Fətəlipəyə kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Fətəli adlı Şəxsə məxsus pəyə (tövlə) yerində salındığı üçün belə adlandırılmışdır. "Fətəlinin pəyəsi, tövləsi" mənasındadır. Kənddə indiyə qədər əsas təsərrüfat heyvandarlıqdır.[2]
Fətəlipəyə, Ağanus, Turşsu, Kərəviz, Unannovu və Ərəb kəndlərini özündə birləşdirən Fətəlipəyə kənd icra nümayəndəliyi rayon mərkəzindən 8 km məsafədə yerləşirdi.
1960-cı ilə qədər nümayəndəliyin ərazisində 17 para kənd – Ağanus, Fətəlipəyə, Unannovu, Ərəb, Mehrab, Qubaslı, Palçıqlı, Sarı yal, Məşədi Məmmədlər, Qamışlı, Mehin Kahası, Mahmud bulağı, Kahalar, Turablı, Qışlaq, Xudumlar və Kərəviz kəndləri olmuşdur. Sonradan hökumət qərarına uyğun olaraq bu kəndlərin əksəriyyətindən əhali köçürülərək hal-hazırda nümayəndəliyin tərkibində olan kəndlərdə, Laçın şəhərində, Qarabağda və Bakıda məskunlaşdırılmışdır.
1930-cu illərin kolxoz quruculuğu dövrünə qədər bu kəndlərin inzibati mərkəzi Qışlaq olmuş, əhalisi Bağırbəyli adlanmışdır. Yüzbaşılıq yerləşən bu kənddə yüzbaşı vəzifəsini böyük nüfuz sahibi olan Həmid adlı şəxs icra edərmiş. Bəzi ehtimallara görə, bu kəndlərin əhalisi Nadir şah Əfşarın hakimiyyəti zamanı Cənubi Azərbaycan ərazisindən gələrək burada məskunlaşmışlar. Digər bir ehtimalda isə bu yerlərin adının IX əsrdə Ərəb Xilafətinin Albanlara qarşı apardığı müharibədə öldürülərək burada dəfn edilən bir döyüşçünün adı ilə bağlı olduğu bildirilir. Hovuzun dərəsi və Çiyələkli adlanan ərazilərdə qədim Alban kilsələrinin qalıqları bu gün də qalmaqdadır.
1960-cı ilə qədər Qardaşlıq adlanan o zamankı kənd sovetliyi sonradan Fətəlipəyə kənd soveti adlandırılıb. İşğala qədər nümayəndəliyin 2443 ha ərazisi olub ki, onun da 500 ha Qubadlı rayonunun Başarat kəndində Binə adlanan ərazidə idi. Bütövlükdə ərazinin 10%-i əkinə yararlı, 40%-i otlaqlar, 20%-i meşəlik, 30%-i dağlıq idi. İşğala qədər Fətəlipəyə kəndində 1 ibtidai məktəb, 1 kitabxana, 1 feldşer-mama məntəqəsi, 1 mağaza fəaliyyət göstərirdi. İşğala qədər nümayəndəliyin ərazisində 4 mağaza, 1 ATS (100 yer-lik), 1 uşaq bağçası fəaliyyət göstərib. Evlər tamamilə qazlaşdırılmış, telefonla təmin edilmiş, həyətlərin böyük əksəriyyətinə su xətləri çəkilmişdir.
Kənd sakinlərinin əsas məşğuliyyəti arıçılıq və maldarlıq idi. İşğala qədər sovxoz təsərrüfatında 2000-ə yaxın arı ailəsi və 600-ə yaxın iribuynuzlu mal-qara saxlanılırdı. Şəxsi təsərrüfatlarda isə 700-ə yaxın iribuynuzlu, 2000-ə yaxın xırda buynuzlu mal-qara var idi.
Əhalisi
Hazırda nümayəndəliyin 131 təsərrüfat və 486 nəfərdən ibarət əhalisinin 12 ailə 53 nəfəri Bərdə, 1 ailə 2 nəfəri Beyləqan, 1 ailə 4 nəfəri Qax, 1 ailə 4 nəfəri Xaçmaz rayonlarında, digər sakinlər isə Bakı və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşmışlar. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.