Şurnuxu

Şurnuxu
39°22′54″ şm. e. 46°23′52″ ş. u.HGYO
Ölkə
Region Qubadlı rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 8,83 km²
Mərkəzin hündürlüyü 1.550 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 207 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şurnuxu xəritədə
Şurnuxu
Şurnuxu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şurnuxu — yarısı Azərbaycan Respublikasının Qubadlı rayonunda, digər yarısı isə Ermənistan Respublikasının Sünik mərzində olan kənd.

4 yanvar 2021-ci ildə Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə Qubadlı rayonunun tərkibinə salındı.

Tarixi

1593-cü ildə Osmanlıların tərtib etdiyi müfəssəl dəftərdə Urud livası Muğancıq nahiyəsində qeydə alınan bu kəndin adı "Şornoxud"dur[2] Ərazi 1604-cü ilə qədər Osmanlı idarəsində olub.

Mədəniyyəti

Toponimikası

Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasında işlənən "çırnox" sözünün[3] fonetik forması olan şumux//şırnıx sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində "sürətlə axın" mənasında "şırnoy" sözü də işlənir[4].

Şurnuxu kəndinin girişi

Belə qənaətə gəlmək olar ki, çırnox, şırnoy, şurnux yaxın mənalı sözlərdir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin toponimləri

Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, Eşşək meydanı, Donuz damı, Qaramalıq, Üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s.

Coğrafiyası və iqlimi

Kənd Gorus rayon mərkəzindən 17 km. cənub-şərqdə, Şurnuxu çayının sol sahilində, meşənin içərisində, Qafan-Gorus magistral yolunun sağ tərəfində, Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndlərinin yaxınlığında yerləşmişdi.

Əhalisi

Kənddə 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914]-cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır[5].

1920-ci illərdə Zəngəzurun Şurnux kəndində yalnız azərbaycanlılar yaşayırdı. Daha sonra kənd hərbi dəstələr tərəfindən etnik təmizliyə məruz qaldı. Ermənilər orada yaşamağa başladılar. Lakin sonrakı onilliklərdə bir çox azərbaycanlı Şurnuxa qayıtdı. 1947-ci il dekabrın 23 tarixində Sovet İttifaqı Nazirlər Soveti 4083 saylı qərar qəbul etdi. Qərara görə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri Azərbaycan SSR-nın Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra şurnuxlu türklər kəndə qayıtdılar. Azərbaycan mənbələrinə görə, 1979-cu ildə Şurnuxda 560 azərbaycanlı yaşayırdı. 1988-ci ildə "Artsax hərəkatı" zamanı, noyabr ayında onlar Şurnuxudan yenidən deportasiya edildilər".

Şurnuxu kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. Gorus rayon mərkəzindən 27 km cənubda, meşənin içərisində, Qafan-Gorus magistral yolunun kənarında, Ağbulaq, Şamsız, ŞahverdilərÇayzəmi kəndlərinin yaxınlığında yerləşmişdi. 1988-ci ildə kənddə 100 ev, 800-ə yaxın əhali var idi. Kənddə ən qədim zamanlardan son illərə (1989) qədər yalnız azərbaycanlılar yaşamışdır. Şurnuxu kəndinin ətrafında qədim kilsənin və qəbiristanlığın qalıqlarının, Kəpəz dağı adlanan yerdəki ibadətgahın (pir) olması bu kəndin qədim tarixə malik olduğunu göstərən faktlardır.

Şurnuxu kəndinin yaxınlığında vaxtilə Ağvanlı adlı azərbaycanlı kəndi olmuş, 1918-ci ildə həmin kənd dağıdılmış və sonra bərpa edilməmişdir. Ağvanlı toponimi də bu yerlərin qədim Albaniya ilə bağlılığını göstərən tarixi faktdır.

1918–1920-ci illərdə Şurnuxu kəndi dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə qaçqın düşərək QubadlıCəbrayıl rayonuna pənah aparmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz tarixi-etnik torpaqlarına dönə bilmişdir.

1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Şurnuxu kəndində 92 nəfər (15 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 45 nəfəri kişi və 47 nəfəri qadın olub[6].

Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər[5], 1979-cu ildə 560 nəfər azərbaycanlı yaşamışdır. Onlar dağıdılmış təsərrüfatlarını bərpa etmişlər. 1930-cu ildə Şurnuxuda ibtidai məktəb açılmış, 1931-ci ildə kolxoz qurulmuşdur (qonşu AğbulaqŞamsız kəndləri ilə birlikdə). İkinci Dünya müharibəsi Şurnuxudan 70-dən çox adam iştirak etmiş, onlardan 25 nəfəri geri qayıtmamışdır.

İkinci Dünya müharibəsindən sonrakı illərdə Gorus rayonunda ermənilər azərbaycanlı əhaliyə qarşı təcavüzkar münasibətlərini daha da gücləndirdilər. 1948-1952-ci illərin deportasiyası zamanı digər azərbaycanlı kəndləri kimi, Şurnuxu camaatının da bir hissəsi köçüb Azərbaycana gəlmiş, Bakı, Sumqayıt, Ağdam, MingəçevirBərdə şəhərlərində məskunlaşmışlar.

Şurnuxu kəndindən görünüş

Ermənilərin apardıqları milli ayrı-seçkiliyə baxmayaraq, 70–80-ci illərdə Şurnuxu kəndi xeyli inkişaf etmişdi. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikilmişdi. 1988-ci il noyabrın sonlarında Gorus rayon partiya və hökumət rəhbərliyinin təşkilatçılığı ilə rayonun bütün azərbaycanlı kəndləri, o cümlədən, Şurnuxu kəndinin camaatı zorla deportasiya olunaraq, Azərbaycana qovuldular. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilmədilər. Evlərin çoxu dəyişilməmiş qaldı.

Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxudan 5 nəfər şəhid olmuşdu (Niftəliyev Azər Bayram oğlu — baş leytenant, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdu; Ağayev Mehman Müseyib oğlu, Şükürov Seymur Şəmil oğlu, Adıgözəlov Elşən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu).

Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Umnisə Musabəyova Şurnuxuda anadan olmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. M.Urud. Zəngəzur. Bakı: 2005, s.403
  3. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər). Bakı: Elm, 1966, s.133
  4. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər). Bakı: Elm, 1966, s.134
  5. 1 2 Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.;  (erm.) Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.;  (rus.) Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.28–29, 114–115  (az.)
  6. Azərbaycan kənd təsərrüfatı siyahıyaalması 1921-ci il. Nəticələr. Qubadlı qəzası

Mənbə

  • Musa Urud. Zəngəzur. Bakı: Nurlar, 2005.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!