Əliheydər Əliqulu oğlu İbrahimov (24 dekabr 1906, Bilgəh, Bakı qəzası – 6 noyabr 1953, Bakı) — Sovet hərbi qulluqçusu, Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qızıl Ordunun qvardiya mayoru.
Həyatı
Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Onun divizionu Brest şəhərinə birinci girmiş, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara almış, hər iki gözünü itirmişdir. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilmişdir. Hər iki gözünü itirməsinə baxmayaraq onun qəlbində düşmənə qarşı qəzəb və intiqam almaq hissi var idi. O, dəfələrlə bu sözləri təkrar edirmiş: "Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alıb qanımı yerdə qoymazlar". Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşdığına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı. Vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis edirlər.
Ölümü
Əzmkar hərbçi, mətin qəhrəman bu ağrılı həyatına 9 il dözür. 1953-cü ilin 6 noyabrında ömrünün 47-ci ilində həyatla vidalaşmışdır. Cənazəsi doğulub boya-başa çatdığı Bakının Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.
1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyuldu. Son anlarınadək onun qayğısına qalmış həyat yoldaşı Asya xanıma isə 1958-ci ilin 12 fevralında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fərman verilmişdir: "Sovet Ordusunun döyüşçüsü, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, qvardiya mayoru Əliheydər İbrahimova qulluq edərkən göstərdiyi fədakarlıq, diqqət və qayğı üçün Asya Səracəddin qızı Hüseynzadə yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilsin".
Mükafatları
Azərbaycanın bu mərd oğlu göstərdiyi qəhrəmanlıq və şücaətə görə SSRİnin orden və medalları ilə təltif olunmuşdur. Əliheydər İbrahimov "Qırmızı Bayraq" ordeni, 2 dəfə Aleksandr Nevski ordeni, "Qırmızı Ulduz" ordeni, "Şərəf nişanı" ordeni, "Döyüş xidmətlərinə görə" medalı, "Qafqazın müdafiəsinə görə" medalı medalları ilə təltif olunmuşdur.