Rayon mərkəzindən 3 km şimal-qərbdə, Gərni çayından ayrılan arxın kənarında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Uğurbəyli[5], Qafqazın 5 verstlik xəritəsində Oğuzbəyli[6] formasında qeyd edilmişdir. Erməni mənbələrində də kəndin adı Oğurbəyli kimi göstərilir[7][8].
Toponim
Toponim oğuz türk tayfasının adını əks etdirən oğur və bəyli sözlərindən əmələ gəlmişdir. Toponim əvvəlindəki oğur sözü oğuz etnonimini əks etdirir. "Oğuz və oğuz sözləri eyni mənalıdır. Oğuzların qardaşı olan oğurlar onlardan miladdan öncəki zamanlarda ayrılmışdılar. Qərbə doğru yayılanların dilində "z" hərfinin yerini zamanla "r" hərfi almışdır. Onun üçün Qərb türklərinə (Oğuzlara) "r"-lı danışanlar", Şərq oğuzlarına isə "z"-lı danışanlar" deyilmişdir[9]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. "Oğur (oğuz) bəylərinin yaşadığı yer" mənasını bildirir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berkanuş qoyulmuşdur.
Əhalisi
Buranın qədim sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər kəndə 1829-cu ildə İranın Xoy və Salmas bölgələrindən köçürülmüşdür[10].
Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 87 nəfər, 1873-cü ildə 104 nəfər, 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 110 nəfər azərbaycanlı yaşamışdır[11].
XIXəsrin ortalarında kənddə ermənilər də yerləşmişdir. Bundan sonra kəndin əhalisi qarışıq olmuşdur. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. Əsli Uğurbəyli XIX əsrin ortalarında Uğurbəy adlı bir nəfərə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1945-ci ildə kənd ermənicə Berkanuş adlandırılmışdır.
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 23 nəfər, 1926-cı ildə 27 nəfər, 1931-ci ildə 26 nəfər azərbaycanlı yaşamışdır[11].
Kənddə azərbaycanlıların yaşaması Z. Qorqodyanın "1831–1931-ci illərdə sovet Ermənistanın əhalisi" kitabında aydınca göstərilsə də[12], "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti"ndə[10] azərbaycanlılar ermənilərin tərkibində verilir və guya burada yalnız ermənilər yaşamışdır.
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–1949-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülür. İndi burada yalnız ermənilər yaşayır.