Erməni tərəfinin iddiasına görə, noyabrın 12-də erməni hərbi helikopterinin düşdüyü yerdə 8 saatdan artıq intensiv döyüş davam edib və ermənilər helikopterin düşdüyü yerə yaxınlaşa və üç pilotun cəsədini çıxara bilməyiblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə öz növbəsində bu iddianı inkar edərək bildirib ki, "erməni hərbi helikopterinin vurulduğu ərazidə və qoşunların təmas xəttinin digər istiqamətlərində intensiv döyüşlər getmir", "həmişəki kimi, atəşkəs pozulur". Ermənilər ümid edirdi ki, vurulmuş helikopterin ekipaj üzvlərindən birinin sağ qalması mümkün ola bilər.[3] Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, helikopter Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərqdə vurulub və Ağdam rayonunun Çəmənli kəndi yaxınlığında, Azərbaycan mövqelərindən 500 metr aralıda Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə düşüb, hadisə yerinə Azərbaycan Silahlı Qüvvələrinin texnika və şəxsi heyəti göndərilib.
Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin sözçüsü David Babayan Azadlıq Radiosunun erməni xidmətinə vurulan helikopterdə 3 ekipaj üzvünün öldüyünü təsdiqləyib. O qeyd edib ki, vurulan helikopter hərbi əməliyyat keçirmirmiş. Həmçinin, Ermənistan müdafiə nazirinin sözçüsü Arçrun Ovanisyan isə öz facebook səhifəsində bu insidentə görə Azərbaycanı hədələyib.
ATƏT-in baş katibi Lamberto Zannier BrüsseldəAvropa Parlamentinin Xarici əlaqələr komitəsində dinləmədə hadisənin münaqişənin kəskin qızışmasına təkan verə biləcəyini söyləyib.
Populyar mədəniyyətdə
Əsgərlərin "Vur, komandir vur!" deməsi sosial mediada və KIV-lərdə "partlayış" edib.[5][6] Bəzi sosial media istifadəçiləri Facebook və Twitter şəbəkələrində əsgərlərin cümləsini #VurKomandirVur heşteqilə şərh ediblər.[7] 2015-ci ildə Bakıda "Vətənin müdafiəsinə hazıram!" mövzusuna aid sərgidə "Vur, komandir, vur" əsəri diqqət çəkən rəsmlərdən biri olmuşdur.[8]