yarandığı söylənilir.
Adı
Topomorfantın mənası XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan şiəliyi qəbul edərək Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.
Kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilmiş, buna baxmayaraq yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırmışlar.
90-cı illərdə isə kəndin adı erməniləşdirilərək Getişen edilmişdir.
Əhalisi
Kənddə 1831-ci ildə 42 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 134 nəfər, 1904-cü ildə 596 nəfər, 1914-cü ildə 263 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələrinin hücumuna məruz qalan kənd əhalisi kəndi tərk etməyə məcbur qalmış, Ermənistanda sovet hökuməti qurulandan sonra isə 120 nəfər kənd sakini yenidən geri qayıtmışlar.[1]
Ermənistan SSR dövründə kənddə 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 147 nəfər, 1931-ci ildə 170 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz doğma kəndlərindən qovulmuşdur. İndi burada ermənilər yaşayır.
Kəndin toponimləri
- Qara qaya
- Lalalı yurd
- Anzın
- Xırman yeri
- Paxlalıq
- Çay arası
- Körpü qayası
- Ağuçuq
- Kolavat
- Yumru daş
- Böyük qaya
- Vağ dərə
- Sarı qaya
- İlan daşı
- Homalan
- Yurd yeri
- Kəl üçən dərəsi
- Novlu bulaq
- Dəfin kaha və s.[2]
Mənbə
- Musa Urud, «Zəngəzur», Bakı, "Nurlar", 2005.
- Əziz Ələkbərli, «Qədim türk-oğuz yurdu "Ermənistan"», Bakı, "Sabah", 1994.
- İbrahim Bayramov, «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.
- Həbib Rəhimoğlu, «Silinməz adlar, sağalmaz yaralar», Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti». Bakı, "Oğuz eli", 1998.
- Sabir Əsədov, «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası», Bakı, "Gənclik", 1995.
- Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002.
- Zəngəzur Cəmiyyətləri Birliyi: Qafan Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine
İstinadlar
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002.
|
---|
Şəhərlər | |
---|
Rayonlar (1930–1995) | |
---|
Mahallar | |
---|