Məhəmməd Füzuli heykəli (Bakı)

Füzulinin heykəli
Xəritə
40°22′31″ şm. e. 49°49′55″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Yerləşir Füzuli meydanı
Heykəltaraş Tokay Məmmədov
Ömər Eldarov
Memar Hacı Muxtarov
Tikilmə tarixi 19581963
Material bürünc, qranit
İstinad nöm.451
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Füzuli heykəli (Bakı)
Füzuli heykəli

Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 19581963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay MəmmədovÖmər Eldarov, memarı isə Hacı Muxtarovdur.

Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər.

Tarixi

Heykəl üçün elan edilmiş müsabiqəyə Mirəli Mirqasımov tərəfindən təqdim olunmuş eskiz.

1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir.[1] Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay MəmmədovÖmər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir.[1]

Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər.[2] Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər[2] olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.[1]

Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir.[3] Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.[4]

Heykəlin işlənməsini xatırlyarkən T. Məmmədov deyir ki, “ İlk işlərimdən biri də Füzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu. Füzulinin heykəli üçün elan olunan müsabiqədə layihəmiz birinci yerə çıxdı. Ömərə dedim, gəl mənimlə işlə, kömək elə. Şəhərləri gəzdik, axtarış apardıq, daşları tapdıq.”[5]

Abidənin açılışı 1963-cü ildə baş tutur.[6]

Təsviri

Məhəmməd Füzulinin heykəli qranit postament üzərində ucalan bürünc heykəldən və postament qarşısında yerləşən fəvvarədən ibarətdir.

Heykəl

Heykəl 12 metr hündürlüyə malikdir.[7] Şairin üzünün cizgiləri, alnında, qaşlarının arasındakı xəfif qırışlar onun gərgin fikirlərlə yaşadığı və həyəcan keçirdiyi anları təsvir edir.[8]

Füzulinin bədii obrazı ilk dəfə başqa bir Azərbaycan heykəltaraşı Fuad Əbdürrəhmanov tərəfindən yaradılmışdır.[9] Belə ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının fasadı işlənərkən, fasadı bəzəyən heykəllərdən birinin Füzulinin heykəli olması nəzərdə tutulur və elan edilmiş müsabiqədə Fuad Əbdürrəhmanovun layihəsi qalib gəlir.[9] Sənətkarın 1939-cu ildə muzey binası üçün yaratdığı Füzuli obrazı sonradan şairin xalq tərəfindən, daha sonra isə rəsmən qəbul edilmiş portreti kimi tanındı.[9] Füzulinin heykəli hazırlanarkən heykəltaraşlar F. Əbdürrəhmanov tərəfindən yaradılmış obrazın ümumi cigilərinə sadiq qalmışlar.[10]

Heykəlin həmmüəllifi olan Ömər Eldarov da açılış zamanı xüsusi minnətdarlığın Məmmədova aid olduğunu bildirib. Hər iki sənətkar əsərlərində qəhrəmanın psixoloji aləminə, ruh dünyasına endiyindən və əsas prioritet məqam kimi daxili vəziyyəti əks etdirdiyindən Füzuli heykəli çox uğurlu məhsul kimi alınıb. Çünki heykələ diqqət yetirəndə sanki öz daxili dünyasında səyahət edən bir müdriklik səyyahını görürük. O sanki səyahət zamanı bütün əbədiyyəti gözləri qarşısına gətirir. Bir əlində "Divan" tutan, digər əlini isə çənəsinə söykəyən şair sanki keçmişdən bu günə, bu gündən gələcəyə, gələcəkdən də əbədiyyətə uzun bir yolçuluqdadır. Onun yolçuluğu fikir yolçuluğudur və bu əbədiyyətə qədər davam edəcəkdir. Müəlliflər fəlsəfə ilə kədəri, müdrikliklə hüznü çox gözəl sintez edə biliblər. Hansı səmtdən baxılırsa baxılsın, o öz görüm nöqtəsini itirmir. Uzaqdan başqa, yaxından isə tamam başqa təəssürat yaradır. Sağdan baxanda ayrı məqamlara, soldan baxanda isə ayrı məqamlara toxunulub. Amma rakurs fərqinə baxmayaraq heykəl vahid kompozisiyaya tabedir. Burada hər bir kiçik detal belə bu kompozisiya ilə, heykəldəki Füzuli ruhu ilə ahəngdədir. Bu ahəngin kökündə isə milli təəssübkeşlik və Şərq mənəviyyatı dayanır.[7]

Heykəlin postamentində Leyli və Məcnun təsviri.

Postament

Postamentə müəmmalı ağır yükün ağırlığı altında beli bir qədər bükülmüş, bədənini ifadəli şəkildə örtərək cizgilərini nəzərə çarpdıran geniş bürüncəkli yaşlı adam dayanmışdır. Aydın cızılmış venaları olan sağ əl coşğu halda yaxud təlaş içində üzə söykənib.[11] Digər əldə isə kitab var. Aşağı salınmış başın qəmli dönməsində kədər hiss olunur. Qaşlar arasındakı dərin büküklər, mütəfəkkirin alnını kəsib keçən qırışlar – yaşananların, dərk edilənlərin acısı, həyatı və onun qəm-qüssəsini dərk edən obrazın emosional dolğunluğunu artırır.[11]

Postament, mahiyyət etibarilə abidənin ayrıca memarlıq hissəsi olmaqla yanaşı, ümumi obraz həllinin mühüm məna yükü daşıyan bərabərhüquqlu iştirakçısıdır.[11] O, konkret olaraq təsviridir, onun qranit qorelyefində olduqca zərif lirik olan Füzulinin poetik personajları təsvir edilib. Yaradıcılığının sonrakı dövründə Tokay Məmmədov pyedestalla heykəlin ayrılmazlığı ideyasını daha da inkişaf etdirir, Koroğlunun heykəlində bu inkişaf aydın şəkildə gözə çarpır.[11]

Qəbulu

Heykəltaraşların Füzuli heykəli 1963-cü ildə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb.[8]

İstinadlar

  1. 1 2 3 Şeyxov, 2012. səh. 20
  2. 1 2 Şeyxov, 2012. səh. 19
  3. Qacar, 2012. səh. 17
  4. Qacar, 2012. səh. 18
  5. Zeynallı, Cavid. "Tokay Məmmədov: "Füzulinin heykəlinə görə Ömər Eldarovu köməkçi götürdüm, mükafat alanda adını birinci yazdırdı"". apa.az. APA. 19 İyun 2015. 20 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  6. Qacar, 2012. səh. 19
  7. 1 2 ""Məhəmməd Füzuli": hüznü daşa belə yazdılar". day.az. 21 октября 2013. 22 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  8. 1 2 Zeynalov, Azad. "Heykəltəraşlığımızın canlı klassiki". xalqqazeti.com. Xalq qəzeti. 20.12.2017. 27 January 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  9. 1 2 3 İbrahimov, 2012. səh. 15
  10. Nuri, Elmin. "Nizami və Füzulinin görkəmi nəyə əsasən müəyyən edilib?". moderator.az. 31/05/2017. 25 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2018.
  11. 1 2 3 4 Şeyxov, 2012. səh. 21

Ədəbiyyat

  • Şeyxov, Yusif. Tokay Məmmədov (Sərvət silsiləsi). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.
  • Qacar, Gülrəna. Ömər Eldarov (Sərvət silsiləsi). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.
  • İbrahimov, Telman. Fuad Əbdürrəhmanov (Sərvət silsiləsi). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!