Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində dağ. Vayxır kəndindən 4 km cənub-şərqdədir. Hündürlüyü 1725 m-dir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında, onun Quşqayası yüksəkliyindən (hünd. 1757,7 m) cənub-qərbə ayrılan eyniadlı tirənin ən yüksək zirvəsi. Vayxır kəndindən 4 km-dək şərq-cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinin üst hissəsinə aid Alt Paradaş lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Ağqaya-Sarıdağ antiklinalının xırda qırışıqlarla mürəkkəbləşmiş şimal-şərq qanadında yerləşir. Qərb yamacından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılması keçir.[1]