Azərbaycan döyüş sənətləri və oyunları

Azərbaycan döyüş sənətləri və oyunları — Azərbaycanda tarixən oynanılmış döyüş tipli idman növləri və oyunlar. Güləş, zorxana, oxçuluqçövkən Azərbaycanın əsas döyüş sənətləridir.

"Kitabi-Dədə Qorqud"da (XIII–XV əsrlər) və "Koroğlu" dastanının Azərbaycan versiyasında (XVII əsr) döyüş sənətləri və meydan tamaşaları ilə bağlı məlumatlar verilir. Azərbaycan xanlıqları dövründə (XVIII əsrin II yarısı — XIX əsrin əvvəlləri) isə ordularda "bahadır" adlandırılan pəhləvanlar var idi. Məşhur Azərbaycan pəhləvanlarına "Altıaylıq pəhləvan" ləqəbli Əbdüləli Axundov, bakılı Şonu Abdulla, Sali Süleyman, Rəşid Yusifov daxildir. 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir.

Zorxana döyüş sənətinə sinə oyunu, mil oyunu, yekba, səngi-daşqaldırma, kəbbadə, ayaqdöymə, çərxi, güləş daxildir. Azərbaycanda zorxananın keçirildiyi qədim yerlər Bakıdakı XV əsr İçərişəhər zorxanasıOrdubaddakı XVII əsr Qeysəriyyə abidəsidir. Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski buradakı zorxanalarda yarışmaları, cambaz və pəhləvanları təsvir edir. Keçmiş dövrdə meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi. XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Sovet dövründə zorxana fəaliyyəti zəifləsə də, müstəqillik dövründə vəziyyət müsbət istiqamətdə dəyişmişdir.

Azərbaycan güləşinin tarixən qədim olduğu qəbul edilir. Rus inqilabından əvvəlki dövrlərdə güləş Azərbaycan kəndlərində məşhur idi: məhsul yığımı zamanı xırmanlarda, xalçasız, düz yerdə yarışlar keçirilirdi. İnqilabdan sonra güləş Bakı ətrafında, xüsusən Müştəngi, Buzovna, Zabratda, eləcə də Gəncə, Salyan, Şəki, Xilə, Zaqatala və s. yerlərdə məşhur idi. Azərbaycan güləş fəndlərinin tarixi adlarına "ayaqçaldı", "qurdqapanı", "yaxapaça", "köpəyquyruğu", "tülküquyruğu", "miyangir", "paçabənd", "pişling", "topuqqapma", "çəngəl" daxil idi. Güləş qaydalarının Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən sistemləşdirilməsi, dəqiqləşdirilməsi və təsdiqi həyata keçirilib.

Oxatma Azərbaycan meydan tamaşalarına daxildir. XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddinin divanında oxçuluqla bağlı 75 terminə yer verilmişdir, hansıki bunlardan 39-u türk mənşəlidir, 9-u isə türk sözü ilə alınma sözlərin birləşməsi nəticəsində əmələ gəlmişdir. Ox yarışlarında həm piyada, həm atlı şəkildə yüksək yerdən atılan almanı havada vurmaq, qırx oxu eyni hədəfdən keçirmək, üzük halqasından ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. Atla oxatmanın oyun növlərinə qopuq və "piyalə və ox" aiddir. Müasir Azərbaycanda kamandan oxatma idman növü sovet dövründən etibarən inkişaf etməyə başlamışdır.

Pəhləvanlıq sənəti

Azərbaycan pəhləvanlarının çıxışları

XVII əsr[1] Azərbaycan dastanı "Koroğlu"nun "Ərzurum səfəri" qolunda pəhləvan meydanı və əmud vasitəsilə oynanılan meydan tamaşası təsvir edilir:

" Bu meydana gələn pəhlivanlar əvvəlcə Qara pəhlivanın əmudunu yerdən qaldırmalıdılar. Onu qaldıra bilməyənlər bəri başdan Qara pəhlivanın əlinin altından keçirlər. Kim əmudu qaldıra bilsə, Qara pəhlivan onun meydanına çıxır. Ərəbistandan gəlmiş pəhlivan əmudu üçüncü dəfə güc verdikdən sonra qaldırır, Qara pəhlivan meydana çıxır və onun kürəyini yerə vurur. Bu zaman Dəmirçioğlu atına bir qırmanc vurub düz meydanın ortasına sürür. Əmudun yanından keçəndə əl atıb onu yerdən dik qaldırır və başının üstündə hərləyib elə tullayır ki, əmud yerə düşüb dəstəsinə qədər torpağa quylanır.[2] "

XVIII əsrin II yarısında bütün Azərbaycan xanlıqlarının ordularının adi insanların "bahadır" adlandırdığı pəhləvanları var idi. Pəhləvanlar arasındakı yarışlar zorxanalarda həyata keçirilirdi.[3] Qarabağ xanı İbrahimxəlil xana (1763–1797) məxsus olan zorxana Xan bağında yerləşirdi. Burada pəhləvanlar idmanın sirlərinə yiyələnir, fiziki formalarını qoruyub saxlamaq üçün məşq və yarışlar keçirirdilər. Qarabağ xanlığında pəhləvan statusu xüsusi fərmanla verilirdi.[4]

Məşhur pəhləvanlara Şirvanlı Məhəmməd, Zaqafqaziyada, Dağıstanda və İranda şöhrət tapmış maştağalı Hüseynqulu Hacı Mürsəl oğlu və onun şagirdi "Altıaylıq pəhləvan" ləqəbli Məşədi Əbdüləli Axundov, abşeronlu Hüseynqulu Mirzə Haşim oğlu, balaxanılı Sar Pənçi, bakılı Şonu Abdulla, Əhmədli Məmməd, Atababa misal göstərilə bilər. Maştağalı "Altı Aylıq"ın gücü ilə bağlı xalq arasında əfsanələr yaranmışdır. Nəhəng gürzlərlə və dəvələrlə məşq etdiyi, 40 kiloqramlıq səngiləri bir əlində qaldırıb atdığı, eyni zamanda bir neçə pəhləvanla döyüşdüyü qeyd edilir.[5] XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda yetişmiş Sali Süleyman və Rəşid Yusifov kimi zorxana pəhləvanları isə çıxışları ilə ölkədən kənarda məşhurlaşmışdılar.[6]

Keçmişdə gücünə və oyun texnikasına inanan bəzi pəhləvanlar balaca aynaları dizlərinə bağlayırdılar ki, dizləri döyüşdə yerə gəlməsin. Xalq arasında belələri "Aynalı Pəhləvan" adlanırdı. Aynanın qırılması pəhləvanın məğlubiyyəti demək idi.[7] Sim pəhləvanları isə meydanlarda payalara bağlanmış sim üstündə rəqs elementləri ilə müxtəlif ritmik və akrobatik hərəkətlər edir, sim üstündə barmaqlarının, əllərinin üstündə gəzir, daş qaldırır, dişləri ilə daş atıb-tuturdular.[8]

Sınıqçı adlandırılan təbiblər güləş və döyüş zamanı, müxtəlif idman oyunlarını həyata keçirən zaman baş verən zədələnmələri müalicə edirdilər. Buna görə də, Azərbaycanın, demək olar ki, hər bir kəndində bir və ya bir neçə sınıqçı olurdu.[9]

Zorxana

Ordubadda Səfəvi dövrünə aid, zorxana kimi istifadə edilən bina — Qeysəriyyə. XVII əsrdə tikilmişdir.
Kəlləgöz (solda, zorxana alətləri ilə təsvir edilmişdir), Hal anası və Kosa. Əzim Əzimzadənin rəsmi.

Şah I İsmayıl İran və Azərbaycanda hərbi yolla şiəliyi yaymışdır. Buna görə də onun başçılıq etdiyi Səfəviyyə ordeninin hərbi və siyasi gücə ehtiyacı var idi və I İsmayılın döyüş sənətlərinə hamilik etməsi bundan qaynaqlanırdı. O, zorxananı təbliğ edirdi.[10]

Zorxana idman növünə daxil olan oyunlar kompleks oyun silsiləsindən ("sino oyunu" və ya "qılıncsındırma", "mil oyunu", "yekba", "səngi-daşqaldırma", "kəbbadə" və ya "kəmanə", "yepka" və ya "ayaqdöymə",[11] "çərxi", yaxud "təndüvrə", "zəncirqırma",[12] "güləş" və ya "qurşaqtutma") ibarət idi və biri digərinin ardınca icra edilirdi.[13] Meydanda pəhləvanların güc sınamaq, güşt tutmaq, daş oynatmaq, kərən sındırmaq, buğa boynu əymək, ağırlıq qaldırmaq, ağırlıq dartmaq və s. oyunlarına rəğbət var idi.[7]

Zorxanada miyandarın işarəsi ilə musiqi çalınır və oyun başlanırdı. Ənənəvi zorxana rəqs şəklində, "Cəngi" sədaları, yaxud nağaranın çox sürətli zərbələri altında müşayiət olunurdu.[7] Şəkidə musiqi olaraq "Koroğlunun qaytarması", "Misri", Lənkəranda isə "Pəhləvani" havası ifa edilirdi.[14] Döyüş sənətinin icra edildiyi meydança süfrə, oyunu idarə edən şəxs isə təlimçi-mürşüd adlanırdı.[7] General-mayor Cəfərqulu xan Cavanşirin verdiyi məlumata görə zorxanada havanın yaxşı olması üçün ətirli bitkilər yandırılırdı. İstifadə edilən musiqi alətləri dümbək, qoşa zurnatütək idi, Şuşada isə xüsusi olaraq tarkamança çalınır, şeir və hekayələr oxunurdu.[3]

Pəhləvanların toplaşıb məşq etdiyi və bir-biri ilə yarışdığı yer elə döyüş sənətinin adına uyğun olaraq zorxana adlanırdı.[13] Azərbaycanda zorxana olaraq istifadə edilən binalar Bakıdakı XV əsr İçərişəhər zorxanasıOrdubaddakı XVII əsr Qeysəriyyə abidəsidir.[15] Bakını ziyarət edən XVIII əsr erməni müəllifi Artemi Araratski Bakı zorxanalarındakı yarışmaları, belə yerlərdəki cambaz və pəhləvanları təsvir edirdi.[16] XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir.[6] Şəki-ZaqatalaBərdə bölgəsində zorxana xalq toy mərasiminin bir parçası idi. Müəyyən bir ssenari və ardıcıllıq ilə qurulmuş zorxana nömrələri rəqs formasında, musiqi və mahnılar ilə təqdim edilirdi.[13]

Zorxananın İslam dini ilə olan bağlantısı sovet dövründə bu idman növünün qadağan edilməsinə səbəb olmuşdur. Ancaq buna baxmayaraq 1990-cı ildə yaradılan Milli İdman Növləri Assosiasiyasına zorxana milli idman növü kimi daxil edildi. 1992-ci ildən başlayaraq zorxananın da daxil olduğu milli oyunlar bədən tərbiyəsi proqramına əlavə edildi. 2009-cu ildə zorxana və pəhləvan güləşi üzrə keçirilən I Dünya kuboku yarışında Vüqar Qurbanov ağır çəki dərəcəsində birinci yeri tutdu. Beynəlxalq Zorxana İdman Federasiyası tərəfindən ona "Cahan Pəhləvanı" adı və "Qızıl Bazubənd" təltifi verilmişdir.[6] 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən zorxana üzrə yarışlarda[17] Azərbaycanı Məmmədi Salamov, Orxan Xanlarov, Rüfət Gülalıyev, Tural ƏliyevXəyyam Orucov təmsil etdi, 1 qızıl, 3 gümüş və 3 bürünc qazanıldı.[18][19][20][21][22][23][24]

Azərbaycan Tarix Muzeyində zorxanada istifadə olunan idman alətləri (zorxana şilləri, toppuzlar, yekbargirlər), canbaz geyimləri (pəhləvan güləşçilərin şalvarları və s.) saxlanılır.[13] Muzeydə qorunan rəsmdə isə XVII əsr zorxanası təsvir edilir.[16]

Zorxana oyunları

Zorxana oyunları: Kəbbadə, mil oyunu və güləş (soldan sağa)
Bundan sonra pəhləvanlar məharətlərini göstərdilər. Bu dala, qabağa gedilən hərəkətlərdən ibarət idi. Onlar daşlarla oynayırdılar. Hərəkətlərin yerinə yetirilməsində qollar, ümumiyyətlə ayaqlardan daha çox rol oynayır.
Qafqaz səfəri. Aleksandr Düma[25]

Sinə oyununda iki əllərinin üzərinə qalxar, yerdən bir qarış yuxarı olmaqla "yeriyər", əvvəl sağa, sonra sola gedər, sonra isə aşağı enərdilər, yerə yaxınlaşaraq dərhal təkrar yuxarı qalxardılar. Oyunçuların sinələri yerə dəyməməli idi. Bu oyunda daha böyük şücaət isə pəhləvanın belinə uşaq və ya daş alaraq hərəkətləri icra etməsi idi.[7][11] Sinə oyunu güləşdə vacib rol oynayan elastikliyin artırılması məqsədilə icra edilir.[26]

Mil oyunu bədəni boşaldıcı hərəkətlərdən ibarətdir, yuxarı ətraf əzələlərinin inkişafı və güc dözümlülüyünü təmin edir. Mil oyununda ağırlığından asılı olmayaraq 30 şəkildə mil[q 1] oynadılır.[26] Mil oyununu Hüseynqulu Sarabski belə təsvir edirdi:

" Hərə əlinə bir mil alıb başının üstünə qaldırırdı. Dumbul çalınmağa başlanırdı. Dumbul əvvəlcə lap ahəstə, sonra get-gedə səs tempi yuxarı qalxıb yenə də enərdi. Mil oynadan adam da həmin ahənglə başının üstə milləri hərləyirdi. Oyun qurtardıqdan sonra camaat onları alqışlayardı. Bəziləri camaatın xatiri üçün mili tək əli ilə yuxarı atıb yenə dəstəsindən tutardı. Yaxşı mil oynadanlar mili qıçının altından atıb havada tutardı
"

Yekba oyununda isə pəhləvan oyunçu hər əlində əvvəlcə pudluq, sonra qoşa-qoşa pudluq daşlar[q 2] qaldırırdı. Sonra həmin daşları atıb-tutmaqla tamaşa göstərir, sinəsini, çiynini, kürəyini havaya atdığı daşların qabağına verərək onları itələyir, kənara atırdı. Yekba oyununun ən maraqlı yeri isə pudluq daşları dişlə oynatmaq idi. Yekba oyununda daşoynatmanı daha maraqlı hala gətirmək üçün əlüstü gəzərək də oyun icra edilə bilərdi.[7]

"Kəbbadə" oyununda idmançılar kəbbadədən[q 3] istifadə edirlər. Alətin "kaman" adlandırılan hissəsi sol əldə, "zeh" adlanan hissəsi sağ əldə olmaqla idmançının başından keçirilir. Kəbbadə başın üstünə qaldırılmaqla idmançı dövrə vurur, yavaş-yavaş belə qədər endirir və əlindən buraxaraq onu belində fırladır. Mil oyunu ilə oxşar bir şəkildə kəbbadədə də nağaranın yavaş, daha sonra sürətli vurulması ilə oyun icra edilir.[11]

"Ayaqdöymə" oyunu idmançıların istirahət etməsi məqsədilə keçirilir. Oyunçular və miyandar sanki qaçırlarmış kimi hərəkət edirlər və onların ayaq hərəkətlərinə uyğun olaraq hava çalınır.[11] Pəhləvanların icra etdiyi əlüstəgəzmə tamaşasına müəyyən əşyaları yerdən dişlə götürmək, onu başqa yerə aparıb qoymaq, əl üstündə yüyürmək və s. nömrələr daxildir.[7] "Çərxi" ("Təndövrə") oyununda müxtəlif akrobatik hərəkətlər (çarx vurmaq) icra edildikdən sonra isə "Qaytağı", "Mirzəyi", "Koroğlu" rəqsləri sədasında sürətli addımlarla hərəkətlər edilir. Zorxanada son olaraq güləş oyunu keçirilir. Bu zaman müxtəlif templi cəngilər ("Koroğlu qaytarması", "Misri", "Koroğlunun bağırı", "Pəhləvanı") ifa edilir.[11]

Azərbaycan güləşi

Rəqsdən sonra güləş başladı. Rəqqaslardan ikisi üst paltarını çıxartdı. Əyinlərində enli şalvardan başqa heç nə qalmadı. Onlar knyaz Tarkanovu salamladılar və əllərini toza batırıb ovxalamağa başladılar. Sonra isə bir-birinin üstünə cummaq istəyən iki vəhşi heyvan kimi qarşı-qarşıya dayandılar.

Güləş, ümumiyyətlə, bütün tamaşaların ən sadəsidir. Kim heç vaxt arxası yerə dəyməmiş Martves və Rabasonu görmüşsə, deməli Azərbaycan pəhləvanlarını da görmüşdür. Elə təsəvvür etsin ki, elə Krotonlu Alsidamas və Milonu da görmüşdür

Qafqaz səfəri. Aleksandr Düma[25]

Azərbaycan güləşinin[q 4] tarixən qədim olduğu qəbul edilir. Bu güləşdə fars mədəniyyətinin təsiri hiss olunur.[27] Rus inqilabından əvvəlki dövrlərdə də güləş Azərbaycan kəndlərində məşhur idi: məhsul yığımı zamanı xırmanlarda, xalçasız, düz yerdə yarışlar keçirilirdi. Ancaq burada peşəkar pəhləvanlar vuruşurdular. Adi insanların idmanla məşğul olmaq üçün çox vaxt boş vaxtı olmurdu. Bundan başqa N. Florovski 1836-cı il tarixli "Qafqazdan kənarda rus mülklərinə baxış" yazısında Yelizavetpol (çarlıq dövründə Gəncənin adı) sakinlərinin idman fəaliyyəti haqqında məlumat verir, hətta güləş üçün xüsusi evin də olduğunu bildirirdi:

" Yelizavetpol şəhərinin sakinləri tez-tez gimnastika məşqləri ilə məşğul olurlar: onlar hətta xüsusi evin ayrıldığı güləşə məmnuniyyətlə baxırlar. Tatarlar (azərbaycanlılar) yaxşı bilirlər ki, bu cür oyunlar bədəni gücləndirmək üçün faydalıdır.[28] "

İnqilabdan sonra güləş Bakı ətrafında, xüsusən Müştəngi, Buzovna, Zabratda, eləcə də Gəncə, Salyan, Nuxa, Xilə, Zaqatala və s. yerlərdə populyar idi. 1937-ci ildən etibarən Azərbaycanda rayon, şəhər və respublika birinciliyi uğrunda milli güləş üzrə müntəzəm yarışlar keçirilməyə başladı.[5]

Azərbaycan milli güləşi və ya digər adı ilə qurşaqtutmada isinmək üçün mil, toppuz, qalxan, idman daşı və səngidən istifadə edilərək məşq edilir.[7] "Meydan gəzmək" adlı ənənəvi rituala uyğun olaraq əvvəl pəhləvanlar bir-birini salamlayır və rəqs addımları ilə birlikdə xalçanın əks tərəflərinə gedirlər. Eyni zamanda onlar əl hərəkətləri edirlər: bir əl əvvəl yuxarı, sonra aşağı, digəri əvvəl aşağı, sonra isə yuxarı gedir, sonra isə hərəkətlər əksinə edilir. Bundan sonra pəhləvanlar qollarını 3–4 dəfə açıb-bağlayırlar. Hakimin fitindən sonra döyüş başlayır və rəqiblər xalçanın mərkəzində salamlaşırlar. Döyüş zurnanağara sədaları müşayiəti ilə həyata keçirilir.[5] Şəki bölgəsində güləşçilər əvvəl gürz və dəmir yaylarla ilə "Zopı-zopı" yallı rəqsini icra edirlər. İdmançılar rəqsdə bacarıqlarını göstərdikdən sonra güləşirlər.[11]

Azərbaycan türk güləşi bir çox cəhətdən İslandiya döyüş sənəti qlimaya bənzəyir. Qlima ilə oxşar cəhətlərdən biri geyilən şalvarlardır, hansı ki rəqibi yerə atmaq üçün tutula bilər.[29] Azərbaycan güləşində ayaqdan və şalvardan yapışmaq geniş yayılıb, badalaq, qarmaq, dəyirman, atma fəndlərinə icazə verilir. Fəndlərin tarixi adları "ayaqçaldı", "qurdqapanı", "yaxapaça", "köpəyquyruğu", "tülküquyruğu", "miyangir", "paçabənd", "pişling", "topuqqapma", "çəngəl"dir.[12][11][30] Boğazdan tutmaq və beldən aşağı zərbələr, ardınca getmədən rəqibin xalçaya atılması, əl, ayaq və armaqları bükmək, baş sarsıntısına icazə verilmir.[5]

Azərbaycanda güləşin at üstündə icra edilən variantı da var. Burada iştirak edən oyunçu həm güləşçiliyin, həm də at çapmanın mahir icraçısı olmalıdır. Oyunda həm rəqib atdan salınmalı, həm də onun yenidən ata minməsinə mane olunmalıdır. Əgər oyunçu güləş zamanı atın üstündən endikdən sonra 1 dəqiqəyə ata təkrar minə bilirsə, uduzmuş sayılmır.[31]

Güləş qaydalarının Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi tərəfindən sistemləşdirilməsi, dəqiqləşdirililməsi və təsdiqi həyata keçirilib. Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun dosenti E. Rəhimov Azərbaycan milli güləşinin tarixinin yenidən işıqlandırılması və güləş qaydalarının sistemləşdirilməsi istiqamətində çalışıb.[5] Müasir dövrdə güləş və bu idman növü zamanı çalınan musiqi Azərbaycan mədəniyyətinin vacib bir hissəsinə çevrilmişdir.[32]

Sovet idman növü olan sambo yaradılarkən Azərbaycan güləşinin fəndlərindən də istifadə edilib.[33][34][35] Məsələn, samboda rəqibi yerə atmaq üçün kəmərdən tutulması ideyası Azərbaycan güləşində şalvardan tutmaq şəklindən təsirlənmiş ola bilər.[29] Müasir dövrdə Azərbaycanın yerli icmaları və köçəriləri arasında klassik Avropa və Asiya döyüş sənətlərindən təsirlənmiş yerli güləş ənənələri mövcuddur.[36]

Oxçuluq

Oxçular festival zamanı

Azərbaycan inanclarında adı keçən, Umay kultu ilə bağlı olan Fatma Qarı belində oxu və yayı olan bir varlıq şəklində təsvir edilir. O, yayını göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur. "Oxçu" sözünün özü isə Azərbaycan dilinin dialektlərində "bilici, əfsunçu" mənası ilə qorunub saxlanılmışdır. Bu məna mifoloji düşüncədən qalıb. Tədqiqatçılar qədim zamanlarda şamanların mərasimlərini nağara ilə deyil, oxla yerinə yetirdiyinə dair məlumatlar əldə ediblər. Bu məlumat oxçunun "bilici, əfsunçu" mənası ilə də uyğun gəlir.[37]

XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddinin divanında oxçuluqla bağlı 75 terminə yer verilmişdir, bunlardan 39-u türk mənşəlidir, 9-u isə türk mənşəli söz ilə alınma sözlərin birləşməsi nəticəsində əmələ gəlmişdir. Qazi Bürhanəddinin divanında ox atan şəxs oxçudan başqa "tir atan" və "tirəndaz" da adlandırılır. İstifadə edilən "qatı yay" termini yayın daha çox çəkmə gücü tələb etdiyini və daha uzağa getdiyini göstərir, həmçinin navək (balaca ox), tir (sivri ucuna dəmir taxılmış ox) və çarx oxu (sərt ağacdan hazırlanmış, qısa boylu, dəmir başlıqlı, ayaq yayı ilə atılan hərbi ox) qeyd edilir. Yayı tutma üsullarından işarə barmağının yayın gövdəsinin arxasına doğru bükərək gizləndiyi və baş barmağın orta barmağın üstünə qoyulduğu "çəng-i bazi" üsulu qeyd edilmişdir.[38]

Oxatma Azərbaycan meydan tamaşalarına daxil idi. Ox yarışlarında həm piyada, həm atlı şəkildə yüksək yerdən atılan almanı havada vurmaq, qırx oxu eyni hədəfdən keçirmək, üzük halqasından ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. Atla ox atarkən əvvəlcə heyvanın yanında məşq etmək, onu yavaş-yavaş oxa alışdırmaq tələb olunur. Bacarıqlı oxçu atının boynunun altından da nişan alıb vura bilirdi.[39] Toy mərasimində üzüyə ox atmaq adəti isə göy-səma oduna, ildırıma pərəstişlə izah edilirdi.[40]

Atla oxatmanın oyun növlərinə qopuq və "piyalə və ox" aiddir. Qopuq oyununda hündür dirəyin üstünə qoyulmuş qızıl cam oxla vurulub salınmalı idi. Oyun igidlik sınağı hesab edilirdi, hərbi əhəmiyyəti var idi. "Piyalə və ox" oyununda isə qızıl cam içki qabı ilə əvəz edilir, oyun adi insanlar arasında oynanılırdı.[39] Azərbaycan cənub və cənub-qərb bölgəsində yayılmış "Altınqabaq" oyununda at çapılarkən oxla və ya odlu silahla hədəf vurulurdu. Çevikliyin nümayiş edildiyi bu oyunda hədəf olaraq qızıl və ya gümüş üzük, həmçinin halqa istifadə edilirdi. Oyunun adı əvvəlki dövrlərdə hədəf olaraq qızılla (altınla) doldurulmuş qabağın asılması ilə əlaqədardır.[41]

Azərbaycan dastan qəhrəmanı Koroğlu və yoldaşları oxçuluqdakı bacarıqları ilə təsvir edilirlər. Koroğlu dastan qollarının birində döyüşçü yoldaşının başına almanın saplağında bir üzük taxıb qoyur və qırx oxun hamısını üzüyün halqasından keçirirdi, digər bir qolda isə göydə durnalardan birini vururdu.[42]

Müasir Azərbaycanda kamandan oxatma idman növü sovet dövründən etibarən inkişaf etməyə başlamış, "Məhsul", "Spartak", "Lokomotiv" və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V. Maksimov, S. Yusifova, S. İsmayılova, N. Hüseynova, O. Saraykina, E. Hacıyev və başqa idmançılar SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olub. Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə Bakıda təsis edilib. 2016-cı ildə Azərbaycan ilk dəfə Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə iştirak etmişdir.[43][44]

Döyüş oyunları

Piyada oyunlar

Azərbaycanda tarixən döyüş qabiliyyətinə çatma, fiziki və hərbi hazırlıq müxtəlif atlı və piyada döyüş oyunları vasitəsilə inkişaf etdirilmişdir. Nizə və ox atmaq, qılınc oynatmaq, yumruq davası və güləş belə döyüş oyunlarının ön hazırlığı olmuşdur.[41] Döyüş oyunlarının özü isə silahla necə rəftar etməyi, geri çəkilmə və hücumu, mühasirədə qalmağı və çıxmağı öyrədir.[45] Atsız oynanan döyüş oyunları müdafiə xarakterlidir, mühasirədə özünü müdafiə etmə və çıxma xüsusiyyətlərinə malikdir. Bunlardan bir çoxu dairə içində oynanılır. Folklorşünas Füzuli Bayata görə oyunda istifadə edilən dairə qala kimi düşünülməməli, qədim türklərin müdafiə oyunları kimi baxılmalıdır.[46]

Qılıncoynatma Azərbaycanda cıdır tamaşalarının maraqlı əyləncələrindən biri idi. Azərbaycan nağıllarındaHüseyn Cavidin 1933-cü ilə aid "Səyavuş" əsərində qılıncoynatma səhnələrinə rast gəlinir.[47][14] Həmçinin atcanbazı, əsbəndaz, əsbran, minici, cündi adlandıralan akrobat at üstündə müxtəlif hərəkətlər etməklə bərabər qılınc, xəncər, zorxana mili, tüfəng və digər alətlərlə öz məharətini göstərərdi.[48] Qılıncoynatmaya həmçinin şatır yarışlarında[49]yuğ mərasimində rast gəlinir,[50], "Şəmşirbaz" tamaşasında qılınc vasitəsilə müxtəlif təhlükəli hərəkətlər göstərilir.[11] Keçmişdə Bakı kəndlərində dərvişlər toylarda iştirak edir, İslam müqəddəslərinin igidliklərindən bəhs edib, silah oynadırdılar.[51]

Dairə içində oynanılan döyüş oyunlarına "Dirədöymə" oyunu daxildir. "Dirədöymə" oyunu qrup şəklində oynanılır, dairə daxilindəkilər qayışı qorumağa, xaricindəkilər isə qayışı götürməyə çalışır.[46] Hücumçu qayışı ayağı ilə vura və qoruya bilər. Bəzən isə çöldən kimsə cəsarətlə hücum edir, içəridəkilərdən kimisə kürəyindən iki ayağı ilə vurur. Zərbə vurulan şəxs isə dairədən kənara çıxarkən içəridəkilərdən 2–3 nəfəri özü ilə çıxararaq yıxır.[52] "Dirədöymə" oyunu Naxçıvanda "Cızıq tutması", Muğanda "Cızıqdançıxma", Bakıda "Qayışçapdı" ("Qayışaldı"), Göyçayda "Turaoynu" ("Tuladöydü") və s. adlarla bilinir.[53] Hüseynqulu Sarabski "Köhnə Bakı" kitabında "Cızıq turnası" oyunundan bəhs edir:

" Geniş küçələrin birində yerdə 5-6 kvadrat sajın dövrə çəkərdilər. “Cızıq turnası" oyununda iştirak edənlər iki dəstəyə bölünərdi. Çevrənin kənarında olan uşaqların əlində turna olardı (uşaqlar qurşaqlarını bellərindən açıb eşər, düyünlərdilər ki, buna da turna deyərdilər)[52] "

Digər bir oyun isə mərkəzdəki oyunçunun yerini tərk etməmək üçün döyüşdüyü "başqoruma" oyunudur. Dairənin kənarındakı oyunçular ona zərbə endirməyə çalışır, mərkəzdəki oyunçu isə özünü qoruyaraq təpik atır. Təpik dəyən iştirakçı mərkəzdəkini əvəz edir və oyun davam edir. Oyunda başın qorunmasının vacib olmasına görə oyun "başqoruma" adlandırılmışdır. Oyuna özünü müdafiət etmə qabiliyyəti, cəld hərəkət etmə daxildir. Oyun iştirakçılar fiziki cəhətdən yorulana qədər davam edir.[54]

Azərbaycan tarixən tərəkəmələrin yaşadığı bölgələrdə çobanlar dəyənək oyunu oynayırdılar. Bu oyun Osmanlı imperiyasında oynanılan Matrak oyununun bir variantıdır. Matrak oyununda iştirakçılar qılınc yerinə dəyənəklə bir-birlərinə hücum edir, qalxan vasitəsilə özlərini qoruyurlar.[55] Atsız oynanılan Cıdır oyununda isə iştirakçılar dəyənəyi ola bildiyincə uzağa atmağa çalışırlar. Onlar dəyənəyi dirək və ya balta sapına vururlar. Ən uzağa düşən dəyənəyin yerinə xətt çəkilir və digər oyunçular hədəflərini bu xəttə görə seçirlər. Cıdır oyunu nizə atmaq, ov ovlamaq, uzaqdakı hədəfi vurmaq məşqini xatırladır.[41]

Atlı oyunlar

Kürdlər və azərbaycanlılar Sərdarabad qalası qabağında cigit oynayır. Qriqori Qaqarin

Azərbaycanda "Baharbənd", "Papaqaldıqaç", "Sür-papaq", "Qız-qov", "Yaylıq", "Çövkən", "Güc sınağı" oyunları geniş yayılmış, bu oyunlarda bir və ya bir neçə döyüş xüsusiyyəti saxlanmışdır.

  • "Baharbənd" oyununda çeviklik və at minmə bacarığı nümayiş edilir. Bu oyunda at çapanlar üstlərindəki əşyaları – qılınc, xəncər və s. kimi şeyləri müəyyən yerlərə atır, sonra atın üstündə cəld çevrilərək çapıb əşyaları götürür.
  • "Papaqaldıqaç"da biri qız olmaqla 9 və ya 13 nəfər iştirak edir. Oyunda sürətlə hərəkət etməli, rəqiblər və atlar itələnməməlidir. Bu oyunda baş qorunmalı, qarşı tərəfin papağı, dəbilqəsi götürülməlidir. Oyunun məntiqi bundadır ki, papağını qoruya bilməyən döyüşdə başını da qoruya bilməz.
  • "Sür-papaq" oyununda iki qrup bir-birinin əlindən papağı alaraq qarşı tərəfin halqasına atmağa çalışır. Oyunda atlıların çevikliyi, eyni hədəf uğrunda birlikdə mübarizə apara bilmə taktikası yoxlanılır.
  • "Qız-qov" və ya "Qıza çat" oyununda atlılar ata minmiş qızla yarışır, ona çataraq öpməyə çalışır. Oyun Azərbaycanda və Mərkəzi Asiyada yayılmışdır. Tələb olunan bacarıqlar at üstündə cəldlik, rəqib atlını müəyyən məsafəyə çatana qədər keçmək bacarığıdır.
  • "Yaylıq" oyununda iştirakçılar yaylığı daşıyan atlıdan onu almaq istəyir. İnkişaf etdirilən xüsusiyyətlər yaxşı at seçimi, atı sürmə və idarəetmə qabiliyyətidir.
  • Atlı Cıdır oyununda müəyyən məsafəni digərlərindən daha sürətlə qət edən iştirakçı qalib gəlir. Oyun atı sürmə və idarəetmə bacarığını, çevikliyi tələb edir.[41]
  • Güc sınağı oyununda iştirakçı atı çaparkən yerdən qoyunu götürməli və onu müəyyən məsafəyə qədər aparmalıdır. Bəzi bölgələrdə oyunun adı oğlaq oyunudur.[56]

Çövkən

Azərbaycan komandası çövkən oyununda

Çövkən Azərbaycanın milli döyüş sənəti[57] və UNESCO irsidir.[58] Çövkən oyununda iştirakçılar iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirməlidir. Qədim vaxtlardan bu oyun Azərbaycanda cəngi musiqi havası altında oynanılırdı. Oyuna güc və çeviklik, eynən döyüşdə olduğu kimi rəqibini seçə bilməmək xüsusiyyəti daxildir.[59] Müasir Azərbaycan oyununda hər komandada 6 süvari olur, bunlardan 4-ü hücumçu, 2-i qoruyucudur.[60]

Örənqalada aparılmış arxeoloji qazıntılar zamanı tapılan şirli qab üzərində, çövkən oyunun təsvir edildiyi rəsm bu oyunun XI əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir.[61] Ağaverdi Xəlilə görə, "çovqan" sözünün mənşəyi "bir yerdən digər yerə sürətli hərəkət etmək" mənasında işlədilən "çourmaq" felindən gəlir. Belə hərəkət edən şəxsə çouyan (çouqan) deyilir. Bu söz Şirvan bölgəsi ləhcələrində istifadə edilir və oyun da adını buradan alır.[62]

"Kitabi-Dədə Qorqud"un "Salur Qazanın evinin yağmalanması" boyunda çoban ona bəylik təklif edən düşmənə belə cavab verir: "Qılıncını nə öyərsən, mərə kaflr?! Əyri başlı çovkanımca gəlməz mana."[62] Azərbaycan şairləri Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Rüknəddin Məsud Məsihi əsərlərində çövkən oyununu qeyd etmişdir. Məsihi bir qəzəlini çövkən əsasında qurmuşdur. Onun yaradıcılığı XVII əsrdə oyunun çox sevildiyini və çox oynanıldığını göstərir. Məsihi çövkən oyununun ünsürlərini mistik məna üçün istifadə etmişdir.[63] Beytlərdən biri belədir:[64]

Ta ki meydan içrə oynar lütf ilə ol mah top,
Göydı mah şövqidin olur gah çövqən, gah top.
Çərx üzrə kuyi-mələkdür kim atar hər yan şəhab,
Atlanub meydan ara hərgəh çalur ol mah top.[64]

Müasir Azərbaycanda 1960-cı ildən etibarən çövkən oyunu üzrə, yenilənmiş qaydalar əsasında nümayiş və müsabiqələr keçirilməyə başlanmışdır.[61] Müstəqillik dövründə çövkən üzrə Prezident Kuboku keçirilmiş,[65] 2024-cü ildə çövkən üzrə Professional Liqa yaradılmışdır.[66]

Mədəniyyətdə

Solda: Azərbaycan xalq qəhrəmanı Koroğlu (A. Hacıyev).
Sağda: "Təkbətək döyüş" rəsm əsəri (Mir Möhsün Nəvvab)

XIII–XV əsrlərə aid[67] "Kitabi-Dədə Qorqud" dastanı oğuz türklərinin ortaq irsidir,[68] 3 əlyazmasından ikisi azərbaycan dilindədir.[69][70] Dastana görə oğuzlar daha uşaq yaşında ata minməyi, qılınc oynatmağı, ox atmağı öyrənməyə başlayırdılar. Qəhrəmanlıq göstərən uşaqlara isə Dədə Qorqud tərəfindən ad verilirdi. Məsələn, Buğaca üstünə hücum edən buğanı öldürdüyü üçün Dədə Qorqud tərəfindən ad verilmişdi. Oğuz igidinin həm hünərli (qan tökən, at minən, qılınc oynadan), həm fəzilətli (təvazökar, düz, comərd, qonaqsevər) olması gözlənilirdi. Dastanda ən çox istifadə edilən silahlar qılınc, gürznizə idi.[71]

"Kitabi-Dədə Qorqud" oğuzları boş vaxtlarında ox atar, bir-birinin gücünü sınamaq üçün və ya toy əyləncəsi olaraq ox yarışı keçirər, gərdək çadırını qurmaq üçün belə oxdan istifadə edərdilər.[68] Dastan boylarının birində oğuz igidi Bamsı Beyrək sevdiyi qız olan Banu Çiçəklə evlənməzdən əvvəl onunla güləş, oxçuluq və at yarışında güc sınayırdı.[68]

XVII əsr[1] Azərbaycan dastanı "Koroğlu"da baş qəhrəman və onun "dəli" adlandırılan yoldaşları güləş, qılıncoynatma, nizə atma, oxçuluq kimi idman sənətləri ilə məşğul olurdular. Bunun səbəbi düşmənə qalib gəlmək üçün dəlilərin dözümlü və sağlam olması tələbi idi. Dastanın "Koroğlu ilə Dəli Həsən" qolunda dəlilərin döyüş səhnəsi təsvir edilir:

" Qılınclarını çəkib bir-birlərinə hücum etdilər. Qılıncdan murad hasil olmadı. Nizəyə əl uzatdılar, nizədən də kar aşmadı, axırda atdan düşdülər, güləşməyə başladılar.[14] "

Koroğlunun xüsusiyyətlərindən biri də dəli nərəsidir. Nərə Koroğlunun qeyri-adi fiziki gücününün səsdə obrazıdır, Allah vergisidir. Koroğlu nərəsi həm döyüş ritualı, həm də döyüş taktikası ilə bağlı bir hərəkət ola bilər. XVI əsrdə düşmənlərlə döyüşən igidlərin nərə çəkməsi ilə bağlı məlumatlar vardır.[72]

Azərbaycan milli rəqslərində döyüş elementlərinə rast gəlinir. "Cəngi" kişilər tərəfindən icra edilən kütləvi döyüş rəqsidir, döyüş başlayarkən ifa edilir. Rəqqaslar bir sıra düzülür və əvvəlcə düşməni duelə çağırırlar. Bundan sonra rəqqaslar çevik, cəsarətli hərəkətlər edərək, döyüş anını canlandırırlar.[73] İfaçılar əllərində qılınc və qalxan tuturlar ki, bu da səhnəni döyüş meydanına bənzədir.[74] Rəqsin melodiyası qəhrəmanlıq və döyüşkənlik ruhunu təcəssüm etdirir.[75] "Qaladan-qalaya" yallısı isə döyüş və cəngəvərlik ənənələrinin təsviridir. İstifadə edilən baş örtüyü sülh simvoludur.[76]

Beynəlxalq rolu və təbliği

Azərbaycanlı Vasif Namazov tərəfindən türklərin döyüş mədəniyyətinə əsasən alpaqut döyüş sənəti yaradılmışdır. 2014-cü ildə Dünya Alpaqut Federasiyası fəaliyyətə başlamışdır.[77][78] 2022-ci ildə Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası (ICSSPE) Dünya Alpaqut Federasiyasını rəsmi olaraq üzvlüyə qəbul etmişdir.[79][80][81]

Azərbaycanın da iştirak etdiyi I Dünya Köçəri oyunlarında zorxana döyüş sənəti üzrə yarış keçirilməsə də, bu idman oyunu müsabiqədə sərgilənmişdir.[82][83] III Dünya Köçəri oyunlarında Azərbaycan kəmər güləşi, pəhləvan güləşi, qol güləşi üzrə gümüş və bürünc medallar qazanmışdır.[84] IV Dünya Köçəri oyunlarında Azərbaycan komandası alış güləşi (2 növdə), kəmər güləşi, mas-restlinq, koreş, aşırtmalı aba güləşi, qapışmalı aba güləşi, pəhləvan güləşi, milli oxatma, yağlı güləş, kuraş, Qazax güləşi oyunlarında iştirak etmişdir.[85]

Yakutiyanın milli idman növü olan mas-reslinq üzrə Azərbaycanda yarışlar keçirilir.[86] Azərbaycan III Dünya Köçəri oyunlarında mas-reslinq üzrə 2 gümüş və 1 bürünc medal qazanmışdır.[87] 2024-cü ildə keçirilən BRİCS oyunlarında Azərbaycan türk güləşi olan kuraş üzrə 4 medal qazanmışdır.[88][89]

Azərbaycanda 2019-cu ildən etibarən Milli Yaylaq Festivalı keçirilir.[90] Festivalda icra edilən milli yaylaq oyunları milli güləş yarışı, qurşaq güləşi, zorxana, oxatma, pəhləvanlıq, ağac çəkmə, kəmənd dartma və s.-dir.[91]

2013-cü ildə ənənəvi Qarabağ atçılıq oyunu çövkən UNESCO səviyyəsində Azərbaycanın qeyri-maddi mədəni irsi elan edilmişdir.[92] 2022-ci ildə pəhləvanlıq irsi "Pəhləvanlıq sənəti: ənənəvi zorxana oyunları, idman növləri və güləş" adı altında UNESCO siyahısına daxil edilmişdir.[93] 2023-cü ildə Azərbaycanın çövkən oyunu və pəhləvanlıq sənəti digər 8 Azərbaycan irsi ilə birlikdə ICESCO Dünya irsi siyahısına daxil edilmişdir.[94]

Qeyri-maddi mədəni irs qeydiyyatı siyahısı

Azərbaycan milli qeydiyyatı UNESCO qeydiyyatı ICESCO qeydiyyatı
İrsin adı Qeydiyyat nömrəsi İrsin adı Qeydiyyat nömrəsi Xüsusiyyətləri
Pəhləvan sənəti DA0104000004 Pəhləvan sənəti: ənənəvi zorxana oyunları,
idman növləri və güləş
01703[93] Növü: ənənəvi sənətkarlıq, ifaçılıq sənətləri, sosial təcrübələr, ayin və bayramlar
Əlaqəli mövzular: hərbi təhsil, mənəvi dəyərlər və s.
Biomlar: aqroekosistem, şəhər əraziləri
Təhlükə təşkil edən faktorlar: represiv siyasət[93]
Əlaqələndirilmiş Ümumdünya irsləri: Şirvanşahlar sarayıQız qalası ilə birlikdə İçərişəhər,[95] Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi[96]
✅Y[94]
Zorxana FO0105000001
Sinə oyunu/Qılıncsındırma
Mil oyunu FO0105000002
Yekba FO0105000006
Səngqaldırma/daşoynatma FO0105000005
Kəbbadə/Kəmanə FO0105000003
Yepka/ayaqdöymə
Çərxi/təndüvrə
Zəncirqırma
Azərbaycan milli güləşi/Qurşaqtutma FO0105000004[30]
Atüstü güləş ✅Y[97]
Altunqabaq/Altınqabaq ✅Y[97]
Dirədöymə FO0104000007
Atlı oyunlar FO0101000001
Baharbənd ✅Y[97]
Papaq oyunu ✅Y[97]
Çövkən ✅Y[97] Ənənəvi Qarabağ atçılıq oyunu çövkən 00905 Əlaqəli mövzular: atçılıq oyunları, köçərilik və s.

Biomlar: aqroekosistem, otlaq, dağlar

Təhlükə təşkil edən faktorlar: münaqişələr, gənclərin marağının azalması, yetərsiz maliyyə resursları, əhəmiyyətinin itirilməsi, material çatışmazlığı, sürətli iqtisadi dəyişikliklər, repressiv siyasət, kənddən şəhərə miqrasiya

✅Y[94]

Qalereya

Döyüş vasitələri

Qeydlər

  1. Zorxana mili şümşaddan və ya palıd ağacından hazırlanır. Çəkisi 12-30 kq arası dəyişir.[26] Həmçinin bax: Azərbaycan döyüş sənətləri və oyunları#Qalareya
  2. İstifadə edilən yekbagir və ya səng aləti 60-20 kq çəkisindədir, qapıya oxşar dəstəyi var. Səngi-zur , yəni güc daşı da adlandırılır.[26] Həmçinin bax: Azərbaycan döyüş sənətləri və oyunları#Qalareya
  3. İstifadə edilən kəbbadə girdə, ucları 1 metr uzunluğunda zəncir ilə birləşdirilən idman alətidir.[26] Həmçinin bax: Azərbaycan döyüş sənətləri və oyunları#Qalareya
  4. "Dünya döyüş sənətləri" ensiklopediyasında bu güləş növü Azərbaycanda türk güləş sistemləri (Martial arts of the world. Volume One: A–Q, 2001. səh. 117) və ya Azəri/türk güləşi adlandırılır (Martial arts of the world. Volume One: A–Q, 2001. səh. 508).]

Mənbə

İstinadlar

  1. 1 2 Multiple Authors. "Köroǧlu" (ingilis). Ираника. December 6, 2016. 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-08.
  2. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 158
  3. 1 2 Багирова М, Мамедов Э. Из истории спорта в древнем и средневековом Азербайджане // İRS. — Баку, 2015 № 1 (73). — С. 16−22.
  4. Babayev T. Şuşada idman ənənələri // Azərbaycan Milli Elmlər Akademiyası. Milli Azərbaycan Tarix Muzeyi. — Бакы: Elm, 2019. — С. 140−149.
  5. 1 2 3 4 5 И. Васьянов. "Гюлеш - национальная азербайджанская борьба". ussrwrestling.narod.ru. 2016. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
  6. 1 2 3 İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 102-103
  7. 1 2 3 4 5 6 7 8 Əskər, 2017. səh. 125-127
  8. Əskər, 2017. səh. 130
  9. NÜBAR HƏKİMOVA. "AZƏRBAYCAN FOLKLORUNDA XALQ TƏBABƏTİ İLƏ BAĞLI İNANCLAR SİSTEMİ" (az.). AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FOLKLOR İNSTİTUTU. 2017. səh 22–23.
  10. Martial arts of the world. Volume One: A–Q, 2001. səh. 342-343
  11. 1 2 3 4 5 6 7 8 Abdullayeva, 2007. səh. 152-155
  12. 1 2 İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 230
  13. 1 2 3 4 5 Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 405-408
  14. 1 2 3 İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 243-245
  15. "Baku's Old City. Memories of How it Used to Be. By Farid Alakbarli". 2010-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-03.
  16. 1 2 Материалы по истории Азербайджана / Редакционная коллегия: И. А. Азизбекова (ответственный автор), А. И. Гусейнов, Ф. М. Алиев, Н. А. Таирзаде, Д. Д. Гаджинский, Р. А. Мамедов. — Элм, 1968. — Т. VII. — С. 34.
  17. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının təqvimi.  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 may 2017.
  18. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Çərxi-tiz yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2017.
  19. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Kəbbadə yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2017.
  20. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Mil səngin yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2017.
  21. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Mil bazi yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2017.
  22. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Səngi yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2017.
  23. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Komanda yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 may 2017.
  24. "IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarının nəticələri (Kişilər, Çəxri-çəməni yarışı).  (ing.)" (PDF). www.baku2017.com (IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytı). 2017-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 may 2017.
  25. 1 2 Aleksandr Düma. Qafqaz səfəri. Bakı. Qanun nəşriyyatı, 2014. 192 səh.
  26. 1 2 3 4 5 Rəhimov M., Qulamov H. ZORXANALARDAN GÜLƏŞ ARENALARINA. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90).
  27. Mehmet Emin BAY. GELENEKSEL TÜRK SPORLARINDAN KISA ŞALVAR GÜREŞİNİN UYGULAMALARI VE KÜLTÜREL BOYUTUNUN İNCELENMESİ // AYDIN ADNAN MENDERES ÜNİVERSİTESİ SAĞLIK BİLİMLERİ ENSTİTÜSÜ. — AYDIN, 2019.
  28. Н. Флоровский. Елисаветпольский край // Обозрение российских владений за Кавказом. Елисаветпольский округ. Жители . II. Цензор П. Корсаков. Санкт-Петербург: Типография департамента внешней торговли. 1836. 377.
  29. 1 2 Martial arts of the world. Volume One: A–Q, 2001. səh. 508
  30. 1 2 "Pəhləvan güləşi" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-02.
  31. Əskər, 2017. səh. 15-136
  32. Lee, Lauwaert., 2021. səh. 202
  33. "История САМБО". Официальный сайт Международной Федерации САМБО. 2016-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-26.
  34. "Традиции и философия самбо". Всероссийская федерация самбо. 2018-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-26.
  35. Martial arts of the world. Volume One: A–Q, 2001. səh. 117
  36. Martial arts of the world. Volume One: A–Q, 2001. səh. 341
  37. Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.). səh 218 və 412.
  38. BAKIRCI, Fatih. (2018). KADI BURHANEDDİN DİVANI NDA OKÇULUKLA İLGİLİ UNSURLAR. Journal of International Social Research. 11. 41–57. 10.17719/jisr.2018.2894.
  39. 1 2 Əskər, 2017. səh. 139-140
  40. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 327
  41. 1 2 3 4 Bayat, 2017. səh. 141-147
  42. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 157
  43. "Azərbaycan Kamandan Oxatma Federasiyası". Azərbaycan Milli Ensiklopediyası: [25 cilddə]. II cild (10 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. baş red. M. K. Kərimov. 2010. səh. 526. ISBN 978-9952-441-05-5.
  44. "46-я лицензия Азербайджана на Олимпиаду-2016 в Рио, (az) 2016 Olimpiadası üçün Azərbaycanın 46-cı lisenziyası". www.kaspiy.az. 3 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  45. Bayat, 2017. səh. 167
  46. 1 2 Bayat, 2017. səh. 139
  47. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 146
  48. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 228
  49. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 74
  50. Abdullayeva, 2007. səh. 126
  51. Azərbaycan etnoqrafiyası, II, 2007. səh. 387-388
  52. 1 2 Azərbaycan xalq oyunları (dirədöymə, qığımətik). Aynur İbrahimova. Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları. səh 84-91.
  53. Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 399
  54. İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, 2016. səh. 88
  55. Bayat, 2017. səh. 155
  56. Əskər, 2017. səh. 138
  57. Lee, Lauwaert., 2021. səh. 348
  58. David C. King. Cultures of the World. Azerbaijan (неопр.). — Marshall Cavendish, 2006. — С. 108. — ISBN 0761420118.
  59. Bayat, 2017. səh. 161-162
  60. В. Парфенов. Кавказские национальные конные игры. — HORSE. RU, 2004. Архивировано 6 июня 2019 года.
  61. 1 2 Чөвкән / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 377.
  62. 1 2 Əliyeva, 2023. səh. 632
  63. Əliyeva, 2023. səh. 635-636
  64. 1 2 Əliyeva, 2023. səh. 633-634
  65. "Состоится очередной Кубок Президента по игре човган". Azertag (rus). 09.12.2023. 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  66. "В Баку прошла церемония открытия первой в Азербайджане Профессиональной лиги по човгану". Azertag (rus). 21.05.2024. 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-29.
  67. Meeker, 1992. səh. 395
  68. 1 2 3 Şükrü ÖZTÜRK, "DEDE KORKUT HİKÂYELERİNDE TÜRK SPORU". Asos Journal (2016).
  69. Китаби Деде Горгуд = Китаби-Дəдə Горгуд / Составители, транскрипция, упрощённый вариант и предисловие Фархада Зейналова и Самета Ализаде. — Б.: Язычы, 1988. — 265 с. — ISBN 5560002518. (азерб.)
  70. Ercilasun, A. B. "Dede Korkut Kitabı’nın Yeni Nüshası ve Üzerindeki Yayınlar" . Milli Folklor 16 (2019): 5–22 <https://dergipark.org.tr/en/pub/millifolklor/issue/49086/626390 Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine>
  71. Lütfü Kerem BAŞAR,"Dede Korkut Hikâyelerinde Savaşçı Eğitimi". Journal of Turkish Studies (2012).
  72. RƏHİLƏ SƏFƏRƏLİYEVA. "AZƏRBAYCAN XALQ DASTANLARINDA QƏHRƏMAN TİPLƏRİ". AMEA FOLKLOR İNSTİTUTU. 2017. (#accessdate_missing_url)
  73. Т. С. Ткаченко. Народный танец / под ред. Н. И. Львова. — М.: Искусство, 1967. — С. 278. — 656 с.
  74. Алмасзаде Г. Г., Кагарлицкая И. Д., Мамедов Б. А., Акопов А. В. Введение // Азербайджанские народные танцы / под ред. А. Б. Бадалбейли. — Б.: Объединённое издательство, 1959. (азерб.)
  75. Бадалбейли А. Б. Cəngi (азерб.) // Толковый монографический музыкальный словарь.
  76. İLGAR İMAMVERDİYEV – ALİ İMAMVERDİ. "AZERBAYCAN RAKS HAVALARI ATLASI 2. CİLT". Iksad Publications. 2020. (#accessdate_missing_url)
  77. "Yeni federasiya yaradıldı". Qafqazinfo (az.). 2014-02-17. 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  78. "Azərbaycanda yeni idman federasiyası açıldı". Milli.Az (az.). 2014-02-17. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  79. "New Member: World Alpagut Federation | International Council of Sport Science and Physical Education". www.icsspe.org. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  80. "World Alpagut Federation was officially recognized by the International Council of Sports Science and Physical Education ( ICSSPE) and became a member of the Council". World Alpagut Federation (ingilis). 2022-05-24. İstifadə tarixi: 2024-01-18.
  81. "Alpaqut döyüş sənəti BİEBTŞ tərəfindən rəsmən tanınaraq şuranın üzvlüyünə qəbul edilİb XƏBƏR". Sesqazeti.az (az.). 2022-05-24. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-18.
  82. Lioy, Stephen. "The 2014 World Nomad Games - Kyrgyzstan - WorldNomads.com" (ingilis). 26 September 2014.
  83. "The first-ever "World Nomad Games"". worldnomadgames.com (ingilis). 2016-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-09.
  84. "Azərbaycan III Dünya Köçəri Oyunlarında geniş heyətlə təmsil olunur". İstifadə tarixi: 2024-05-23.
  85. "IV Dünya Köçəri Oyunlarında iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Türkiyəyə yola düşüblər". İstifadə tarixi: 2024-05-23.
  86. "Mas-reslinq üzrə Azərbaycan kuboku keçiriləcək". 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  87. "III Dünya Köçəri Oyunları: Komandamızdan 3 medal..." İstifadə tarixi: 2024-05-23.
  88. "Azərbaycan idmançılarından BRİCS Oyunlarında daha 4 medal". 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  89. "Azərbaycanın iştirak etdiyi BRICS Oyunları nədir, kimlər yarışır? – ARAŞDIRMA". 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  90. "Milli Yaylaq Festivalı: türk xalqlarının ortaq tədbiri" (az.). İstifadə tarixi: 2024-07-05.
  91. "MİLLİ YAYLAQ OYUNLARI" (az.). 2024-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
  92. "Chovqan, a traditional Karabakh horse-riding game in the Republic of Azerbaijan". www.unesco.org. UNESCO. Archived from the original on 2017-05-10. İstifadə tarixi: 21 iyun 2016.
  93. 1 2 3 UNESCO. "Pehlevanliq culture: traditional zorkhana games, sports and wrestling". 2022. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
  94. 1 2 3 "Samples of Azerbaijan's intangible cultural heritage included in Islamic World's Heritage List" (ingilis). report.az. December 20, 2023. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-22.
  95. "Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower". UNESCO World Heritage Centre. 2 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
  96. "Historic Centre of Sheki with the Khan's Palace". UNESCO World Heritage Centre. 8 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2021.
  97. 1 2 3 4 5 AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 218 saylı 28.04.2010 tarixli Əmri ilə təsdiq edilmişdir, 25.08.2011, 28.03.2012, 18.10.2012, 15.05.2013, 03.02.2014, 27.01.2015, 17.02.2016, 12.05.2016, 24.10.2018, 09.04.2019, 09.12.2020 tarixli əlavələrlə. Online access: ICH inventory — Azerbaijan: Azerbaijani/English in Craftsmanship of mother of pearl inlay Arxivləşdirilib 2023-12-08 at the Wayback Machine

Ədəbiyyat

  • Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild. (az.). Şərq-Qərb. 2007. ISBN 5-17-033764-7.
  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (az.). Şərq-Qərb. 2007. ISBN 978-9952-34-152-2.
  • Abdullayeva, Səadət. Azərbaycan folklorunda çalğı alətləri (az.). Adiloğlu. 2007. ISBN 978-9952-25-055-8.
  • Bayat, Füzuli. Şamandan səmazənə: oyun və oyunçu (az.). Elm və təhsil. 2017. ISBN 4603000000.
  • Əskər, Nailə. İslam coğrafiyası və Azərbaycanda oyunlar (az.). Elm və təhsil. 2017. ISBN 978-9952-810-89-9.
  • İslam coğrafiyasında və Azərbaycanda xalq oyunları və meydan tamaşaları, Beynəlxalq Elmi Konfransın materialları. (az.). Elm və təhsil. 2016.
  • Martial arts of the world. An encyclopedia. Volume One: A–Q. Edited by Thomas A. Green, Published by ABC-CLIO, 2001. ISBN 1-886969-85-X
  • Meeker, Michael E. The Dede Korkut Ethic (ingilis). International Journal of Middle East Studies. 1992.
  • Kanghyeok Lee, Nanoï Lauwaert. "World Martial Arts. Towards a global overview" (ingilis). Changhyun Park. 2021. (#accessdate_missing_url)
  • Əliyeva, S. (2023). At ve At Kültü, Çevgan Oyunu ve Mesihi Yaratıcılığında İzleri. Korkut Ata Türkiyat Araştırmaları Dergisi(13), 628–637. https://doi.org/10.51531/korkutataturkiyat.1326910

Əlavə ədəbiyyat

  • KÜÇÜKER, Elif. Savaş unsurları // KUTADGU BİLİG’DE KÜLTÜR UNSURLARI (türk). SAKARYA ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. 2019.
  • GÖKSU, ERKAN. KUTADGU BİLİG'E GÖRE TÜRK SAVAŞ SANATI (türk). Uluslararası Sosyal Araştırmalar Dergisi (Volume 2/6). 2009.
  • Erdoğan, E., "Safevilerde Okçuluk ve Kabak Oyunu’na Genel Bir Bakış", Kerkük Çok Irak Değil-Prof. Dr. Eşref Buharalı’ya Armağan; Türk Tarihine Dair Yazılar II, Ankara, 2017, ss. 741–746.
  • Erdoğan, E. (2019). SEYYAHLARA GÖRE XVII. YÜZYILDA SAFEVİLERDE DÜZENLENEN BAZI OYUNLAR, EĞLENCELER VE GÖSTERİLER . Tarih Araştırmaları Dergisi, 38 (66), 224–242 . DOI: 10.35239/tariharastirmalari.519754

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!