Azərbaycan təqvim inancları (az.-əski. آزربایجان تقویم اینانجلاری) — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar.
Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır.
Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs. Qoçqarışan) qaynaqlanmışdır. Qışdan yaza keçid aləmin yatdığı vaxtda baş verir, Novruz bayramı ilə qeyd olunur. Novruz və Xıdır Nəbi bayramları Azərbaycanın müxtəlif bölgələrində birlikdə qeyd edilsə də, bayramlardan birinin yaxşı qeyd edilməsi digərinin zəif qeyd edilməsi ilə müşahidə olunur. Qışın başlanması münasibətilə Çillə gecəsi, Böyük Çillədən Kiçik Çilləyə keçid münasibətilə Səddə bayramı qeyd edilir.
İslam dininin təsiri ilə Azərbaycanda türk mənşəli həftə adları ərəb-fars mənşəli adlarla əvəz edilmiş və ya onlarla birlikdə istifadə edilmişdir. Azərbaycan dilinin dialektlərində həftə günləri duz, qəm, adına, süd günləri və s. olaraq adlandırılmışdır. Ata-baba günü olan adına günündə ölülər yad edilir, şamanizm qalıntısı bir adət olaraq aş yeyilir.
Azərbaycanda Məhərrəmlik adətlərini araşdıran İvar Lassi azərbaycanlıların hər biri 10 min il davam etməklə 10 kosmik dövrün olduğuna inandığını bildirmişdir. Bu kosmik dövrlər 12 illik Günəş illərinə bölünür. Azərbaycanlılar 5-ci dövrün 1910-cu illərdə davam etdiyini fikirləşirdilər.[1]
Azərbaycanlılarda Cəlali təqvimi ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səlcuq hökmdarı I Məlikşahın dövründə yaradılmış bu təqvimdə il Çin-uyğur təqvimindən ay yarım sonra, yaz gecə-gündüz bərabərliyində (Novruz) başlayır, ancaq təqvimə 12 heyvanlı təqvim assimilyasiya edilmişdir.[2] Xızır Nəbi bayramının dəqiq bir gününün olmaması, ancaq Novruz bayramının dəqiq bir gündə qeyd edilməsi onunla izah edilir ki, Novruz bayramı XI əsrdən rəsmi Cəlali təqviminə daxil edilmişdir.[3]
Müasir Azərbaycanın daxil olduğu Böyük Monqol imperiyası Çin təqviminin uyğur versiyasını bütün işğal etdikləri ərazilərdə tətbiq etmişdi.[4] Elxanlılar dövründə bütün Azərbaycan və Şərqi Anadolu türkmən oğuz boyları türk il və ay adlarını istifadə etmişdir.[5] On iki heyvan təqviminin istifadəsi şərq türkcəsinin təsiri ilə bağlı idi və monqollar təqvimin uyğur versiyasını tətbiq etmişdir. Monqol tərcümələri istifadə edilsə də, türk adlandırılmaları öz əhəmiyyətini qorumuşdur. Fəzlullah Rəşidəddinin tarixi əsərində il adları 26 dəfə türk dilində, 13 dəfə monqol dilində, 13 dəfə hər iki dildə, 2 dəfə fars dilində istifadə olunur. Ay adları isə yalnız türk dilində idi.[4]
Gürcü mənbələrində daha çox şərq (uyğur-çağatay) xarakterinə malik, monqol dövründən qaynaqlanan on iki heyvanlı təqvimə rast gəlmək mümkündür. İstifadə edilən "Siçan ili" ifadəsi oğuz mənşəlidir ("il" sözü isə daha dəqiq olaraq, Azərbaycan dili mənşəlidir). Əlbəttə ki, bu oğuz elementləri yerli şərqi Osmanlı-Azərbaycan təsirlərinə aid edilməlidir. Eyni şəkildə il üçün istifadə edilən "ilan" sözü də ya Azərbaycan, ya türk mənşəlidir.[6]
Səfəvi imperiyasının çoxmədəniyyətli görünən xarakteri (on iki imam şiəliyi, fars və Azərbaycan dillərinin istifadəsi, idarəçiliyin ərəb və türk-monqol mənbəli olması) ən çox dövr tarixçilərin müxtəlif xronologiya metodlarını (hicri, şahın hökmranlıq illəri, türk-monqol təqvimi) istifadə etməsini nəzərə aldıqda təsdiqini tapır.[7] Səfəvilər dövründə türk təqvimi rəsmi təqvim kimi istifadə edilmiş, Səfəvi tarixçiliyində Teymuri (Çağatay) tarixçiliyinin təsiri altında bu təqvim yayılmışdır. Novruz bayramının bu təqvimin başlanğıcı hesab edilməsi Səfəvi tarixçisi İsgəndər bəy Münşi tərəfindən qeyd edilir: "Novruzun gəlişi ilə Türk Təqviminin İlan İli uğurlu və səadətli bir şəkildə başladı."[8] Səfəvilər dövründə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçmə ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi.[9]
Türk təqvimi İranda 1925-ci ildə Qacar sülaləsinin taxtdan salınmasına qədər istifadə edilmişdir.[4] Türk tarixçisi Osman Turana görə, on iki heyvanlı təqvim Azərbaycanda hələ də mövcuddur.[2] Ümumiyyətlə, türk təqvimi bütün Qafqaz türk xalqlarının həyatında önəmli rol oynamış, qonşuluqdakı digər qövmlərə də keçmişdir.[8]
Ümumi istifadədə olan bu adlar belədir: siçan, öküz-inək, pələng, dovşan, əjdaha (və ya timsah və balıq[10]), ilan, at, qoyun (və ya keçi[1]), meymun, toyuq-xoruz (və ya sadəcə quş[10]), it, donuz.[11] İllərin belə adlandırılması "Tarix-i türki" hesab edilir.[1]
Azərbaycan folklorunda türk təqvimi ilə bağlı inanclara rast gəlinir.[12][13] Xalq arasında yayılmış inama görə, təzə ilin necəliyi, yaxşımı, pismi olacağı, məhz adlandırıldığı heyvanın xasiyyəti, əlaməti ilə bağlıdır. Məsələn, il ilan üstündə təhvil olanda deyirlər ki, havalar isti, quraqlıq keçəcək, münasibətlər normal olmayacaq. Dovşan ilində məhsul bol olur, əjdaha (timsah) ilində çoxlu yağış yağır, donuz ilində havalar sərt keçir və s.[11] Digər bir təqvim mifinə görə Novruz bayramında bir yerə yığışan el biliciləri illərə ad vermişdir və il hansı heyvanın üstündə təhvil olsa, insanlar o heyvanın xasiyyətini göstərər. Məsələn, insanlar siçan ilində gəmirib dağıdar, at ilində dözümlü olar, it ilində müharibə edərlər. Başqa bir mifdə isə insanlar illəri qarışdırdığı üçün onların hökmdarlarının qarşısına çıxan heyvanlar ilə illərə ad verdiyi hekayə edilir.[10]
Nəzəri cəhətdən mövcud olan Türk təqvimində (Ay illərinə əsasən) isə 1-ci ay Aram, axırıncı ay Haqqsabat adlanır. Qalan aylar isə nömrə ilə adlandırılır. 2-ci və ya 3-cü ildən sonra interkalyar ay əlavə edilir. Bu ay Sivan, yəni "fəryad" adlandırılır.[1]
Azərbaycan xalq təqvimində müxtəlif vaxtlar (aylar, dövrlər, bayramlar və ya mərasimlər) xüsusi adlarla qeyd edilir. Azərbaycanda xalq təqviminin formalaşması təbiətə münasibətdən, səma cisimlərinin hərəkətindən, təsərrüfat ənənələrindən qaynaqlanmışdır. Xalq təqvimində şum ayı, köç ayı, vay nənə ayı, suvarma ayı, məhsul ayı kimi ifadələr işlədilir.[11]
Bir əfsanəyə görə keçmiş zamanda il aylara bölünəndə hər aya 32 gün verilir, Boz aya isə 14 gün düşür. Boz ay inciməsin deyə hər ay Boz aya 1 gün verir. Boz az yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq Boz ay başqa aylardan gün aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır.[11]
Tarixən Azərbaycanda Novruz bayramının böyük həvəslə qeyd edildiyi yerlərdə Xıdır Nəbi bayramı ya qeyd edilməmiş, ya da zəif qeyd edilmişdir. Eyni zamanda Xıdır Nəbi bayramının yaxşı qeyd edildiyi yerlərdə Novruz bayramı vacib bir şəkildə qeyd edilməmişdir. Azərbaycan Respublikasının cənub bölgəsində və Şirvan ərazisinin düzənlik yerlərində Xıdır Nəbi bayramı qeyd edilmir.[14]
İran azərbaycanlılarında Dağa köçdü, Dağa köçmə, Çoban bayramı, Quzu günü, Qoyunçular günü, Ot köçü, Qoç günü adı ilə mərasimlər keçirilir, şənlik edilir.[25]
Azərbaycan dilinin dialektlərində həftənin günləri üçün aşağıdakı ifadələr istifadə edilir:[39]
Süd və duz günlərinin Ay və Günəşlə əlaqədar olduğu fikirləşilir. "Süd kimi aydın", "süd kimi təmiz" ifadələri indi də istifadə olunur.[39] İkinci günün "qəm günü" olaraq adlandırılmasında Şərqi Avropa, Qafqaz, Ön Asiya və Balkan türklərinin dilində, həmçinin Şərqi Avropanın bəzi fin xalqlarında eyniliklər müşahidə edilmişdir.[46]
İslam dininin təsiri ilə türk mənşəli həftə adları ərəb-fars mənşəli adlarla əvəz edilmiş və ya onlarla birlikdə istifadə edilmişdir. Müasir dövrdə şair İ. Tapdıq tərəfindən həftə adlarının uşaqların yaddaşında daha yaxşı qalması üçün Günbir, Güniki, Günüç, Gündörd, Günbeş, Günaltı adlandırması işlənmişdir.[47]
Bakı dialektində, Göyçay, Mingəçevir, Meğri şivələrində işlədilən danna, Göyçay şivələrində işlədilən dannarı "sabah" deməkdir. İkinci gün üçün istifadə edilən "süd gününün dannası" ifadəsi "süd gününün sabahı" deməkdir. Mahmud Kaşğarlının "Lüğət"ində də tanq "dan, sübh çağı" mənasında işlədilir.[48]
Azərbaycan dini nağıllarında həftənin günləri faydalı, uğurlu və ya faydasız olmasına görə bir-birindən ayrılır. Həftənin günləri ilə bağlı təsəvvürlər İslami dəyərlər əsasında formalaşsa da, sehrlə bağlı bir mahiyyətə də malikdir. Cümə İslamda ən müqəddəs günlərdən biridir. Adəm peyğəmbərin yaradılmasının, cənnətə daxil olmasının, cənnətdən çıxmasının, qiyamətin cümə günü ilə əlaqələndirilməsi İslam tarixində bu günə mühüm yer verilməsinə səbəb olmuşdur. İslamda cümə günü kütləvi ibadət günüdür. Həmin gün məsciddə xütbə dinləyib namaz qılanların günahlarının bağışlanacağına inanılır. Azərbaycan dini nağıllarında cümə günü müqəddəs gün kimi təsvir edilir. Pərilər cümə günləri göldə çimməyə gəlirlər. Cümə axşamı və şənbə cümə günündən əvvəlki və sonrakı gün olduğu üçün uğurlu günlər hesab olunur. Bunun nəticəsidir ki, Azərbaycan nağılında qeyd edilir ki, ataların sözünə görə, şənbə səfərə gedən tez qayıdar və həmin gün edilən səfər daha asan olar.[50]
Azərbaycanda davamlı olaraq Novruz bayramı və çərşənbələri ilə bağlı, Çin təqvimi ilə bağlı müxtəlif poçt markaları buraxılmışdır.