Xoşkeşin silsiləsi – Ordubad rayonu ərazisində silsilə. Zəngəzur silsiləsinin cənub-şərq hissəsində ondan ayrılan qollardan biri. Səfərdərə zirvəsindən (3826,4 m) başlayaraq cənub-qərb istiqamətdə 10 km-dək uzanır və Parağaçayla Düylünçayın suayırıcısını təşkil edir. Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Gur (2741,0 m), Artım (2734,9 m), Məsnis (2081,9 m) və başqa zirvələr silsilənin suayırıcısına aiddir. Mehri-Ordubad batolitinin intruziv və Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Zəngəzur qalxım və Ordubad qarılma zonalarının təmasında yerləşir və onları çəpinə kəsərək, diaklinal tip morfostruktur əmələ gətirir.[1]