Əhməd Nihad Əfəndi (5 iyul 1883, İstanbul – 4 iyun 1954, Beyrut) — Osmanlı sülaləsinin üçüncü rəisi, Osmanlı ordusunun zabiti və Osmanlı şahzadəsi.
Həyatı
Şahzadə Əhməd Nihad Əfəndi 1883-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan V Muradın oğlu Mehmed Səlahəddin Əfəndi, anası isə onun üçüncü xanımı Naziknaz xanım idi. Babasının taxtdan endirilib Çırağan sarayında həbs olunduğu illərində dünyaya gəlmişdi. Bu səbəblə o və digər qardaş-bacıları da babasının bu məhkum həyatına ortaq oldu. Sarayda nəzarət altında yaşasa da, xüsusi saray təhsili aldı. Demək olar ki, gənclik illərinə qədər burada nəzarət altında yaşadı. Nəhayət, 1904-cü ildə babası Sultan Muradın vəfatı ilə atasıyla birlikdə Çırağan sarayını bir daha geri dönməmək üzrə tərk etdi. Gələcəkdəki 7 il boyunca atasının kirayə aldığı köşklərdə yaşadılar. 1911-ci ildən sürgün olunduqları 1924-cü ilədək isə Beşiktaş rayonunun Sərəncəbəy səmtində öz ailəsi üçün inşa etdirdiyi villada yaşadı. Bu müddət ərzində Osmanlı ordusunda zabit olaraq xidmət etdi. Nişan-i Ali-imtiyaz və Xanədan-ı Ali-Osman nişanları ilə təltif olundu.
1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 41 yaşlı Əhməd Nihad Əfəndi və ailəsi əvvəlcə Budapeştə, bir neçə ay sonra isə cənubi Fransadakı Nitsa şəhərinə köçdü. Son Osmanlı sultanı VI Mehmed Vahidəddin ölkəni tərk etdikdən sonra Nitsada məskunlaşdığı üçün sürgündəki Osmanlı sülaləsi mənsubları da burada toplanmağa başlamışdı. Daha sonra isə 1937-ci ildə ölümünə qədər yaşayacağı Beyruta köçdü. Sürgündəki həyat xüsusilə də, maddi cəhətdən olduqca çətin idi. Ağır həyat şərtlərinə dözə bilməyən Əhməd Nihad Əfəndi iflic keçirdi və ömrünün sonuna qədər yataq xəstəsi oldu.
1944-cü ildə son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin üçüncü rəisi elan olundu. Beləliklə, XVI əsrdən bəri xəlifə olmayan ilk Osmanlı sülaləsi rəisi oldu. Taxta çıxmış olsaydı, Sultan IV Əhməd olaraq səltənətdə qalacaqdı. Bu münasibətlə, sürgündəki digər Osmanlı mənsubları hörmət əlaməti olaraq Əhməd Nihad Əfəndini xəstə yatağında ziyarət etdilər. Çox keçmədən 1954-cü ildə Beyrutda vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.
Xanımları, övladları, nəvələri
- Safru xanım (d. 15 avqust 1884, İzmir — ö. 15 noyabr 1975, İsgəndəriyyə) — 7 fevral 1902-ci ildə evləndilər. 1 övladı oldu.
- Nəzihə xanım
- Növrəstə xanım (d. 28 may 1895 — ö. 1980) — 10 aprel 1915-ci ildə evləndilər. Övladı olmadı.
Qalereya
Mənbə