Mariya Küri və Pyer Kürinin ilk övladı və Frederik Jolio- Kürinin həyat yoldaşı. Frederik Küri ilə yeni radioaktiv elementlərin kəşfinə görə 1935-ci ildə kimya üzrə Nobel mükafatı almışdır. 1926-cı ildə İren Frederik Jolio ilə ailə həyatı qurdu. 1947-ci ildə, SSRİ Elmlər Akademiyasının xarici nümayəndəsi seçilmişdir. Belçika Kral Akademiyasının, Hindistan Elmlər Akademiyasının diplomlarına layiq görülmüşdür. 1940-cı ildə mühüm elmi xidmətlərinə görə Kolumbiya Universiteti tərəfindən ona Barnard qızıl medalı təqdim olunub.O, Fransanın Fəxri legion ordenli kavaleridir.
Uşaqlığı
İren Jolio-Küri ailənin ilk övladı idi. Pyer Küri yaşıdlarından əqli cəhətdən daha tez inkişaf edən, yaşına görə qeyri-adi öyrənmək həvəsi nümayiş etdirən balaca qızına çox vaxt ayırırdı.1848-ci il fransız inqilabçılarına dəstək olan, 1871-ci ildə isə Paris kommunasına köməklik göstərmiş ata tərəfdən babası Ejen Küri hələ İren çox kiçik olduğu zaman onlara köçmüşdü. Anası laboratoriyada çox məşğul olduğundan İren vaxtının çox hissəsini zəngin mənəviyyata və siyasi dünyagörüşə malik babası ilə keçirirdi. Ejen Küri ixtisasca həkim idi. O, liberal sosialist olmaqla bərabər, həm də antiklerikalist (din və ruhaniliyin nüfuzuna qarşı çıxan) idi. Babası İrenin siyasi baxışlarının formalaşmasına dərin təsir göstərməklə yanaşı, onda siyasi məsələlərə böyük maraq və cəmiyyətə bağlılıq yaratmışdı. Babasının hələ uşaqlıq illərində onda siyasətə qarşı oyatdığı dərin maraq İreni ömrünün sonuna kimi tərk etmədi və o, həmişə ictimai işlərdə də ön sıralarda addımladı. İren Kürinin 10 yaşı olan zaman atası, dünyaca məşhur alim, Nobel mükafatı laureatı Pyer Küri yol qəzası nəticəsində dünyasını dəyişdi. Atasının itkisi İrenin həyatında çox kədərli bir iz buraxdı. Uzun müddət atasının yoxluğu ilə barışa bilmədi. Lakin 16 yaşında İren Eynşteynlə tanış olur. İrenin rəfiqəsi fizik Ejen Kottonun sözlərinə görə, "Albert Eynşteyn az bir zamanda İrenin elmi istedadının fərqinə varmış və onunla dostlaşmışdı. Bu böyük dostluğa o heç vaxt xəyanət etməmişdi". Halbuki bu dostluğun təməli qoyulanda İrenin cəmi on altı yaşı vardı.
İren Küri 9 yaşında anasının, məşhur fiziklər Polem Lanjeven və Jan Perren də aralarında olmaqla, bir neçə həmkarı ilə birlikdə yaratdığı kooperativ məktəbdə məşğələlərə başladı. Özü də daxil olmaqla, Mariya Kürinin məşhur alim həmkarları həmin məktəbdə dərs deyirdilər.Adi məktəblərdə olduğu kimi, burada yalnız təbiət elmləri tədris olunmur, şagirdlərə həm də fiziki cihazlarla davranma vərdişləri aşılanır, onlar kimyəvi reaktivlərlə tanış edilir və müxtəlif kimyəvi təcrübələrdə iştirak etməyə cəlb olunurdular. Beləliklə, şagirdlər Sorbonna Fizika və Kimya Məktəbinin laboratoriyalarında olduğu kimi, vaxtlarını daima elmi iş şəraitində keçirirdilər. İren Sevine kollecinin 1-ci Dünya müharibəsi ərəfəsində bitirir və təhsilini Parisin məşhur Sorbon Universitetində davam etdirir. Müharibə Mariya Kürinin qarşısına yeni vəzifələr qoydu. Minlərlə yaralı fransız əsgər və zabitlərinə xidmət göstərmək üçün cəbhədə hərəkətli rentgen aparatlarına ehtiyac var idi. Mariya Küri o dövr üçün yeni olan bu işin təşkilini öz üzərinə götürdü. O, İrenə rentgen texniki peşəsini öyrətdi və onlar aparatları ilə birlikdə sahə hospitallarına getməyə başladılar.
Müharibə İrenin Universiteti bitirməsini ləngitdi. Lakin orduda xidmət etmək onun xoşuna gəlmişdi və o, bütün gücü ilə yaralıların xilas edilməsinə çalışırdı.
Fəaliyyəti
Iren müharibə başa çatdıqdan sonra təhsil aldığı universitetdəki laboratoriyada laborant vəzifəsini icra etməyə başladı. Mariya Kürinin yaratdığı və başçısı olduğu laboratoriyada çoxlu davamçıları var idi və tezliklə ən istedadlı iki tələbəsi - qızı İren və onun həyat yoldaşı Frederik nəinki radioaktivlik sahəsindəki işləri ilə, hətta daha qabağa gedərək, radioaktiv proseslərə müdaxilə etmək bacarığı ilə fərqlənirdi. Onlar təbiətdə mövcud olmayan süni radioaktiv maddələr - kimyəvi elementlərin radioaktiv izotoplarını kəşf etdilər. Bu maddələr də görünməyən şüalar buraxırdı. Beləliklə, süni radioaktivliyi də məhz Kürilər kəşf etdi.
1921-ci ildən müstəqil tədqiqatlar aparmağa başlayır. Onun ilk təcrübələri valideynləri tərəfindən 20 il əvvəl kəşf edilmiş radioaktiv polonium elementinin öyrənilməsi ilə bağlı olur. Radiasiyanın əmələ gəlməsi atomun parçalanması ilə bağlı olduğundan onun öyrənilməsi İrendə atomun strukturunun aydınlaşdırılmasına ümid yaratdı. İren Küri polonium atomlarının parçalanması zamanı, bir qayda olaraq, olduqca böyük sürətlə tullanan alfa-zərrəciklər halında müşahidə olunan dəyişməni (flukturasiyanı) öyrənirdi. 2 proton və 2 neytrondan ibarət olan və buna görə də helium nüvəsini yaradan alfa-zərrəciklərin atom strukturlarının öyrənilməsi materialı olduğunu ilk dəfə ingilis fiziki Ernest Rezerford göstərmişdi. 1925-ci ildə bu zərrəciklərin tədqiq edilməsinə görə İren Küriyə doktorluq dərəcəsi verilir.
Tədqiqatları davam etdirərək Jolio-Küri ailəsi Bor və alüminiumu alfa-zərrəciklərlə bombardman etməklə onlar ilk dəfə 1932-ci ildə Amerikalı fizik Karl D.Anderson tərəfindən kəşf olunmuş pozitronların (bütün digər münasibətlərdə mənfi yüklü elektronları xatırladan müsbət yüklü zərrəciklər) alınmasını öyrəndilər. Detektorun dəliyini nazik qatlı alüminium folqa ilə örtməklə onlar alfa-zərrəciklərlə alüminium və bor nümunələrini şüalandırırdılar. Pozitronların alınmasının alfa-zərrəciklərin polonium mənbəyinin ləğv edilməsindən sonra bir neçə dəqiqə də davam etməsi onların özlərinin də təəccübünə səbəb olmuşdur. Sonralar Jolio-Küri ailəsi belə bir qənaətə gəldi ki, üzərində analiz aparılan nümunələrdə alüminium və bor hissələri yeni kimyəvi elementlərə çevriliblər. Bundan əlavə, bu yeni elementlər radioaktiv olublar: alfa-zərrəciklərin 2 proton və 2 neytronunu udaraq alüminium radioaktiv fosfora, bor isə azotun radioaktiv izotopuna çevrilib. Qısa müddət ərzində Jolio-Küri ailəsi çoxlu sayda yeni radioaktiv elementlər aldı.
Hələ 1930-cu ildə alman fiziki Valter Bote bir sıra yüngül elementlərin (arasında berillium və bor olmaqla) alfa-zərrəciklərlə bombardman edilməsi zamanı güclü radiasiya buraxdığını kəşf etmişdi. Bu kəşfdən sonra meydana çıxan problemlərlə maraqlanan Jolio-Küri ailəsi alfa-zərrəcikləri almaq üçün xüsusi gücə malik polonium mənbəyi hazırladılar. Onlar bu üsulla yaranan və daxil olan radiasiyanı müəyyənləşdirmək məqsədilə (Jolio tərəfindən quraşdırılmış) həssas kondensasiya kamerasını tətbiq etdilər. Aşkarlandı ki, berillium və ya bor və detektor arasında hidrogen tərkibli maddənin lövhəciyi yerləşdirilən zaman radiasiyanın müşahidə edilən səviyyəsi demək olar ki, iki dəfə artır. Jolio-Küri ailəsi bu effektin yaranmasını onunla izah edirdilər ki, daxil olan radiasiya hidrogenin ayrı-ayrı atomlarına böyük sürət verməklə, onları dağıdır.
1933-cü ildə Brüsseldə bizim əsrin ən məşhur fiziklərinin iştirakı ilə keçirilən Solveyev konqresində Jolio-Kürinin süni radioaktivliyin kəşfi ilə bağlı məruzəsi şübhə ilə qarşılandı. Yalnız böyük düşüncə sahibi və təcrübəçi Rezerford gənc alimləri dəstəklədi. Brüsseldən Kembricə qayıdan Rezerford Parisdəki Radium İnstitutuna məktub yazaraq, onların ixtirasını yüksək qiymətləndirdiyini bildirdi.
Beləliklə, bu kəşfdən sonra Jolio- Küri ailəsi 1935-ci ildə ən gənc Nobel mükafatı laureatı oldular.
1936-cı ildə İren Sorbonun professoru oldu.1938-ci ildə İren həmkarları Otto Qan,Frits Ştrasman və Lize Maytnerlə birlikdə uran atomlarının parçalanmasına nail oldular.
2-ci Dünya müharibəsi illəri
1940-cı ildə Almaniyanın Fransanı işğal etməsinə baxmayaraq, İren Jolio Küri və həyat yoldaşı Frederik Jolio Parisi tərk etmədilər və burada Müqavimət hərəkatında iştirak etməyə başladılar. 1944-cü ildə gestapoda İrenin həyat yoldaşı Frederik Jolionun fəaliyyəti ilə bağlı şübhə yaranmışdı və həmin il o, gizli fəaliyyətə keçən zaman İren iki övladı ilə qaçaraq, Fransa azad edilənədək İsveçrədə yaşayır. Başı bəlalar çəkmiş bu məşhur alimə hər yerdə və həmişə ehtiyac var idi. Amma o, Fransanı çox sevirdi. Yaşamaq, balalarını xilas etmək üçün İsveçrədə sığınacaq tapsa da, vəziyyət normal hala düşən kimi vətəninə qayıtdı. 1946-cı ildə onu Radium İnstitutunun direktoru vəzifəsinə təyin etdilər.
Ölümü
İren Jolio- Küri tədqiqatlar zamanı yüksək radioaktiv şüalanma nəticəsində leykemiya xəstəliyindən 1956-cı il martın 17-də Parisdə vəfat etmişdir.