Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.[4] Mərkəzi Xırdalan şəhəridir.
Tarixi
Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksəkixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir.
Etimologiya
Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar "Abşeron" sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası "Şor su" deməkdir. Bir çox alimlərin fikrincə isə "Abşeron" oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur. Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında məlumat verilmişdir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdır. Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti ələ ala bilmişdilər. Belə olan şəraitdə əfşarların adı Azərbaycan toponimiyasında öz əksini tapdığı güman edilir. Odur ki, Abşeron toponiminin "əfşar yaşayan yer" kimi izah olunması məntiqə daha çox uyğun gəlir.[5]
Coğrafi mövqeyi
Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir.
Abşeron rayonu şimaldan Sumqayıt şəhəri ilə, şimali-qərbdən Xızı rayonu ilə, qərbdən Qobustan rayonu ilə, cənubi-qərbdən Hacıqabul rayonu ilə, şərqdən isə Bakı şəhəri ilə qonşudur.
Təbiəti
Rayonun əsas bitki örtüyünü yarımsəhra efemerləri təşkil edir. Bunlardan başqa yovşan, şorangə, ətli şorangə, kəngiz və s. geniş yayılmışdır.
Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. Həmçinin püstə, badam, əncir və zeytun ağacları da Abşeron yarımadasında yetişdirilən ağaclardır.
Abşeronda becərilən yem bitkiləri bunlardı: yovşan, tüksüz biyan, yonca, sərt quramat, sahil tonqal otu, bozqır pişikquyruğu, barmaqvari çayır, pomidor, badımcan, kök, soğan.[6]
İqlimi
Abşeron rayonu ərazisində yayı quraq keçən mülayim-isti yarımsəhra iqlimi hakimdir. Bu mülayim iqlimi Cenubi Avropa ölkelerinede aiddir. Havanın orta temperaturu 10–140C, yanvarın temperaturu — 30C, iyulunku isə 20–270C arasında olur. Günəşli saatların illik miqdarı 2440–2445 saat, ümumi günəş radiasiyasının illik miqdarı 130–135 kkal/sm2, illik yağıntının miqdarı isə 200–250 mm-ə çatır. Rütubət çatışmazlığı 700–945 mm təşkil edir. Nisbi rütubətlik il ərzində cüzi (20–30%) və zəifdir (30–50%). Bütün Abşeron yarımadası üçün eyni iqlim şəraiti xarakterikdir, lakin onun landşaftları relyefin hündürlüyündən, meyilliyindən, parçalanmasından asılı olaraq müxtəlif sahələrdə nisbətən fərqlənir.
Rayonda demək olar ki, hidroqrafik şəbəkə yoxdur. O, ancaq Sumqayıtçayın aşağı axınları və bir hissəsi yayda quruyan bir neçə duzlu göllərlə təmsil olunur. Yarımadada həm də müvəqqəti axarların qalıqları olan çoxlu çökəkliklər var. Onların yaranması və inkişafı göl-şorakətləşmə-deflyasiya prosesləri ilə əlaqədardır. Bir qayda olaraq onlar ilin soyuq dövründə su ilə dolur, yayda isə dibdə çökən gilli materiallardan ibarət nazik pərdə şəklində olan duzlu qabıq şoranlıqlar əmələ gətirir.
İqlimin quraqlığı arid-denudasiya, şoranlaşma-deflyasiya relyef formalarının geniş yayılmasına səbəb olmuşdur.
İqlim şəraitinə uyğun olaraq yarımadada humusun miqdarının az olduğu (1–1,5%) boz və boz-qonur torpaqlar çox yayılmışdır. Müsbət formalı relyef sahələrində quraq iqlim şəraitində aşınma prosesinin intensivliyindən asılı olaraq primitiv və ibtidai torpaqlar üstünlük təşkil edir. Axarsız çökəkliklərdə və zəif axımı olan düzənliklərdə şorakətləşmiş torpaqlar formalaşmışdır.[6]
Yaşayış məntəqələri
Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad,Nübar, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəkəşkül, və Novxanı) vardır.
Əhalisi
Əhalisi 1 aprel 2006-cı il tarixinə əsasən 102,5 min nəfərdir və əsasən Azərbaycan Türklərindən ibarətdir.
Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 16872 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 2023-cü ilə əsasən əhalinin sayı 491316 nəfərdir.
İnzibati dairələri
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən (Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Güzdək, Hökməli, Digah, Aşağı Güzdək qəsəbələri və Məmmədli, Novxanı, Masazır, Fatmayı, Görədil Pirəkəşkül-Qobustan kəndlərindən) ibarətdir.
Rayon ərazisində 64 idarə və müəssisə, 11 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana və otel fəaliyyət göstərir. İşçilərin sayına görə ən iri müəssisələr olan "Azbentonit" MMC (589 nəfər) "Bakı Baltika" MMC (256 nəfər) "Mətanət-A" MMC (175 nəfər) işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 123637 nəfərdir. O, cümlədən sənayedə çalışanların sayı 4120 nəfər, tikintidə 3271 büdcə təşkilatlarında 10326 nəfər, təhsildə 4121 nəfər, səhiyyədə 1020 nəfər digər sahələrdə 105920 nəfərdir.
Bələdiyyələr və nümayəndəliklər
İqtisadi xarakteristikası
SSRİ dövrü
Sovetlər birliyi dövründə Abşeron rayonu inkişaf etmiş sənaye-aqrar bölgə olmuşdur. Abşeron rayonu kompleksli inkişaf etmiş şəhərətrafı kənd təsərrüfatı rayonu olub. Burada tərəvəzçilik, südlük və ətlik heyvandarlıq, üzümçülük, quru subtropik meyvəçilik inkişaf etmişdi. 1975-ci ildə burada 31 sovxoz, quşçuluq fabrikləri, tərəvəz kombinatları vardı. Bu təsərrüfatlar Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təchiz edirdi. Həmin ildə rayonda kənd təsərrüfatına yararlı torpaqların sahəsi 160,2 min hektar olub. Bunun 23,2 min hektarı toxum yeri, 5,8 min hektarı çoxillik bitkilər, 8,7 min hektarı dincə qoyulmuş torpaqlar, 0,7 hektarı biçənəklər, 121,8 hektarı otlaqlar idi. 12,3 min hektar əkin sahəsinin 23%-ində dənli və dənli-paxlalı bitkilər, 1%-ində texniki bitkilәr, 14%-ində kartof və tərəvəz-bostan bitkiləri, 62%-ində yem bitkilәri əkilirdi. Subtropik bitkilərin sahəsi 3,3 min hektar, üzümlüklər 2,5 min hektardır. Sovxozlarda 14,6 min qaramal (o cümlədən 4,4 min inək və çamış), 111,5 min davar, 14,3 min donuz, 1,4 mln. quş vardı (1975). 1975-ci ildə sovxozlarda 14,6 min ton tərəvəz istehsal edilmişdir. 1970-ci ildə Xırdalan qəsəbəsində o vaxt ölkənin ən iri yeyinti sənayesi müəssisələrindən biri olan pivə zavodu işə salınmışdır.[8]
Müstəqillik dövrü
Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur. Bakı—Moskva dəmiryolu, Bakı—Sumqayıt elektrik dəmiryolu, Bakı— Dərbənd, Bakı—Qazax şose yolları Abşeron rayonu ərazisindən keçir.
Səhiyyə
Hazırda Abşeron rayonunda 20 səhiyyə müəssisəsi və şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir. Bu müəssisə və mərkəzlər aşağıdakılardır:
- Mərkəzi Xəstəxana — Bakı-Sumqayıt şösesi, Vaz dairəsinin yanı
- Saray qəsəbə Xəstəxanası — Saray qəsəbə, Mikayıl Ələkbərov küç.
- Qobu qəsəbə Xəstəxanası — Qobu qəsəbə, Aşur Həsənbalayev küç.46
- Xırdalan şəhər Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12
- Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi — Xırdalan şəhər, Heydər Əliyev prospekti 185
- Uşaq Poliklinikası — Xırdalan şəhər, Məhəmməd Əmin Rəsulzadə küç.12
- Ceyranbatan qəsəbə Həkim Ambulatoiyası — Ceyranbatan qəsəbə, Nizami 3
- Digah qəsəbə Həkim Ambulatoriyası — Digah qəsəbə, Səməd Vurğun küç
- Mehdiabad qəsəbə Həkim Ambulatoriyası — Mehdiabad qəsəbə, Əzizbəyov küç.10a
- Hökməli qəsəbə Həkim ambulatoriyası — Hökməli qəsəbə, Mirzağa Əliyev küç.11
- Aşağı Güzdək qəsəbə Həkim Ambulatoriyası — Aşağı Güzdək qəsəbə, T/Məmmədov küç.2
- Güzdək qəsəbə Həkim Ambulatoriyası — Güzdək qəsəbə, Elman Heydərov küç.
- Fatmayi kənd Həkim Ambulatoriyası — Fatmayi kənd, Əliağa Ağayev küç.
- Məhəmmədi kənd Həkim Ambulatoriyası — Məhəmmədi kənd, Əlibayramov küç.31
- Masazır kənd Həkim Ambulatoriyası — Masazır kənd, Əliağa Vahid küç.
- Novxanı kənd Həkim Ambulatoriyası — Novxanı kənd, İlqar Abdullayev küç.
- Pirəküşkül Feldşer Mama Məntəqəsi — Pirəküşkül kənd, Xoşbəxt Məmmədov küç.
- Qobustan Feldşer Mama Məntəqəsi — Qobustan kənd, Cəfər Cabbarlı küç.
- Görədil kənd Feldşer Mama Məntəqəsi — Görədil kənd, İlqar Yusifov küç.
- Güzdək Hərbi Hissə Feldşer Mama Məntəqəsi — Güzdək qəsəbə
Mədəniyyət və təhsil müəssisələri
Hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi əhaliyə xidmət göstərir.
Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 36 ümumtəhsil məktəbləri, 22 uşaq bağçaları, "uşaq gənclər"i idman məktəbi fəaliyyət göstərir.
Maddi-mədəni irsi
Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd "Dəvəlik" adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır.
XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsinə xidmət edir.
Rayon ərazisində orta əsrlər üçün mədəni həyat tərzinin göstəricisi olan ictimai hamamların bir neçəsi qorunub saxlanılmışdır. O cümlədən, XIX əsrdə Qobuda Hacı Kazım tərəfindən, Xırdalanda Məşədi İmam Baxış tərəfindən inşa edilmiş hamamların tikililəri qalmaqdadır. Qədim Abşeron kəndlərində su ilə təminatda çox mühüm rol oynamış övdanlar Güzdək və Xırdalan yaşayış məntəqələrinin ərazisində indiyədək qalmaqdadır.
Rayonun ərazisində digər tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda, Masazırda, Hökməlidə və Sarayda XIII–XVIII əsrlərə aid türbələrin və s. qalıqları mövcuddur.
Abşeron rayonunda kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən[9][10] və "Abşeron" qəzetidir.
Regionun tarixi inkişafı
Abşeron möhtəşəm əhəngdaşı, zəfəranı, duzu, üzüm bağları, nadir balıqların rast gəlindiyi və çox qədim zamanlardan Avropa və Asiyada çox tanınan neft ehtiyatları ilə zəngindir. Bu zəngin təbiət xəzinəsində, Abşeron memarlığı xüsusi yer tutur. Memarlıq hər bir dövlətin yüksək mədəniyyətinin göstəricisidir.[11]:3
Abşeronu tarixi nöqteyi nəzərindən Şirvanşahlar sülaləsi (XI–XV əsrlər), Səfəvilər (XVI–XVIII əsrlər), Bakı xanları və kapitalizm dövründən başlayaraq araşdırmaq olar. Hər bir dövr ümumi memarlıqda öz izlərini qoymuşdur. İqtisadi imkanlardan və siyasi stabillikdən asılı olaraq müdafiə tikililəri, yaşayış, mülki və dini binalar ucaldılırdı və bu tikintilər müxtəlif formalarda aparılırdı. Bütün bunlar Şirvan Abşeron kəndlərinin tarixinin inkişafına və formalaşmasına şərait yaradırdı.
Bir zamanlar Abşeron müəyyən bir səbəblərdən ticarət yollarından, xüsusilə də, yarımsəhra Qobustan yolları ilə kəsişməsi səbəbindən böyük İpək Yolundan kənarda qalmışdı, lakin qədim dövrlərdən tanınan neftə, duza, zəfərana sahib olması və Xəzər dənizi sahilində yerləşməsi onu beynəlxalq əlaqələrinin yaranmasına imkan verirdi. Zəngin təbii sərvətlərin və coğrafi imkanların vəhdəti Abşeronun 39 tarixi məntəqəsində özünəməxsus memarlıq şəhərsalma mədəniyyətini yaratmağa imkan verirdi.
Abşeronda mövcud olan yerləşmə məntəqələri, sərbəst şəhərsalmanın inkişaf etməsi və formalaşması sistemində irəliləməsinə, ölçü cəhətdən böyük ərazi həllərinin yaranmasında xüsusi rol oynamışdılar. Şirvanşahlar dövrü bütünlüklə Abşeron ərazisində böyük qalaların, sarayların, müdafiə tikililərinin yaradıldığı bir dövr idi. Şirvanşah III Mənuçöhrün (1120–1160) və onun oğlu Axsitanın (1160–1196/97) adları Mərdəkan kəndindəki sarayların üzərinə həkk olunmuşdur. Bakı divarlarının tikintisi, böyük Şirvanşah Əbü-l-Hacı Mənuçöhrün adı ilə bağlıdır. İstehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmalarda sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir. Məhz bu tikililər Abşeronun yaşayış məntəqələrinin inkişafına köməklik etdi və bunun sayəsində Buzovna, Mərdəkan, Maştağa, Bilgəh, Nardaran, Ramana və digər kəndlərin əsas şəhərsalma mövqeyi formalaşdı.
Abşeronda mövcud olan saraylar artıq öz yerli əhəmiyyətini itirdikləri zaman, əhali digər tikinti istiqamətində intensiv olaraq çalışmağa başladılar və zamanla məhəllə üslublu dini tikililər, ictimai mərkəzlər yaranmağa başladı.
Səfəvilər dövrü Abşeronun memarlığında, yaşayış məntəqələrinin inkişafında yeni bir dönəm oldu. II Şah Abbasın dövründə Nardaranda tikilimiş karvansara üslublu mülki tikililəri buna nümunə olaraq göstərilə bilər. Səfəvilər dövrü memarlıq abidələrini Şirvanşahlar dövrü ilə müqayisə edərkən istər məkan ölçüsü, istərsə də memarlıq planlaşdırma baxımından tamamilə fərqli üslub istiqamətində olduğunu deyə bilərik. Burada istiqamət mülki və dini memarlıq tərəfinə doğru dəyişdi və bu Abşeronun yeni- iqtisadi inkişaf şərtləri ilə əlaqədar idi
Bakı xanları dövrü Abşeronun kapitalizmə qədəm qoymazdan əvvəl son dövrü idi və bu dövr kəndlərin intensiv inkişafı, Bakı ilə yanaşı Buzovna, Maştağa və Şüvəlanda xan saraylarının, məscidlərin, hamamların, ovdanların, məqbərələrin inşası ilə müşahidə olunur.
Kapitalizm dövrü Abşeronun infrastrukturunu dəyişərək, tarixi kəndlərin patriarxallığını məhv etdi. İrimiqyaslı neft sənayelərinin və neftayırma zavodlarının inşası yerli kapitalın böyüməsinə və burjuaziyanın formalaşmasına səbəb oldu, bu isə onlara dünya bazarına çıxmağa şərait yaratdı. Bu dövrdə, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağa Murtuza Muxtarov, İsa bəy Aşurbəyov, Kərbalayi İsrafil Hacıyev, Hacı Mustafa Rəsulov, Əmiraslanov qardaşları və digər bu kimi Bakı milyonçularının meydana çıxması Azərbaycanın milli tarixində öz damğasını vurmuşdur.[11]:7-13
Tarixi abidələr
Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır:
Görkəmli şəxsləri
- Xırdalan şəhəri:
- Bilgəh qəsəbəsi:
- Əbdülkərim Əlizadə — şərqşünas, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı Laureatı
- Əliheydər İbrahimov — Sovet Ordusu hərbçisi, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qvardiya-mayoru
- Fərrux Zeynalov — iqtisad elmləri namizədi, əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi, 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri
- Ağaverdi Paşayev — dirijor, pedaqoq. Azərbaycan Respublikasının Xalq Artisti, Professor,Şöhrət ordeni,
- Sahib Paşazadə — Tarzən ,Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq Müsabiqələr Laureatı, Prezident Mükafatçısı,Tərəqqi medalı laureatı; — Ağaverdi Paşayevin oğlu
- Gülbala Əliyev — SSRİ-nin fəxri neftçisi, Azərbaycan SSR-nin neft ustası, Azərbaycan Neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı
- Mirmahmud Kazımovski — Azərbaycan SSRnin Əməkdar artisti, görkəmli teatr xadimi, dramaturq, rejissor. Rauf Kazımovskinin atası
- Tofiq Quliyev — bəstəkar, pianoçu, dirijor, Azərbaycan SSR-nin xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri
- Zeynal Cabbarzadə — şair, publisist, Azərbaycanın əməkdar mədəniyyət işçisi
- Saray qəsəbəsi:
- Qobu qəsəbəsi:
- Novxanı kəndi:
- Fatmayı kəndi:
- Masazır kəndi:
- Digah qəsəbəsi:
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Kəndlər | |
---|
|
---|
Muxtar respublika | |
---|
Rayonlar | |
---|
Respublika tabeli şəhərlər | |
---|
Muxtar Respublika tabeli şəhərlər | |
---|
Rayon tabeliyində olan şəhərlər | |
---|
Digər | |
---|
|
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |