Süleyman Çələbi
Süleyman Çələbi və ya Əmir Süleyman (1377, Kütahya – 17 fevral 1411, Konstansa, Silistrə əyaləti) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin oğlu, Fetrət dönəmində sultanlığını elan edən Osmanlı şahzadələrindən biri.[1]
Həyatı
İlk illəri
Şahzadə Süleyman Çələbi 1377-ci ildə Kütahyada dünyaya gəldi. Atası Sultan Murad Hüdavəndigarın oğlu və o illərdə Kütahya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə kənizlərindən biridir. 1387-ci ilin iyununda Bursa yaxınlığındakı Yenişəhərdə keçirilən mərasimlə qardaşları Ərtoğrul və İsa Çələbiylə birlikdə sünnət edildi. Eyni mərasimlə babası Sultan Murad Hüdavəndigar, atası Şahzadə Bəyazid və əmisi Şahzadə Yaqub Bizans imperatoru II Manuilin qızlarıyla evləndilər.[2]
Bu mərasimin ardından babasının əmriylə Rumeliyə keçən Süleyman Çələbi sədrəzəm Çandarlı Əli Paşanın idarəsindəki Osmanlı ordusuyla indiki Bolqarıstanın şimal torpaqlarının fəthində iştirak etdi. Çox keçmədən 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə babası Sultan Murad Hüdavəndigar qələbə qazanmasına baxmayaraq sui-qəsd nəticəsində öldürüldü və ardından atası taxta çıxdı. Atası İldırım Bəyazidin Anadolu bəyliklərini birləşdirmə siyasəti nəticəsində, 1390-cı ildə işğal edilən Aydınoğulları bəyliyinin torpaqları Aydın sancaqbəyliyinə çevrildi və Süleyman Çələbi bölgənin idarəsinə gətirildi. Niqbolu döyüşündə (1396) iştirakının ardından 1398-ci ilin yayında Sivasa göndərilən Süleyman Çələbi burada Ağqoyunlu bəyi Qarayuluq Osman bəyi məğlub edərək bölgəni ələ keçirdi.[3][4] Bu qələbəsinin ardından 1400-cü ildə Manisa və Aydın sancaqbəyliyinə gətirildi. Ankara döyüşünə də (1402) məhz bu əyalətlərdən topladığı əsgərlərlə qatılmışdır.
Səltənət illəri
Hakimiyyəti ələ alması
Bəzi rəvayətlərə görə, Ankara döyüşündən öncə, Süleyman Çələbi atası İldırım Bəyazidə digər qardaşlarıyla birlikdə Teymurilərə ani bir basqın tərtibləməyi təklif etmiş, ancaq onun bu təklifi qəbul edilməmişdir. Döyüş zamanı Osmanlı ordusunun geri çəkildiyi əsnada sədrəzəm Çandarlı Əli Paşa, yeniçəri ağası Həsən ağa, Qara Timurtaş Paşa və Evrenos bəy kimi mühüm ordu mənsubları tərəfindən döyüş meydanından uzaqlaşdırılan Süleyman Çələbi Bursaya qaçdı. Ancaq Əmir Teymurun nəvəsi Əbubəkr Mirzənin onu təqib etdiyini anladıqdan sonra azyaşlı qardaşı Qasım Çələbi, bacısı Fatma Sultan və xəzinədən götürə bildiyi qədərini alaraq 20 avqust 1402-ci ildə Anadolu torpaqlarını tərk etdi və Gəliboluya sığındı. Burada bir müddət Əmir Teymurun Anadoludakı fəaliyyətlərini izləyən Süleyman Çələbi 1404-cü ilin əvvəllərinə qədər Anadoluya keçə bilmədi.
Rumelidəki fəaliyyətləri
Bu əsnada Ankara döyüşündəki məğlubiyyətdən istifadə edən Valaxiya knyazı Mirka Dunay çayı sahili boyunca bütün torpaqlarını geri almış, Moreya despotu Teodor Paloloq isə Osmanlılara aid 2 qalanı zəbt etmişdi. Süleyman Çələbi Balkanlardakı hakimiyyətini qorumaq məqsədilə Bizans, Venesiya və Genuya ilə sülhməramlı siyasət yürütdü. 20 sentyabr 1402-ci ildə Bizans imperatoru II Manuillə sülh müqaviləsi imzalayan Süleyman Çələbi Saloniki və ətraf bölgələrini Bizanslılara verməyə məcbur qaldı.[2] Yenə həmin ilin oktyabrında Valaxiya knyazı Mirkayla bağlanan sülhə əsasən, Dunay çayı boyunca işğal edilən torpaqlar Valaxiyaya geri verildi və qarşılığında knyaz Osmanlılara illik vergi verməyə öhdəliyinə götürdü. Beləcə, şimal sərhəddində sülhü təmin edən Süleyman Çələbi bir neçə həftə sonra Serbiya despotu Stefan Lazareviç üzərinə, Evrenos bəy isə Bodonitsa bölgəsinə hücumlar tərtiblədi. Bununla Balkanlardakı Osmanlı nüfuzunu yenidən gücləndirməyi hədəfləsə də, sülhməramlı siyasətini davam etdirdi. 1403-cü ilin fevralında Bizansla sülh müqaviləsi yeniləndi.[5] Üstəlik budəfəki sülhə Serbiya despotu Stefan Lazareviç, Rodos cəngavərləri, Genuya və Venesiya da daxil edilmişdi. Bu sülhlə Bizans imperiyası daha öncə Osmanlılara ödədikləri bütün vergilərdən azad edildi, bütün Bizans əsirləri azad edildi. Stefan Lazareviç Bizans dönəmində sahib olduğu torpaqlarını qorudu ancaq Osmanlılara əsgər təmin etməyi və illik vergi ödəməyi davam etdirdilər. Genuyalılar Qara dənizdəki ticarət koloniyaları üçün Osmanlılara ödədikləri ticarət vergisindən azad edildilər.
Bu sülh müqaviləsi Süleyman Çələbinin öldüyü 1411 tarixinədək qüvvədə qaldı. Buna baxmayaraq bəzi vaxtlar Venesiya ilə münasibətlər gərginləşdi və Egey dənizindəki adalarda müxtəlif siyasi çaxnaşmalar baş verdi. Bu iğtişaşların ardından 1409-cu ilin iyununda Venesiya ilə yeni bir sülh bağlandı.[6]
Anadoludakı fəaliyyətləri
Osmanlı dövlətinin Anadolu yarımadasındakı torpaqları üzərində Əmir Teymurun hakimiyyətini qəbul edən Süleyman Çələbi, o əsnada İzmir şəhərinin mühasirəsini (2 dekabr 1402 - 5 yanvar 1403) davam etdirən Əmir Teymurun göndərdiyi yarlıqla Rumelinin sultanı elan olundu. 1403 tarixli sülh müqaviləsiylə Balkanlarda müvəqqəti sülhü təmin edən Süleyman Çələbi Anadoludakı vəziyyətlə məşğul olmağa başladı. Kiçik qardaşı Mehmed Çələbi Ankara döyüşündən sonrakı ilk illərdə onun səltənətini qəbul etmiş, ancaq digər qardaşı İsa Çələbiylə Anadoluda mübarizəyə girişmişdi. İsa Çələbi isə 1402-ci ilin noyabrından etibarən Mərmərə dənizinin Anadolu sahillərində hakimiyyətini qoruyurdu.
Əmir Teymurun 1403-cü ilin əvvəllərində Anadoludan geri çəkilməsinin ardından İsa Çələbiylə Mehmed Çələbi arasındakı mübarizə alovlandı.[7] Mehmed Çələbi Ulubat yaxınlığında qardaşını məğlub edərək Bursa və İzmiti ələ keçirdi, ardından Sarıxan və Aydın bəylikləri üzərinə səfərə çıxdı. Bizans imperatoruna sığınan İsa Çələbi isə qardaşı Süleyman Çələbinin istəyilə azadlığa buraxıldı və ölümünədək Anadoludakı mübarizəsini davam etdirdi.
Qardaşı Mehmed Çələbinin Bursanı ələ keçirməsinin ardından Anadoluya keçən Süleyman Çələbi 1404-cü ilin martında Bursanı hakimiyyəti altına aldı. 22 mart 1404-cü ildə Trabzona səyahət edən ispan bir səyyahın xatirələrində yazdığına görə, o əsnada Qara dəniz sahilləri və Samsun, eləcə də Ankara Süleyman Çələbinin idarəsində idi. Qısa zamanda Anadolunun böyük bir qismini hakimiyyəti altına alan Süleyman Çələbiyə qarşı müqavimət göstərə bilməyən Mehmed Çələbi ona hədiyyələr göndərərək hakimiyyətini tanımağa məcbur oldu. Ardından Anadoludakı hakimiyyətini təminat altına almaq məqsədilə azyaşlı qardaşı Qasım Çələbi və bacısı Fatma Sultanı Bizans imperatoruna girov olaraq göndərən Süleyman Çələbi Rumeliyə qayıtdı. Onun Anadoluya ikinci gəlişi isə 1405-ci ilin yayına təsadüf edir. Qardaşı Musa Çələbinin hərbi fəaliyyətləri səbəbilə Rumeliyə qayıtmağa məcbur olduğu 1410-cu ilədək təxminən 5 il Anadoluda qaldı.
Son illəri
1405-ci ildə Anadoluya qayıdan Süleyman Çələbi Bursada dövlət işlərindən uzaq rahat bir həyat yaşamağa başladı. Evrenos bəy idarəsindəki ordunu Qaramanoğulları üzərinə göndərdikdən sonra, o əsnada Qaramanda olan qardaşı Musa Çələbi Rumeliyə qaçdı.[8] İlk başda bunu önəmsəməyərək Bursada qalmağa davam edən Süleyman Çələbi, qardaşının Balkanlarda nüfuz qazanmasının ardından Rumeliyə keçməyə məcbur oldu. Ədirnəyə gəldiyi əsnada Qaramanoğlu Nəsrəddin Mehmed bəyin Sivrihisar və ətraf bölgələrini ələ keçirdiyi xəbərini aldı. Qardaşı Mehmed Çələbi isə Ankara və Bursanı ələ keçirərək səltənətini elan etdi və öz adına qızıl sikkə kəsdirdi.[9][10]
Süleyman Çələbi 13 fevral 1410-cu ildə Yanboluda qardaşı Musa Çələbiyə məğlub olsa da, daha sonrakı toqquşmalarda 2 dəfə qalib gəldi. Ancaq Musa Çələbinin 17 fevral 1411-ci ildə Ədirnəyə tərtiblədiyi ani basqın zamanı şəhərdən qaçmağa məcbur oldu. İstanbula doğru hərəkət etdiyi əsnada Düğüncü kəndi yaxınlığında xidmətkarının xəyanətiylə kimliyi üzə çıxmış, Musa Çələbidən mükafat almaq məqsədilə kənd sakinləri tərəfindən amansızca qətlə yetirilmişdir. Ənənəyə görə, xanədan mənsublarının qanı tökülməməlidir. Bu səbəblə qardaşının amansızca qətlə yetirildiyi bu kənd Musa Çələbinin əmriylə tamamilə qılıncdan keçirildi. Ardından Süleyman Çələbinin cənazəsi Bursaya göndərilərək babası Sultan Murad Hüdavəndigarın türbəsinə dəfn edildi.
Ailəsi
Xanımları
Övladları
Mənbə
- Ahmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (nşr. Çiftçioğlu N. Atsız, Osmanlı Tarihleri I içinde), İstanbul 1949, s. 23-25.
- Fatih Devri Kaynaklarından Düstûrnâme-i Enverî: Osmanlı Tarihi Kısmı (1299-1466) (haz. Necdet Öztürk), İstanbul 2003, s. 42, ayrıca bk. hazırlayanın girişi, s. LXIV.
- R. G. de Clavijo, Anadolu, Orta Asya ve Timur (trc. Ömer Rıza Doğrul, s.nşr. Kâmil Doruk), İstanbul 1993, s. 29-67.
- J. Schiltberger, Türkler ve Tatarlar Arasında: 1394-1427 (trc. Turgut Akpınar), İstanbul 1997, s. 52-59.
- Dukas, Istoria turco-bizantina (ed. V. Grecu), Bucereşti 1958, s. 115-127.
- G. Sphrantzes, Memorii: 1401-1477, în anexa, Pseudo-Phrantzes, Macarie Melissenos Cronica 1258-1481 (ed. V. Grecu), Bucereşti 1966, s. 4, 206.
- Âşıkpaşazâde, Târih (Giese), s. 59-72.
- L. Chalkokondyles, Historiarum Demonstrationes (ed. E. Darkó), Budapestini 1922, I, 159-163.
- Oruç b. Âdil, Tevârîh-i Âl-i Osmân, s. 37-38.
- Anonim Tevârîh-i Âl-i Osman (nşr. F. Giese, haz. Nihat Azamat), İstanbul 1992, s. 37-40.
- Bihiştî Ahmed Sinan Çelebi, Tevârîh-i Âl-i Osmân, British Museum, Add, Or., ms. 7869 (bundan çekilmiş bir nüsha için bk. Süleymaniye Ktp., Mikrofilm Arşivi, nr. 2764, vr. 55a-b).
- Anonim Osmanlı Kroniği: 1299-1512 (haz. Necdet Öztürk), İstanbul 2000, s. 42-57.
- 16. Asırda Yazılmış Grekçe Anonim Osmanlı Tarihi: 1373-1512 (haz. Şerif Baştav), Ankara 1973, s. 107-109.
- Neşrî, Cihannümâ (Unat), I, 321, 323-365; II, 422-487.
- Hadîdî, Tevârîh-i Âl-i Osman: 1299-1523 (haz. Necdet Öztürk), İstanbul 1991, s. 115-123.
- İbn Kemal, Tevârîh-i Âl-i Osmân, IV, 187, 436-437.
- Rûhî Târîhi (TTK Belgeler, XIV/18 [1992] içinde, tıpkıbasımı ile birlikte nşr. Yaşar Yücel – Halil Erdoğan Cengiz), s. 359-472, ayrıca bk. metin.
- Belîğ, Güldeste, s. 40.
- P. Schreiner, Die Byzantinischen Kleinchroniken, Wien 1975, I, 113-114, 634.
- D. Balfour, Politico-Historical Work of Symeon Achibishop of Thessalonica (1416/17 to 1429), Wien 1979, s. 44.
- P. Wittek, Menteşe Beyliği (trc. Orhan Şaik Gökyay), Ankara 1986, s. 82-83.
- a.mlf. – F. Taeschner, “Die Vezirfamilie der Gandarlyzade (14./15. Jhdt) und ihre Denkmäler”, Isl., XVIII (1929), s. 89-90.
- N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, s. 253-278.
- Şevkiye İnalcık, “İbn Hacer’de Osmanlılara Dair Haberler”, DTCFD, VI/3 (1948), s. 193.
- E. A. Zachariadou, “Ertugrul Bey il sovrano di Teologo (Efeso)”, Atti della Società ligure di storia patria, LXXIX, Genova 1965, s. 157, 161.
- a.mlf., “Süleyman Çelebi in Rumeli and the Ottoman Choronicles”, Isl., LX (1983), s. 271-296.
- M. T. Gökbilgin, “Süleyman Çelebi”, İA, XI, 179-181.
İstinadlar
- ↑ https://web.archive.org/web/20060502151032/http://www.4dw.net/royalark/Turkey/turkey2.htm
- ↑ 1 2 J. W. Barker, Manuel II Palaeologus (1391-1425): A Study in Late Byzantine Statesmanship, New Brunswick 1969, s. 223-249.
- ↑ Şerefeddin, Ẓafernâme (Urumbayev), s. 417-431.
- ↑ Yaşar Yücel, Kadı Burhaneddin Ahmed ve Devleti (1344-1398), Ankara 1970, s. 161.
- ↑ G. T. Dennis, “The Byzantine-Turkish Treaty of 1403”, Orientalia Christiana Periodica, XXXIII, Roma 1967, s. 72-88.
- ↑ Cronaca dei Tocco di Cefalonia (ed. G. Schirò), Roma 1975, s. 256.
- ↑ M. M. Alexandrescu-Dersca, La campagne de Timur en Anatolie, Bucharest 1942, s. 138-140.
- ↑ Nedim Filipoviç, Princ Musa i Šejh Bedreddin, Sarajevo 1971, s. 5-131.
- ↑ Cüneyt Ölçer, Yıldırım Bayezıd’ın Oğullarına Ait Akçe ve Mangırlar, [baskı yeri ve tarihi yok].
- ↑ Artuk, İslâmî Sikkeler Kataloğu, II, 459-460.
Taxt uğrunda ayaqlanan Osmanlı şahzadələri |
---|
| |
Osmanlı şahzadələri |
---|
1. nəsil | | |
---|
2. nəsil | |
---|
3. nəsil | |
---|
4. nəsil | |
---|
5. nəsil | |
---|
6. nəsil | |
---|
7. nəsil | |
---|
8. nəsil | |
---|
9. nəsil | |
---|
10. nəsil | |
---|
11. nəsil | |
---|
12. nəsil | |
---|
13. nəsil | |
---|
14. nəsil | |
---|
15. nəsil | |
---|
16. nəsil | |
---|
17. nəsil | |
---|
18. nəsil | |
---|
19. nəsil | |
---|
20. nəsil | |
---|
21. nəsil | |
---|
22. nəsil | |
---|
23. nəsil | |
---|
|
|