De Burun sarayı

De Burun sarayı
Xəritə
40°21′48″ şm. e. 49°49′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Niyazi küçəsi, 9
Aidiyyatı Azərbaycan Dövlət İncəsənət Muzeyi
Memar Nikolay fon der Nonne
Tikilmə tarixi 1891-1895
Üslubu Barokko memarlığı
Vəziyyəti Bərpa olunub
Rəsmi sayt nationalmuseum.az
İstinad nöm.154
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

De Burun sarayı — XIX əsrdə Bakının neft milyonçularından biri olan Lev de Bur tərəfindən inşa etdirilmiş saraydır. Niyazi küçəsində (keçmiş Sadovaya) yerləşən saray 1891–1895-ci illərdə memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilmişdir. Azərbaycan Dövlət Filarmoniyası ilə üzbəüz yerləşən saray binası Mircəfər Bağırovun 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə verməsindən sonra bu günə kimi muzey kimi fəaliyyət göstərib. Hazırda sarayda muzeyin I korpusu yerləşir.

Tarixi

İnşası

Sarayın memarı N. fon der Nonne

26 fevral 1888-ci ildə neft maqnatı və "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinin əsasını qoymuş milyonçu Lev de Bur (1840–1889) inşa etdirmək istədiyi iki mərtəbəli daş sarayın planının təsdiq edilməsi üçün Bakı Şəhər Şurasına müraciət edir və 18 aprel 1888-ci ildə Sadovaya küçəsində (indiki Niyazi küçəsi) "700 kv. sajen torpaq ayırılması haqqında razılaşma" əldə edilir. 26 avqustda şəhər mühəndisi Nikolay fon der Nonne və şəhər memarı, inşaat mühəndisi Anton Kandinov sarayın planını tədiq edir. Lakin sarayın memarlıq layihəsində, memar A. Kandinovun imzası yoxdur və sarayın yeganə memarı Nikolay fon der Nonne hesab edilir.[1][2][3] 31 avqust 1888-ci ildə[1] sarayın inşa layihəsi Bakı Şəhər başçısı Stanislav Despot-Zenoviç və idarə heyətinin üzvü L. Nikulin tərəfindən təsdiqlənir. Tezliklə inşaat işlərinə başlanılır.[4]

Kaspi Cəmiyyətinin mülkü

Binanın inşası tamamlanmamış, 1889-cu ildə De Bur dünyasını dəyişir. Onun varisləri 1891-ci ilin yanvarında hələ yalnız özülü qoyulmuş binanı 16.000 rubla "Kaspi Tərəfdaşlığı" Səhmdar Cəmiyyətinə satırlar. Beləcə bina cəmiyyətin mülkiyyətinə keçir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər etməli olurlar. Binanın əsas fasadında eyvala birlikdə iki çıxış qapısı inşa edilir. Eyvanlar Sadovaya küçəsinə baxır və onlardan Mixaylovskiy bağına (indiki Vahid bağı) mənzərə açılır.

Binanın inşa tarixinin 1891[1]-1893[2]-cü illər olduğu qeyd edilir. Həmçinin qeyd edilir ki, "Kaspi Tərəfdaşılığı" Cəmiyyətinin sarayı tam şəkildə 1895-ci ildə yekunlaşdırılmışdır.[4] Binanın medalyonu içərisində "KT" abreviatursı yer alsa da, sonrakı dövrdə bu abreviatur təmir zamanı məhv edilmişdir. 1895-ci ildə "Kaspi Tərəfdaşlığı" Cəmiyyətinin həmtəsisçisi olan S. İ. Bağırov da ölür və onu, köməkçisi Pavel Osipoviç Qukasov əvəz edir. 1896-cı ildə Cəmiyyətin sədrinin ailə üzvlərindən biri — qardaşı Arşak Osipoviç Qukasov saraya köçərək, onun bir neçə otağında məskunlaşır. 1898-ci ildə isə P. O. Qukasov da ailəsi ilə birgə bu saraya köçür. Həmin illərdə sarayda yanğının baş verdiyi də bildirilir.[4]

Sarayın Qubernator bağından (indiki Filarmoniya bağı) görünüşü, 1900-cü illər

Sovet dövrü

1917-ci il Oktyabr inqilabından sonra, 31 iyul 1918-ci ildə ingilis konsulu E. Mak-Donaldın aktiv iştirakı ilə, Bakıda hakimiyyət Qafqaz İslam Ordusundan şəhərin müdafiəsi üçün ingilisləri şəhərə dəvət etmiş Sentrokaspi Diktaturasıı hökumətinə keçdi. 1919-cu ilin avqustunda Böyük Britaniya ordusu Bakı şəhərinə daxil olur. Bundan sonra, General Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı "Kaspi Tərəfdaşlığı"na məsxus olan sarayda yerləşdirilir. Lakin Qukasovlar ailəsi də sarayda yaşamağa davam edir.[4]

28 aprel 1920-ci ildə Qırmızı Ordu hissələrinin Bakıya girməsindən sonra, Nəriman Nərimanov Azərbaycanın İnqilab Komitəsinin Sədri oldu. 1921-ci ildə o, Xalq Komissarları Şurasına sədr seçildi və şura De Burun sarayında yerləşdirildi. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşamağa başlayır. 1925-ci ildə N. Nərimanovun ölümündən sonra Sadovaya küçəsinin adı dəyişdirilərək N. Nərimanov küçəsi adlandırılır. 1933-cü ildən sarayda DTK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi məskunlaşır. 1930-cu illərdə sarayda kiçik yenidənqurma işləri aparılır və sol tərəfində N. Nərimanov adına bağ yaradılır. 1939-cu ildə küçənin adı yenidən dəyişdirilir və Çkalov küçəsi adlandırılır. 1951-ci ildə M. Bağırov sarayı Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayır və bu günə kimi saray muzeyin I korpusu kimi fəaliyyət göstərir.

Restavrasiyası

2014–2018-ci illərdə saray binasına İtaliyaAzərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib.[5] Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib.[5] Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib.[5] Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub.[5]

Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həm də texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirilib, binanın seysmik davamlılığı artırılıb.[5]

Memarlıq xüsusiyyətləri

Sarayın birinci (solda) və ikinci (sağda) mərtəbələrinin planı

Nikolay fon der Nonnenin inşa etdiyi saray tipli bina memarın plastik vasitələrdən fəal istifadə etməklə həcmi-fəza həllinin həyata keçirilməsində ilk və sonuncu cəhdidir. Bu, Bakıda müstəvi ölçülü tikililər arasında üçölçülü kimi qavranılan yeganə tarixi binadır. Şəhərin ətraf əraziləri yenidən planlaşdırıldıqdan sonra da, De Burun sarayı nümunəvi dayaq binası olaraq qalır. Əhəmiyyətli həcmi və effektli yerləşmə məkanı onu ucaldılmış uğurlu binalar arasında kompozisiya aksenti kimi səsləndirir.[6] Sarayın sakit, horizontal bölünmələrinin ətrafdakı klub binası və Sadıxovların mülkünün vertikalları ilə həmahəng görünüş yaratdığı qeyd edilir. De Burun sarayının layihələşdirildiyi dövrdə, küçənin qırmızı xəttləri boyunca yerləşən meydançalar boş idi. Bununla əlaqədar olaraq, memar Fon der Nonne binanın layihəsini işləyərkən, onun qonşuluqdakı binalarla ahəng təşkil etməsinə xüsusi diqqət yetirmişdi. Sarayın xüsusi mövqeyi və Xəzər dənizinə yaxın yerləşməsi nəzərə alındıqda, həcmli və plastik həlli maraq doğurur.[2] Sarayın Barokko üslubunda işlənmiş memarlığının, təmtəraqlı alınmasında yaxşı şəkil yerləşdirilmiş klassik elementlər və yonulmamış daşla hörmənin fonunda istifadə edilmiş güclü plastik vasitələr (portiklər) mühüm rola malikdir.[1]

Binanın inşa edildiyi dövrdə, əsrlərlə formalaşmış yerli memarlıq məktəblərindən kənara çıxan bu tipli saraylar Bakının mərkəzi küçələrində yenicə inşa edilməyə başlamışdı.[1] Debur sarayının memarlıq kompozisiyasında klassik simmetrik-ox fasadının tətbiqi təəccüb doğurmur. Bakıda 1880-ci illərdən Avropa klassikası çiçəklənməkdə idi və Bakı memarları yaradıcılıqlarında bu istiqaməti tutaraq bina quruluşundakı bədii təzahürlərin açıqlanması üçün klassikanın bütün imkanlarından istifadə edirdilər.[7] Binanın sakit üfüqi hissələrə ayrılması İstiqlaliyyət küçəsindəki Bakı Şəhər İcra Hakimiyyətinin binasıSadıqov qardaşlarının evinin şaqulləri ilə yaxşı həmahənglik edir. Mühəndis Fon der Nonne Bakının baş planının işlənməsi ilə hazır olarkən onu İçərişəhər ətrafı dairəvi magistralın tikilməsinə daxil etmiş və sarayın yerini uğurla təyin etmişdir.[8]

Planlaşdırılması

Saray plan və memarlıq həllinin sənayeçilik çaları ilə seçilir: otaqların anfiladası zal otaqları ilə tamamlanır, pəncərələr baş fasada üz tutub. "Qara" pilləkənlər və tualetlər də daxil olmaqla bütün otaqlar hava açılan kimi işıqlanırlar. Kapital divarların dəqiq sistemi birsıralı tikinti ilə təmsil olunmuş və enli dəhlizlərlə əlaqələnmiş karkasın əsasını təşkil edirlər. Baş pilləkənlər kvadratşəkilli həyət məkanının şimal-qərb hissəsini qapayır. Sonda xidməti (qara) pilləkənlər yerləşib. Sol portikdən dəhlizə giriş vardır. Sağ tərəfdən ikinci mərtəbəyə üçmarşlı, təntənəli mərmər pilləkən qalxır və burada gözəl interyerin görüntüsü açılır. Bilavasitə girişdən ikimarşlı mərmər, qapalı səciyyəli künc pilləkənləri yerləşmişdir. Hər iki pilləkəni anfilada üslubunda dəhliz birləşdirir.[6] Debur sarayı ərazi relyefində yerləşməsi memarlıq-plan və effektli xüsusiyyətləri ilə inqlabaqədərki Bakının ən yaxşı obyektlərindən hesab edilir.[9]

Fasadı

Əsas fasadın profil görünüşü

Memar N.A. fon der Nonne Bakının müasir (XIX əsrin sonları üçün) mərkəzinin inşasında həvəslə və məhsuldar çalışmış, şəhər memarlığının inkişafına öz münasibətini daxil etməyə nail olmuşdur.[9] Həmin dövrdə o qədər də enli olmayan şəhər küçələrində ikiölçülü binalar hakim kəsildiyindən, qonşu tikililər arasında aralıqlar yox idi. Fəza mühitində fərqli fasadların kəsilməz zolaqları dominantlıq təşkil edirdilər. Fasadların gözəlliyinə baxmayaraq tikililərin monotonluğu Bakı küçələrinin memarlığının ümumi təsirini azaldırdı.[10] Debur sarayının əlverişli şəhərsalma strukturunda ucaldılması öz müsbət rolunu oynamışdır. Memar Fon der Nonne öz növbəsində fasadın üçölçülü effektli inkişafını müəyyən etmişdir. Müəllif binanın üfüqi sisteminə həcmi-fəza memarlıq təfəkkürünü daxil etmişdir.[10]

Fasadın üçoxlu forması qabarıq inkişafda olan mərkəzi və yan hissələrdə olan şaquli rizalitlərlə qeyd edilir, bu isə həcmi plastikanın yaranmasına gətirir. Memar Fon der Nonne hesab edir ki, nüfuzlu saray binası üçün bu elementlər kifayət deyildir. Bu səbəbdən rizalitlər arasında fasad xəttindən irəliyə çıxan birmərtəbəli portiklər yerləşdirilir. Portiklər ionik orderlərdən olan üç künc sütununa malikdirlər.[10]

Portiklər ikinci mərtəbədəki balkonları ilə bir yerdə bina fasadının kompozisiyasına yeni səslənmə verir, memarlıq təsirini və həcmi plastikanı genişləndirir. Klassik üsullarla memarlıq formalarının yaradılması fasad səthinin güclü stilobat və birinci mərtəbənin iri daş bloklardan ibarət olan rustovka hissəsinə ayrılmasına səbəb olmuşdur. Belə monumental bölümün fonunda yüngül portiklərin mütənasibliyinin maraqlı təsir gücü vardır. Fasadın həcmi elementlərinin təzadlı nisbəti şəhər inşaatında yeni kmpozisiya sistemlərinin modeli kimi çıxış edir.[10]

Sarayın bağa (solda) və Niyazi küçəsinə (sağda) baxan fasadları

İkinci mərtəbənin rizalitləri qoşa korinf sütunları ilə qeyd ediliblər və divardan xeyli kənara çıxmaqla portikləri xatırladırlar. Onlar birinci mərtəbənin portikləri ilə səsləşərək maraqlı plastik kompozisiya təşkil edirlər. Binanın forma üzərində yüksələn klassik obyekt-fəza strukturu meydana gəlir.[9]

Aşağı mərtəbənin sıx üfüqi bölümləri ikinci mərtəbənin rustovkasına yumşaq keçid alır. İkinci mərtəbənin fasadı rizalitlərin üzərində yerləşən qabarıq profillənmiş yarımçevrəvi pəncərə yerləri və ritmik düzülən, zəngin haşiyələnmiş düzbucaqlı pəncərə yerləri ilə təmsil olunmuşdur.[10]

Mərkəzi rizalit karnizin üstündə üçbucaqlı fronton, heraldik element və heykəl təsvirləri ilə çıxış edir. Memar Fon der Nonne özünəməxsus tərzdə mərkəzi hissəni qabarıq bədii forma ilə qeyd etməyə çalışmış və həmin forma üzərində dekorativ riflənmiş günbəz yerləşdirilmişdir. Binanın həcmi-fəza kompozisiyasında memarlıq detalları olan mürəkkəb üslublu qabarıq profillənmiş karniz seçilir.[9]

Mərkəzi rizalit karnizin üstündə üçbucaqlı fronton, heraldik element, qoşa muza heykəlləri və dekorativ riflənmiş günbəz.

Portiklərin sütunlarının yaxşıca aydın çəkilmiş klassik formaları, rizalitlərin korinf orderləri, pəncərə haşiyələrinin incə profilləri, birinci mərtəbənin isə yüngülcə yonulmamış daş fonunda mənidar plastikası sarayın memarlıq kompozisiyasının tamlığını və təntənəliyini yaradırlar.[8]

Fon der Nonnenin binası — əsas fasadda portiklərin, yanda – lociyaların və digər plastik vasitələrin fəal surətdə istifadəsi yolu ilə yaşayış evinin həcmli-məkan həllinin ilk cəhdidir. Bina planlı və memarlıq həllinin fərdiliyi ilə seçilir: pəncərələri əsas fasada yönəlmiş otaqların anfiladası zallarla tamamlanır. Pilləkənlər və tualetlər də daxil olmaqla, bütün otaqlar birinci işıqla işıqlandırılır. Hazırkı halda, qonşuluqdakı tikililərdən azad olan boş sahə memara öz binasını tamamlamamış və bütöv orqanizm kimi təfsir etmək imkanı verdi.[11]

Bütün korpus boyu profillənmiş stilobatla iki mərtəbəyə bölünmüş Niyazi küçəsi tərəfdən fasad, dərin olmayan rizalitlərlə xüsusi olaraq nəzərə çarpdırılmaqla üç mehvərə malikdir. Mərkəzi mehvər, həm də kiçik günbəzlə nəzərə çarpdırılmışdır. Fasadın bütün kompozisiyası girişləri xüsusi olaraq nəzərə çarpdıran İoniya orderinin yüngül lociya-portikləri ilə zənginləşdirilmişdir. Bu üsul fasadın mənzərəli kompozisiyasının yaradılmasına səbəb olurdu. Aydın görsənən portiklərin sütunlarının klassik formaları, rizalitlərin korinf orderi, pəncərə haşiyələrinin incə profilləri, birinci mərtəbənin dərin, ikinci mərtəbənin isə yüngül yonulmamış daşları fonunda gözəl plastika kompozisiyasının təmtəraqlığını yaradır.[8] Saray, Bakı şəraitində buna bənzər tikililər üçün nadir xüsusiyyətlərə — yan fasada bitişən, xüsusilə 1930-cu illərdə torpaq sahəsinin yerinə yetirilmiş yenidənqurulmasından sonra fasadların gözəl seyr edilməsi xüsusiyyətinə malikdir. Memar K. İ. Sençikov tərəfindən sarayın həcmi yenidən salınmış bağçanın kompozisiyasına daxil edilmiş və bunun sayəsində bütöv ansambl yaradılmışdır.[12]

İnteryeri

İnteryerlər Venesiya güzgüləri salınmış yarımçevrəli tağların iştirakı ilə klassik motivlərlə təmtəraqlı işlənib.[7] Divarlar dekorativ işlənmiş panellərə bölünüb. Qoşa korinf pilyastrları interyerləri bəzəyir. Otaqların kompozisiya quruluşunu açıqlayan konik kanniürlü sütunlar interyerlərin ən fəal həcmi elementləridir. Sütunlar divarlardakı ekranların qarşısını tutmur, əksinə yanlardan yerlşərək müəyyən fəza mühiti yaradırlar.[13]

Memar N.A. fon der Nonne ikinci mərtəbənin künc otaqlarından birində yerli memarlıq ənənələrinə özünəməxsus hörmət kimi şərqsayağı interyer yaratmışdır. Fon der Nonnedən sonra bir çox Bakı memarları tərəfindən bu ənənə qəbul edilmişdir. Əzizbəyovların evi, Musa Nağıyevin evi, Rılskiy qardaşlarının evi, Tağıyevin sarayı və başqa tarixi Bakı binalarında şərq üslublu zallar saxlanmışdır.[13]

Debur sarayının ikinci mərtəbəsində baş fasad tərəfə yönələn, təntənəli qəbullar üçün nəzərdə tutulmuş iki ayrı zal vardır. Bina planının sağ və sol tərəfində olan uzun, düz dəhlizlər bütün otaqları anfilada sistemi ilə birləşdirirlər. Zallar böyükdür, köndələn divarlarda yan tərəflərdən sütunlarla bəzənib. Bu, memar Fon de Nonnenin sevimli üsullarındandır.[13] Zalın quruluşuna ayrıca dayanan öçölçülü dairəvi sütunların daxil edilməsi dekorativ plastika ilə dolğun olan interyer məkanını xeyli dərəcədə zənginləşdirir. Sütun və zalın tilinə yaxın yerləşən yarımhəlqəvi divar oyuğu iri tağlı yumşaq və məhrəm bir atmosfer yaradır. N.A. fon der Nonne layihələndirdiyi yaşayış binalarının interyerində tez-tez belə memarlıq elementlərindən istifadə edirdi. Sütunun yanında güzgü haşiyəli buxarının olması da interyerdə tətbiq edilən yeni formadan xəbər verir.[7]

İstinadlar

  1. 1 2 3 4 5 Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков Arxivləşdirilib 2017-09-11 at the Wayback Machine / Под ред. проф. В. И. Пилявского. — Ленинград: Стройиздат, 1978. — 215 с.
  2. 1 2 3 Р. М. Эфендизаде. Проспект Нариманова — принципы архитектурно-планировочного решения. — Известия Академии наук Азербайджанской ССР: Издательство Академии наук Азербайджанской ССР, 1980. — С. 111.
  3. Н. А. Рагимова. Научно-исследовательская работа в музее на основе фондов: на примере Азербайджанского государственного музея искусств им. Р. Мустафаева. Arxivləşdirilib 2015-02-24 at the Wayback Machine // журнал : Вопросы музеологии. — 2010.
  4. 1 2 3 4 Тамара Гумбатова. Дебуровский дворец Arxivləşdirilib 2021-07-31 at the Wayback Machine// литературный портал : Проза.ру. — 2012
  5. 1 2 3 4 5 "İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib". president.az. Azərbaycan Respublikasının Preziden Apparatı. 18 dekabr 2018. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2018.
  6. 1 2 Mühəndis-polkovnik N.A. Fon Der Nonne, 2013. səh. 22
  7. 1 2 3 Mühəndis-polkovnik N.A. Fon Der Nonne, 2013. səh. 24
  8. 1 2 3 Bakının memarlıq ensiklopediyası, 2013. səh. 130
  9. 1 2 3 4 Mühəndis-polkovnik N.A. Fon Der Nonne, 2013. səh. 26
  10. 1 2 3 4 5 Mühəndis-polkovnik N.A. Fon Der Nonne, 2013. səh. 25
  11. Bakının memarlıq ensiklopediyası, 2013. səh. 128
  12. Bakının memarlıq ensiklopediyası, 2013. səh. 129
  13. 1 2 3 Mühəndis-polkovnik N.A. Fon Der Nonne, 2013. səh. 23

Ədəbiyyat

  • Fətullayev-Fiqarov, Şamil, Mühəndis-polkovnik N.A. Fon Der Nonne, Bakı: Şərq-Qərb, 2013
  • Fətullayev-Fiqarov, Şamil, Bakının memarlıq ensiklopediyası, Bakı: Şərq-Qərb, 2013

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!