İbrahim Tofiq Əfəndi (24 sentyabr 1874, İstanbul – 31 dekabr 1931, Nitsa) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu Mehmed Burhanəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi.
Şahzadə İbrahim Tofiq Əfəndi 1874-cü ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcidin oğlu Şahzadə Mehmed Burhanəddin Əfəndi, anası isə onun ilk xanımı Məstiniyaz xanım idi. 2 yaşında ikən atası vəfat etmiş, bu səbəblə əmisi Sultan Əbdülhəmidin himayəsində böyümüşdür. Hətta uşaq vaxtlarında özünü Sultan Əbdülhəmidin oğlu bilmiş, yalnız böyüyəndə əsl həqiqəti öyrənmişdir. Maraqlı və zarafatcıl şəxsiyyəti vardı. Beşiktaşdakı sarayında müxtəlif heyvanlar saxlayırdı. Bu gün həmin saray Qalatasaray Universitetinə aiddir.
1924-cü ildə Osmanlı sülaləsinin sürgünü əsnasında Osmanlı donanmasında vitse-admiral idi. Sürgünə oğlu Burhanəddin Cem Əfəndi, qızları Fəthiyə və Nilüfər Sultan, xanımları, saray xidmətçisi Canan kalfa və uşaqların dayəsi Rəngin xanımla birlikdə getdi. Xanımlarından Şadiyə xanım sürgün əsnasında oğlu Osman Bəyazid Əfəndiyə hamilə idi. Böyük qızları evli idi və bu səbəblə sürgünə öz ailələri ilə birlikdə getmişdilər.
Şadiyə xanımın o illərdə Parisdə yaşayan qardaşı İbrahim bəydən qalmaq üçün yer istədilər. O da ailəni Paris yaxınlığındakı bir otelə yerləşdirdi. Ancaq davam edən maddi çətinlik səbəbilə 1 ay sonra ailə Bulon meşəsi yaxınlığındakı sadə bir mənzilə köçdü. Osman Bəyazid Əfəndi xatirələrində yazır;
Yanımızda aşpaz yox idi. Anam kalfalardan soruşdu: "Yemək bişirməyi bacaran var ?" Onlardan yalnız biri cavab verə bildi. Sən demə onun da bacardığı tək yemək yumurtanı qaynayan suya atıb bişirmək imiş. Ona görə əvvəlcə qonşulardan yemək bişirməyi öyrəndik.
Sürgündəki əzab-əziyyətli həyata dözməyərək 1931-ci ildə vəfat etdi.