Azərbaycan cəmiyyəti — Azərbaycan mühitində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-nin tətbiq edildiyi cəmiyyət.
Azərbaycan mədəniyyəti kollektivçi və patriarxal mədəniyyətdir.[1] İslam dininin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.[2] Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynamışdır və bu rol hələ də davam edir.[3] XIII əsrdən başlayan monqol hakimiyyəti Azərbaycanda yerli şamançılıq ənənələrinin güclənməsinə səbəb olmuş, şamançılığın özü Azərbaycan adət-ənənələrinə təsir etmişdir.[4]
Cənubi Qafqazın üç imperiya tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.[5] Çarlıq və sovet dövründə Azərbaycanda dini savadsızlığa qarşı mübarizə, təhsilin müasirləşdirilməsi, qadınların hüquqlarının qorunması məsələləri ön planda olmuşdur.[6][7][8] Sovet sisteminin dağılması nəticəsində qlobal dəyərlər Azərbaycana təsir etməyə başlamışdır. Müasir dövrdə dəyərlər və ənənələr azərbaycançılığın vacib tərkib hissəsidir, Azərbaycan Prezidentinin andiçmə mərasimi mətnində qeyd edilir, bu zaman prezident dəyərlərə və ənənələrə sadiq qalacağını bəyan edir.
Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.[9] Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş,[10] bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.[2] Sufizm Azərbaycan mənəvi həyatında tarixən böyük rol oynamışdır və bu rol hələ də davam edir.[3] Cənubi Qafqazın üç imperiya (İran, Osmanlı və Rusiya) tərəfindən əhatə edilməsi nəticəsində fars, türk, rus, sovet, şiə və sünni elementləri azərbaycanlılar tərəfindən öz ailə tarixlərində, ayinlərində, dillərində və yazılarında uyğunsuzluq və ya ziddiyyət hissi olmadan yan-yana qorunmuşdur.[11]
XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur.[4] Bundan başqa, bir Azərbaycan nağılında şahzadələrin nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda da mövcud olmuşdur.[12][13]
Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqolların və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərinə görə mədh edilib sevilmişdir.[14]
Gürcüstanda yaşayan kistlərin ənənəsi Azərbaycan şiə adətləri ilə gürcü xristianlığını özündə birləşdirir. Bunun sübutu kistlərin qəbirdaşlarının Azərbaycanın Şəhidlər Xiyabanındakı qəbirdaşları ilə bənzərliyidir.[15] İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.[16]
Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəniyyət və davranışla bağlı normalarına istiqamətlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib.[17][18] Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət kimi formalaşmışdır.[19] İranda isə Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.[20]
Ermənilərin əsrlər boyu müsəlman hakimlərinə tabe olması, onların türk tayfa ağsaqqalları ilə əlaqələri və tez-tez türk-erməni-fars nikahlarının baş verməsi nəticəsində ermənilər fars-türk müsəlman mədəniyyətinin elementlərini, məsələn dillərini, adlarını, musiqilərini, qadınlarının cəmiyyətdə itaətkar mövqeyini və bəzi hallarda hətta çoxarvadlılığı qəbul etmişdir.[21] Vərəndə məliki Hüseyn Naxçıvan xanının qızını qaçırmış və onunla evlənmişdir.[22] Bu nikahdan dünyaya gələn II Şahnəzər öz qızı Hurizad xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xanla evləndirərək Qarabağ xanlığı ilə ittifaqını gücləndirmişdir.[23] Erməni müəllifi Raffiyə görə, II Şahnəzər şəxsi həyatında farsların çoxarvadlılıq adətlərini qəbul etmiş, bununla da xristian mənşəli insanların dini hislərinə təsir etmiş, digər məliklərin nifrətinə səbəb olmuşdur.[24]
Çarlıq hakimiyyəti dövründə, XIX əsrdə Azərbaycan sufi nəqşibəndi təriqətinə aid olan xəlidi şeyxləri evləri ziyarət edir, sufizm əxlaqını bu üsulla yaymağa çalışırdılar.[25] XIX əsr nəqşibəndi xadimi Almalılı Mahmud Əfəndi Kazandakı xəlifəsinə yazdığı məktubunda pis əxlaqın əlacının sufi adəti olan xəlvətə çəkilmək olduğunu qeyd edirdi.[26]
Çarlıq dövründə Azərbaycan intelektuallarının müasirləşməyə qarşı münasibətləri fərqli idi. Bir qrup mühafizəkarlar Qərb mədəniyyətinə assimilyasiya nəticəsində mənəvi dəyərlərin itiriləcəyini fikirləşirdi. Ekstrim Qərb tərəfdarları Qərb mədəniyyətinin xüsusiyyətlərinin istisna olmadan, azərbaycanlılar tərəfimdən qəbul edilməsini müdafiə edirdilər. Digərləri isə fikirləşirdi ki, elmi və texnoloji yeniliklər və mədəni innovasiyalar əldə edilməli, ancaq mənəvi dəyərlər qorunmalıdır.[27]
XX əsrin əvvəllərindən etibarən nəşr edilən "Molla Nəsrəddin" jurnalı Azərbaycan cəmiyyətinin geridə qalmasını tənqid edirdi. Din və din xadimləri jurnalda tənqid edilir, yağış yağdırmaq üçün müsəllaya çıxanlar, aşura günü baş yaranlarla bağlı məqalə və felyetonlar dərc edilirdi.[6]
Üzeyir Hacıbəyov 1910-cu illərdən etibarən səhnələşdirilmiş "O olmasın, bu olsun" adlı musiqili komediyasında dövrün ailə-məişət mövhumatlarını lağa qoyurdu. O dövrün qaydalarına görə, qız uşağı atasının tələbləri ilə razılaşaraq yaşlı bir kişiylə evlənməli olur, ərinin istəyi ilə qapalı qalmağa vadar edilir və əgər narazılıq etsə, döyülürdü. "O olmasın, bu olsun" komediyası da məhz bu məsələ ilə bağlı olaraq, qadın hüquqlarını müdafiə edirdi.[7]
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Azərbaycan mənəviyyatının vacib bir qaynağı olan dinə qarşı dövlət təbliğatı gedirdi. Bu dövrdə din əleyhinə tərbiyə, beynəlmiləl tərbiyə vacib rol oynayırdı. Sovet dövründə şəriət məhkəmələri ləğv edilsə də, dini və milli bayramlara bir müddət icazə verilmişdir.[28] 1930-cu illərdən etibarən Novruz bayramının rəsmi qeyd edilməsi dayandırılmış, 1937-ci ildə SSRİ Konstitusiyasının qəbulu ilə dini və milli bayramlar ləğv edilmişdir.[29] Sovet dövründə məscidlərə getməyə qadağa qoyulmuş, pirlərin və digər müqəddəs yerlərin ziyarətinə isə göy yumulmuşdur.[30]
Azərbaycanda müxtəlif müəssisələrdə qadınların çadralarını atmasına, çadranın qadağan edilməsinə Xalq Maarif Komissarlığı (XMK) kollegiyasının 24 noyabr 1928-ci il tarixli qərarı ilə, həmçinin 3 dekabr 1929-cu ildə çadranın ləğv edilməsi haqqında Azərbaycan SSR MİK-nın təşkilat şöbəsinin Azərbaycanın bütün zəhmətkeşlərinə müraciəti ilə nail olunmuşdur. Bu dövrdə XMK mədəni müəssisələrdə işləyən kişilərin geydiyi papaqa da qadağa qoymuş, onun yerinə Avropa baş geyimləri (şapka, furaşka, şlyapa) təklif edilmişdir.[31] Cəfər Cabbarlı qadının çadrasını atması ilə bağlı "Sevil" pyesini yazmış, Fikrət Əmirov da bu pyes əsasında eyniadlı operanı yazmışdır. "Sevil" obrazını səciyyələndirən yazıçı Elçin Əfəndiyev qeyd edir ki, "Sevil azərbaycanlı qadındır, məişəti, əxlaqı, dünyagörüşü etibarilə milli xarakterikdir, onun çadranı atması və həmin çadranın təcəssüm etdiyi ətalət və itaət dünyasına qarşı üsyanı bu bədii surətin milli özünüifadəsidir və məhz bu milli özünüifadə, xarakterin milliliyi onun arzu və istəyini ümumiləşdirir, konkret bir fərdin yox, konkret bir milli mənsubiyyətli insanın yox, bəşəri mahiyyətli qadının azadlıq mübarizəsindən xəbər verir."[32][33]
Sovet dövründə ailə hüququ ilə bağlı müxtəlif dəyişikliklər edilmişdir. Azərbaycan SSR-də çoxarvadlılıq, qadınların nikah məqsədilə qaçırılması, azyaşlıların nikahı və nişanlanması, qadınların öz hüquqlarını qorumaq üçün mübarizə aparması zamanı qətlə yetirilməsi sosial təhlükəli cinayətlər hesab edilmişdir.[34] Alınan digər bir qərar isə Şərq musiqisinin və tarın konservatoriyada tədrisinin dayandırılması idi. Əfrasiyab Bədəlbəyli tara qarşı aparılan təbliğatla bağlı "Tar üzərinə mühakimə münasibətilə" məqaləsini yazmış, burada tarın mənşəyini İranla yox, Qədim Misirin nabla instrumenti ilə əlaqələndirmiş, Mirzə Sadığın tarı azərbaycanlılaşdırdığını bildirmişdir.[31][35]
SSRİ-nin dağılması nəticəsində qlobal dəyərlər keçmiş sovet ölkələrinin, o cümlədən Azərbaycanın dəyərlərinə təsir etməyə başlamışdır. Müasir dövrdə Azərbaycanda dəyərlərə münasibətlə bağlı üç istiqamət müşahidə edilir: qərbləşmə, islami dəyərlərə qayıdış və Azərbaycan milli-mənəvi dəyərlərinin arxaik şəkildə qorunması.[36]
Üçüncü respublika dövründə vacib rol oynayan azərbaycançılıq ideologiyası dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün azərbaycanlıları birləşdirən ümumi və bənzərsiz kimliyin və mənəvi dəyərlər toplusunun mövcudluğu fikrinə əsaslanır.[37] Azərbaycan Prezidenti andiçmə mərasiminin protokol mətninə görə, Qurana əl basaraq, dəyərlərə və ənənələrə sadiqliyini bildirir, daha sonra Azərbaycan bayrağını öpür:[38]
2017-ci ildə Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır.[39] 2019-cu ildə fondun yaradılmasının ildönümündə çıxış edən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəhbəri qeyd etmişdir ki, 2 il ərzində bu fond əhalini maarifləndirmək üçün, milli-mənəvi dəyərlər, vətənpərvərlik, tolerantlıq və s. kimi mövzularda təqribən 100 konfrans, seminar və dəyirmi masa keçirmiş, 51 kitab nəşr etdirmiş, 3 sənədli filmin istehsalını maliyyələşdirmişdir.[40]
Müstəqillik dövründə Kifayət Ağayeva "Etika və Gender: Sosial-Əxlaqi Davranıșın Təhlili" adlı kitab ərsəyə gətirmişdir. Bu kitabda ailə və cəmiyyət çərçivəsində genderin, sosial və əxlaqi davranışın təhlili təqdim edilir.[41]
Tarixən Azərbaycanda böyük ailələrin bir yerdə yaşadığı təsərrüfatlar mövcud olmuşdur. Belə ailələrdə ailə başçısının ölümündən sonra varidatın bölünməsi baş vermir, ailə bir yerdə yaşamağa davam edirdi. Ailə başçısı "ağsaqqal" və ya "böyük ata" adlanırdı. Ata ölümündən sonra onun əvəz edəcək oğulu bacarıqlarına görə seçirdi. Ailə başçısı ailə daxili məsələləri yaşlı nəsillə, çox vaxt yaşlı qadınlar ilə məsləhətləşərək həll edirdi.[42] Azərbaycanda kiçik ailələr isə sadə (2 nəsil) və mürəkkəb olmaqla iki hissəyə bölünürdü.[43]
XX əsrin əvvəllərinə qədər azərbaycanlılar arasında patriarxal ailə quruluşu xarakterik idi. Ailənin başçısı arvadın cehizi istisna olmaqla, ailənin bütün daşınar və daşınmaz əmlakının sahibi idi. Ailə başçısının mülkü şəriətə uyğun bölünürdü. Məsələn, oğlan övladı qız övladına çatan mülkün iki qatını alırdı. Ailə başçısının dul arvadı isə bütün mülkün səkkizdə birini və şəxsi əşyalarını götürürdü.[44]
İnqilabdan əvvəl Azərbaycanda ağsaqqallar kənd həyatında və ayrı-ayrı ailələrin həyatında məsləhətçi və vasitəçi kimi vacib rol oynayırdı. Gənclərin və uşaqların, həmçinin qadınların (ağbirçəklər istisna olmaqla) bu və ya digər məsələnin müzakirəsində iştirak etmək hüququ yox idi. Ailə münasibətlərində kiçik həmişə böyüyə tabe olurdu. Hal-hazırda da yaşlılara hörmət azərbaycanlıların ailəvi və ictimai həyatının bir elementidir.[44]
İnqiliabdan əvvəl Azərbaycan ailəsində kişinin rolu qadınınkından daha üstün idi. Qız ata evində öz anasına və ya nənəsinə tabe idi. Gəlin isə evdəki yaşca daha böyük ev sahibəsinə (qayınana və ya böyük qayının arvadı) tabe idi. Yenicə evlənəndən sonra ərinin ailəsinin evində yaşayan gəlin ailədəki kişilərdən çəkinməli, ailənin yaşlı üzvlərinin oturduğu otağa daxil olmamalı idi. Ucadan danışmaq və ya gülmək ədəbsizlik sayılırdı.[44] Kənd ailələrindəki qadınlar təsərrüfat işlərində iştirak etdikləri üçün vacib məsələlərin həllində onlarla məsləhətləşilir, kişilərlə təsərrüfatda bir yerdə işlədikləri üçün şəhər qadınlarına nisbətən onlara daha çox sərbəstlik verilirdi.[45]
Uşaqlara baxmaq tamamilə ananın məsuliyyətində idi. Ailədə oğlan uşağının yeri isə qızınkından fərqli idi. 6–7 yaşına çatan oğlan uşağının tərbiyəsi ilə baba, ata və böyük qardaş məşğul olurdu. Uşaqların dini tərbiyəsi də eyni yaşdan başlayırdı.[44]
Sovet dövründə Azərbaycan ailəsində böyük dəyişikliklər baş verdi. Yeni həyat şəraiti ailə həyatında dəyişikliklərə səbəb oldu. Patriarxal qalıqlar demək olar ki, tamamilə yox edildi. Bu dövrdə qadınlar kənd təsərrüfatında, sənayedə, inşaatda, mədəniyyət idarələrində və başqa yerlərdə kişilərlər bərəbər işləyirdilər. Uşaqların tərbiyəsi işi də bu dövrdə dəyişdi. Oğlan və qız uşaqları eyni şərtlərlə yetişdirilirdi. Uşaqların tərbiyəsində ailə ilə bərabər, uşaq bağçaları, məktəblər və internatlar vasitəsilə cəmiyyət də iştirak edirdi.[44]
Orta əsrlər Azərbaycan şifahi xalq ədəbiyyatında sevgiyə əsaslanan monoqam (təkarvadlı) nikahlar təbliğ edilirdi. Koroğlunun övladı olmayanda ikinci arvad almaq yerinə Eyvazı övladlığa götürməsi bunun bir nümunəsidir. Azərbaycan məhəbbət dastanları arasında yalnız 4 nümunədə poliqamiyaya (çoxarvadlılıq) rast gəlinir. Bu dastanlar "Şah İsmayıl", "Əmrah", "Lətif şah" və "Valeh-Zərnigar"dır. Bu əsərlərdə qəhrəmanlar öz sevgililərinə qovuşmazdan əvvəl başqa qızlara söz verirlər.[46]
Azərbaycanda tarixən çoxarvadlılığın yayılması İslam dinində dörd arvada icazə verilməsi ilə bağlıdır. Ancaq keçmişdə Azərbaycanda əsasən ikiarvadlılıq yayılmışdı. Dindar və imkanlı şəxslərdən başqa orta səviyyəli və yoxsul ailələr arasında ikiarvadlılığın yayılması birinci evlilikdə övladın olmaması və ya qız övladının olması ilə bağlı idi. İkinci arvad gəlin gələndən sonra evdə iki qadın arasında davalar baş verir, bəzi hallarda birinci qadın boşandığı üçün evlilik yenidən təkarvadlılığa çevrilirdi.[46]
Keçmişdə çoxarvadlılıq həmçinin levirat adəti ilə bağlı idi. Kişi qardaşı vəfat etdikdən sonra onun arvadı ilə evlənir və uşaqlarına sahib çıxırdı. Adət buna yol verdiyi üçün insanlar bu hallara pis baxmırdı.[46] Etnoqraf Qiyasəddin Qeybullayev bu adətin həm də varlı ailələrdə varidatın bölünməsinin qarşısını almaq məqsədi güddüyünü qeyd etmişdir.[47]
Siğə nikahları isə kişinin bir qadınla müəyyən bir vaxt üçün birlikdə yaşaması üçün bağlanırdı. Kişi siğədən doğulmuş uşağı kənar yerdə saxlayır, belə uşaq təhqiredici adlarla adlandırılırdı. Azərbaycanın mütərəqqi şair və yazıçıları belə nikaha qarşı çıxmışdır.[46]
Azərbaycanlılar daxilən hər şey ilə maraqlanan, hazırcavab, cəsur, azadlıq sevən, sözlərini tutan insanlardır. Bir qayda olaraq, onlar təvazökar, abırlı olurlar, mühakimələrinin və çıxardıqları nəticələrin sürəti ilə fərqlənirlər. Azərbaycanlılar kifayət qədər emosional davranırlar. Onlara və ya qohumlarına qarşı hörmətsizlik demək olar ki, həmişə onların şərəf və ləyaqətinə qəsd kimi qəbul edilir, bu, onlarda narazılıq hissi və ya kəskin reaksiyaya səbəb ola bilər. Münaqişə zamanı azərbaycanlılar emosional cəhətdən təmkinsiz və tez əsəbləşən olsalar da, məsələn, çeçenlər və ya osetinlərdəki kimi ehtiyatsız davranmırlar.[48]
XIX əsr fransız sosioloqu Elize Reklü azərbaycanlıları belə təsvir edirdi: "Cənubi Qafqazda yaşayan azərbaycanlılar Qafqazın heç bir xalqına xas olmayan keyfiyyətlərə malikdirlər. Belə nadir səmimiyyətə və tamahdan uzaq düzgünlüyə, həddən artıq mehribanlığa və qonaqpərvərliyə yalnız onların arasında rast gəlmək olar. Azərbaycanlılar Qafqazda mədəniyyət yayanlar hesab olunur." XX əsrin əvvəllərində rus alimi Vasili Veliçko "Qafqaz" əsərində azərbaycanlılar haqqında belə deyirdi: "Heç şübhəsiz, azərbaycanlıların qanları safdır; onlar təbiətən alicənab, mehriban, xoşrəftar, mərd və genişürəklidirlər, zehni cəhətdən istedadlı, əxlaqi baxımdan təmizdirlər."[49]
Hüseynqulu Sarabski azərbaycanlıların özünəməxsus xarakterik xüsusiyyətlərindən bunları qeyd edir: səxavətlilik, qonaqpərvərlik, şən olmaq, operativlik, cəsarət, musiqi və rəqsə sevgi, qonşuların dərdinə şəfqətlə yanaşmaq, qəriblərə göstərilən hörmət, dərdli şəxslərə kömək, bayramlarda və çətinlikdə bir-birlərinə kömək olmaq, qarşılıqlı sevgi.[50]
Azərbaycan folklorunda və ənənələrində kişilərin inkişafı və onlara qarşı sosial tələblərlə bağlı nümunələr mövcuddur. Mövsumi bayramların keçirilməsində seçilən kişi ifaçılar sağlam və güclü kişilər olur, onlar ağırlıq qaldırır, at sürür və digər maskulan davranışları icra edirlər.[51] İslam dinindən qaynaqlanan maskulanlıq da Azərbaycan kişilərinin həyat tərzində rol oynayır. Ailə qurmaq, uşağın doğulması, sünnət və yas kimi kişi üçün vacib həyat hadisələrində İslam vacib rol oynayır.[52]
"İgid" və "qəhrəman" ifadələri dastan ənənələrində və günlük həyatda cəsarəti, döyüşü, ölümü qəbul etmə cəsarətini, qarşılıq gözləmədən başqaları üçün özünü fəda etməyi, qalibiyyəti özündə ehtiva edir. Azərbaycan atalar sözlərində igidliyin əsas xüsusiyyətlərindən biri olaraq döyüşkənlik göstərilir. Azərbaycan türklərinə görə, igid və ya qəhrəman özünü döyüşü və fiziki gücü ilə göstərir. Bu məsələdə igid bir müəllim qədər mütəxəssis olmalıdır. Həmçinin o, aldığı yaralara dözməli, özünü ər meydanında göstərməli və əsla geri çəkilməməlidir.[53]
Atalar sözlərində igidin cəsarətli olması və düşmənə boyun əyməməsi qeyd edilir. O, düşmənə hazırlıqsız yaxalanmamalı və yalnızca döyüş zamanı düşməni öldürməlidir. Döyüş bitəndən sonra düşməni öldürməyə icazə verilmir. Atalar sözlərində igidin yarağı üçün silah, xəncər, qılınc ifadələri işlədilir və silah müəllimin qələmi ilə müqayisə edilir. Bundan başqa igidlərin bir-birinə arxa çıxması tövsiyə edilir.[53]
İgid ilqarından dönməz, dəvə ovşarından. İgid odur atdan düşə atlana, igid odur hər əzaba qatlanana. İgid basdığın kəsməz. İgidin qılıncı, müəllimin qələmi. İgidin axmağı qılıncını dayısında sınar.
İgiddə axtarılan xüsusiyyətlər gənc, çalışqan və bilik sahibi olması, ətrafdakıları qorumasıdır. Qəhrəmanın uşaqlığından bəlli olduğu qeyd edilməklə birlikdə hər zaman hərəkətdə olmasının lazım olduğu qeyd edilir. Ancaq qəhrəmanın ölümü ya çox çalışmaqdan, ya da heç çalışmamaqdan olur. Həmçinin, igid ehtiyatlı olmalı, geri çəkilməyi bacarmalıdır. O, qarşısına çıxan fürsətləri qaçırmamalı, harada və necə qəhrəmanlıq edəcəyini bilməli, ehtiyac olarsa, taktiki gediş kimi qaçmağı və ya gizlənməyi bacarmalıdır. İgidlikdə vacib xüsusiyyətlərdən biri də mərdlikdir. Sözünü yerinə yetirmək, dövlət işlərində yalana yer verməmək, sözü üzə demək mərdliyə aid edilir.[53]
Azərbaycan atalar sözlərində igidin nəsil və ailə əlaqələri ilə bağlı fikirlər qeyd edilir. İgid nəslinə oxşamalı, ailəsi ilə arasını yaxşı tutmalıdır. Digər bir qeyd edilən fikrə görə, igid həyat yoldaşı seçimini düzgün etməlidir: "İgidi ar əyməz, yar əyər."[53]
Türk dünyasında qəhrəmanlar həmişə atları ilə xatırlanırlar. Bu xüsusiyyət Azərbaycan atalar sözlərində də özünü göstərir. At igidin yol yoldaşıdır, onun kimi ehtiyatlı olmalıdır, ona kömək etməli, qəhrəmanın adına layiq olmalıdır. İgid üçün qoyulan tələblərdən biri də onun ləqəbi, adı və şöhrətidir. Qəhrəman adını və onu xarakterizə edən ləqəbi bacarığına və uğurlarına görə alır. İgid olanın adı və şanı həm yaşayarkən, həm öldükdən sonra yaxşı xatırlanmalıdır. Nalayiq şöhrət qazanmaq igid üçün ölümə bərabərdir.[53]
Azərbaycan mədəniyyətinə kollektivçilik xasdır.[1] Azərbaycandakı yardımlaşma formaları təsərrüfat və maddi mədəniyyət sahələrini, həmçinin toy və yas mərasimlərini əhatə edir. Bundan başqa, kasıb, ailə başçısını itirmiş, xəstəsi olan ailələrə, əlillərə kömək etmək xeyirxah iş kimi adətə çevrilmişdir. Çətinliyə düşmüş qohum-qardaşa kömək etmək borc (məsuliyyət) sayılırdı. Azərbaycan yardımlaşma formaları şəriklik, ziyanlıq, damazlıq, mödgəm, hoy, cey, avaja, alışma, umya, bədəl, iməclik, əvrəz adlanır. Əvrəz əvvəllər orta əsr feodal mülkiyyət forması olmuş, XIX əsr–XX əsrin əvvəllərində isə onun sosial rolu dəyişilərək, yardım formasına çevrilmişdir.[54] Quba bölgəsində isə xalçaçılıq sahəsində tətbiq edilən el köməklikləri adəti mövcud olmuşdur.[55] XIX əsr sonundan XX əsrin əvvəllərinə qədər həm yerli, həm də xarici tədqiqatçılar Azərbaycan yardımlaşma formalarını tədqiq etmişdir.[54][55] Yardımlaşma formalarının geniş yayılması özünü "El gücü, sel gücü", "El bir olsa, zərbi kərən sındırar" kimi atalar sözlərində də göstərir.[56]
Azərbaycan yardımlaşma formaları əsas 2 hissəyə bölünür. Birincisi təsərrüfat və məişət sahəsində eyni imkana sahib insanların bir-birinə etdiyi köməkdir. İkincisi isə varlıların kasıblara yardım etdiyi xeyriyyə əməlləridir. Qarşılıqlı yardım institutu birinci qrupa aiddir.[55] Tarixən ən geniş yayılmış yardımlaşma forması iməcilik idi. Əgər camaat arasında iməcilik təsərrüfat işləri üçün edilirdisə, kişilər çağırılırdı, xalça toxuma, yundarama kimi məişət işləri üçün isə qadınlar dəvət edilirdi.[57] İməcilik tarixən bayram şənliyinə çevrilərdi, bir-biri ilə yarışan insanlardan qalib gələnə ev sahibi tərəfindən xələt verilərdi. Yol çəkmək, körpü salmaq, kəhriz qazmaq üçün tarixən xalq arasında iməcilik təşkil edilərdi.[58] Yol və körpü salınmasına rəhbərlik hakimiyyət tərəfindən təyin edilən yüzbaşı tərəfindən aparılardı, belə yüzbaşı iməciliyi əslində məcburi idi.[58][59] Gəlinin cehizlərinin hazırlanmasında, çörək bişirilməsində, Novruz bayramının keçirilməsində qadınlar iməcilik təşkil edirdi.[59]
Növbələşmə tipli yardımlaşma formasına isə qoşqu heyvanlarının, kotanın, iş üçün lazım olan vasitə və alətlərin çatışmamasına görə ehtiyac var idi. Bir neçə ailə əllərində olan heyvan, alət və vasitələri birləşdirərək, ortaq iş görürdü, şumlama, biçilən məhsulun xırmana daşınması və döyülməsini birlikdə təşkil edirdilər. Qarabağ və Gəncə bölgəsində təşkil edilən hoy isə taxıl biçini, ot çalımı, arxın çəkilməsi, ev tikintisi, mərasimlər üçün istifadə edilirdi.[60] Ziyanlıq yardımlaşma formasında isə qıçı sınan, zəhərlənən, canavar tərəfindən parçalanan heyvan ziyan olmasın deyə, kəsilib qonşulara, qohumlara paylanardı. Heç bir ailə ziyanlığa kəsilmiş ətdən imtina edə bilməzdi. Evi ziyan görənə də yardım edilməsi "ziyanlıq" adlandırılırdı. Ziyanlıq yardımlama forması işçi xalq kütləsinin həmişə bir-birinə dəstək olduğunu, bir-birlərinin çətinliklərinə şərik çıxdıqlarını göstərir.[61]
Damazlıq yardımlaşa forması Azərbaycanın maldar əhalisi arasında yayılmışdı. Bu adətə görə, mal-qarası olmayan şəxsin evində yemək hazırlanar, insanlar dəvət edilərdi. Yemək bitdikdən sonra ağsaqqal qonaqlığın damazlıq məqsədilə təşkil edildiyini deyərdi. Gələnlər ev sahibinə qoyun, dana bağışlamağa söz verərdi.[62] Zəngəzur və Qarabağ bölgəsində yayılan görəlkə adətində isə qohumlar arasında soyuqluq yaranmasın deyə onların evlərinə gedilər, hədiyyələr verilərdi.[56]
Qonaqpərvərlik azərbaycanlılar üçün vacib xüsusiyyətdir. Tarixən Azərbaycanda varlıların torpağında sırf qonaqların qalması üçün ayrıca ev tikilirdi. Belə evlər karvansaraların olmadığı, dağlıq bölgələrdə və kəndlərdə tikilirdi. Qonaq evləri və ya otaqları yataq ləvazimatları, xalça dəstləri və hətta musiqi alətləri ilə təchiz edilirdi.[63] Qafqaza səfərində şamaxılı bir varlının evində qalan, fransız səyyahı Aleksandr Düma onun rahatlığının təmin edilməsi üçün masasındakı kağız və qələmə qədər düşünüldüyünü qeyd etmişdir.[64] Düma Azərbaycan qonaqpərvərliyini belə qeyd edir:
Ev sahibindən məsuliyyət, qonaqdan isə ədəb qaydalarına, gəldiyi yerin adətinə əməl etmək gözlənilirdi. Bir-birini başa düşmək, səmimilik qonağın davranış şəklində özünü göstərirdi. Qonaq yersiz müdaxilələr etməməli, ailənin daxili işlərinə qarışmamalıdır. Ev sahibi və qonağın hərəkətləri bir-birini tamamlamalıdır.[63] Çalğı olan məclisdə mütləq musiqiyə qulaq asılmalıdır.[64] Qonaq qəbul edildikdən sonra müəyyən müddət tək buraxılmalıdır ki, özünə gəlsin və mühitə alışsın. Ancaq bu müddətin çox olması ev sahibinin laqeydliyini göstərər.[66]
Qonağın "Allah qonağı" adlandırılması Azərbaycanda geniş yayılmışdır. "Allah qonağı istəmirsinizmi? — sualına "Allaha da qurban olum, qonağına da" deyə cavab verilər. Burada məqsəd heç vaxt gedilməyən yerə ilk dəfə girəndə rədd cavabı almamaqdır. Bundan başqa qonağın bulaq başına və ya meşəyə aparılması, bayram günləri və xüsusi vaxtlar (ad günü, nişan-toy və s.) üçün qonaqlıqlar da geniş yayılmışdır. Ordubad bağbanları arasında mövcud olan bostanpozma adətinə görə isə, bağbanlar bir-birini qonaq çağırır və gedərkən qonağa məhsullarından pay verirlər.[67]
Hüseyn Cavidin "Ana" pyesinde qonaqpərvərliyin nə qədər vacib olduğu göstərilir. Səlma ana evinə sığınan Muradın oğlunun qatili olduğunu öyrənəndə yenə də onu qoruyur. Düşünür ki, Murad ondan aman istəyib və Səlma ana da onu ələ verməyəcəyinə söz verib. Səlma ana onu "qonaq qardaş" adlandırır. Hüseyn Cavid bu romantik pafosu ilə Qafqazda, azərbaycanlılar arasında qonaqpərvərliyin əhəmiyyətini nümayiş etdirirdi.[68]
Qafqazda mövcud olan qonaqpərəstlik adətinə görə, fərqli tayfa və ya milliyətdən olan iki kişi elə bir yaxın dostluq münasibəti qurur ki, onlar qanbir olur, bir-birlərinə kömək edirlər.[69] Gürcülərin subetnik qrupu olan tuşlar (tuşetilər) uşaqlıqdan övladlarına Azərbaycan dilini öyrədir, onları qonaqpərəstlik münasibətlərində olduqları azərbaycanlı ailələrə verirdilər. Beləliklə, hər tuşeti ailəsində azərbaycan dilini bilən ən azı bir nəfər olurdu.[70] Dargilər də uşaqları azərbaycan dilini öyrənsin deyə onları 3–4 aylığa azərbaycanlı ailələrə verirdilər.[71]
Qocalar Azərbaycan məişətində vacib rola sahibdirlər. Bütün eli, nəsili, tayfanı tanıdıqları üçün kimləsə evləniləndə gəlib onlardan məsləhət alarlar. Nişanda yuxarı başda əyləşib, xeyir-dua verərlər. Toyda isə toy babası olub, məclis apararlar. Ağsaqqalların sözü keçər, ayrılanları və küsənləri barışdırarlar. Uzaq yola gedənə uğurlu yol arzulayarlar, gələn qonağı qəbul edərlər. Ağsaqqallar təsərrüfat işlərininin, əkinçilik və maldarlıqla bağlı qərarların verilməsində iştirak edər, məsləhət verərlər. Azərbaycan dilində "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma", "Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar" kimi deyimlər böyüklərə hörməti göstərir.[72] Qoca olaraq cəmiyyətdə hörmət qazanmış qadınlar isə "el anası" adlandırılır.[73]
Azərbaycanlılarda ata evində ocağın və odun sönməməli olduğuna inanılır. Ailə üzvləri başqa yerlərdə olsalar da ata-baba günündə ata ocağına gəlməyə diqqət göstərirlər. Buna görə də Novruz bayramında ocaq qalayarlar. Digər bir adətə görə isə, evdə gece şam yandırarlar ki, ölənin ruhu evə gələndə ocağını işıqlı görsün. Xalq arasında dua kimi bir-birinə deyərlər ki, ocağın yanar, qazanın qaynar olsun. Ocağın yanmamasına görə, ölən şəxs küsə və yaxınlarının yuxusuna girib onları narahat edə bilər.[74]
Ata ocağına verilən dəyər əcdad və ocaq kultlarının bir-birini tamamlayan ünsür olduğunu göstərir. Ailə üzvlərindən birinin, xüsusilə evin oğlan uşaqlarından birinin ata ocağında yaşamaması o ocağın sönməsi kimi qəbul edilir. Buna görə də, uşaq sahibi olmadan köçən insanların da ata ocağının söndüyünə inanılırdı.[74][75]
Təndir isə Azərbaycanda müqəddəs ocaq sayılır. Əhdi-peyman bağlayan sevgililər burada qucaqlaşıb öpüşərdi. Qardaş olmağa qərar verənlər burada and içər, onların münasibəti "təndir qardaşlığı" adlandırılardı.[76]
1387–1406-cı illərdə Osmanlı baş vəziri olmuş Çandarlı Əli Paşa klassik İslam saray yaşayış ədəbini azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi.[77] Xoca ibn Ədili İbarinin XV əsrə aid əlyazması isə astronomiya, astrologiya, coğrafi, fəlsəfi və etik anlayışların ifadə edilməsi üçün istifadə olunan orijinal Azərbaycan terminlərini izah edir.[78]
Səfəvi imperiyasında saray mərasimi (səlahiyyətlilərin və rütbəlilərin münasibətlərinin açıq şəkildə nümayiş olunduğu bütün növ rəsmi, normativləşdirilmiş qarşılıqlı əlaqələr[79]) Azərbaycan türk dilində aparılırdı. Qızılbaşların müharibə şüarı türk dilində "Qurbanı olduğum, ey mənim mənəvi rəhbərim və sahibim" idi.[80] Şah I Abbas isə italya səyyahı Pietro della Valleni Azərbaycan dilində "xoş gəldi, səfa gəldi" sözləri ilə qarşılamışdır.[81] Bu ifadə qonaqları qarşılamaq üçün Azərbaycan türkləri tərəfindən hələ də geniş istifadə edilir.[82]
XVI əsrdə Azərbaycan şairi və Səfəvi hökmdarı Şah İsmayıl Xətai "Nəsihətnamə" əsərini yazmışdır. Burada tövhid və imamətdən bəhs edildikdən sonra əsərin nəsihət hissəsi başlayır. Birinci verilən məsləhətlər şahın hakimiyyətinin dəstəklənməsi, şaha sədaqət haqqındadır. İkinci qrup nəsihətlər isə din və təriqət əxlaqı haqqındadır, yeni dərvişlərə yol göstərilməsi, təriqət qaydaları ilə tanışlıq məqsədi daşıyır.[83]
Keçmişdə süfrədə qadınlar və uşaqların kişilərdən ayrı oturması adəti mövcud idi. Süfrədə oturma sırası iyerarxiyanı təyin edən xüsusiyyət idi. Qocalar və hörmətli şəxslər ortaya, ən yaxşı yerə oturardı. Daha çox yayılmış adətə görə, kişilər yemək yedikdən sonra qadınlar üçün ayrıca süfrə açılar, bu süfrəyə cavan qız və gəlinlər xidmət edərdi. Kişi süfrəsinə xidmət edən oğlanlar üçün isə ayrıca süfrə açılardı.[84]
Normal bir süfrədə riayət edilməsi vacib olan qaydalar vardır. Bunlardan ən vacibi insanların süfrədə oturacağı yerin bilinməsidir. Bütün ailə bir yerdə oturanda isə ailənin böyüyü başda oturar. Ailə böyüyü süfrəyə oturmadan balacalar oturmaz. O, yeməyə başlamadan da yeməzlər. "Su kiçiyin, süfrə böyüyün" atalar sözü Azərbaycan süfrəsində tam olaraq icra edilir.[84]
Süfrədə yemək yeyərkən danışılmaz. Yemək sakitcə yeyilər, böyüklər masadan qalxmadan digərləri qalxmazlar və masadan qalxarkən şükür edilər. Süfrəyə bismillahsız oturub, şükürsüz qalxanlar uğursuz hesab edilər. Azərbaycanlılar süfrədə əsasən adam sayına görə qab qoyarlar. Ancaq Anadoluda məskunlaşmış bir qisim azərbaycanlılar rahat olsun deyə və ya iqtisadi çətinliklərə görə, bu qaydanı poza bilərlər. Azərbaycanlıların yeməkləri eyni qabdan bir neçə şəxsin yeməsi üçün uyğun deyildir.[84]
Ziyafət süfrələrində yeməklərin bir qismi əvvəlcədən süfrəyə qoyular. İsti yeməklər isə sıra ilə gələr. Ziyafət süfrələri yeməkdən çox söhbət məqsədilə açılır. Buna görə də yeməyin təqdimatı və süfrə ədəbi fərqlidir. Süfrəyə eyni səviyyədə olan insanlar oturar, yaşı çox böyük və ya kiçik olanlar oturmaz. İnsanlar daha rahat hərəkət edərlər. Süfrə qonaqları ev sahibindən sonra ayağa qalxıb nitq deyərlər. Nitq həyat şərtləri mövzusunda ümumi bir qiymətləndirmə və ya süfrədə oturanların yaxşı xüsusiyyətləri, dostluqları ilə bağlı ola bilər. Nitqin ünvanlandığı şəxs də nitqə cavab verər. İnsanlar ziyafət süfrəsindəki hal və hərəkətləri ilə qiymətləndirilir və cəmiyyətdə hörmət görürlər.[85]
Azərbaycanlıların salamlaşması regiondakı digər ölkələrdə olduğu kimi istiqanlı və dostcasınadır. Kişilər əllə, yanaqdan öpərək salamlaşır. Qadınlar qucaqlaşaraq və sol yanaqdan öpərək salamlaşır.Azərbaycan qadınları öz aralarında əllə salamlaşmır, ancaq tanımadıqları adamlarla belə salamlaşa bilərlər. Kişilər qadınlarla salamlaşarkən qadınların əvvəl əl uzatmasını gözləməlidirlər, əllə salamlaşanda isə zərif olmalıdırlar. Salamlaşandan sonra şəxsin ailəsi, sağlamlığı və işləri barəsində soruşulur. Əgər şəxslər eyni yaşdadırsa, yalnız adları ilə bir-birinə müraciət edə bilərlər. Əgər yaxınlıq yoxdursa, müraciət edərkən adı ilə birlikdə "bəy" və ya "xanım" sözləri istifadə edilir. Gənclər qocalara yaxınlaşıb salamlaşmalıdır.[86]
Azərbaycanlılar ad günləri, toy və yubileylərdə bir-birinə hədiyyə verirlər. Azərbaycan mədəniyyətində hədiyyənin qiymətindən daha çox onu almağın özü daha vacib hesab edilir. Hədiyyəni qəbul etməzdən əvvəl ən azı iki dəfə imtina etmək adəti var. Hədiyyə alınarkən onun çox böyük olduğu və hədiyyə verənin çox əziyyət çəkdiyi qeyd edilir. Azərbaycanlının evinə qonaq gələrkən ev sahibəsinə gül və ya tort gətirmək olar. Qonaqpərvərliyə balaca hədiyyə ilə cavab vermək nəzakət qaydası hesab edilir. Tək sayda güllər alınmalı, yasda isə cüt rəqəm istifadə olunmalıdır. Hədiyyə alınanda açılmamalıdır.[86]
Azərbaycan yemək etikası kifayət qədər rəsmidir. Yer göstərilənə qədər ayaq üstə dayanılır. Yemək zamanı dirsəklər stola qoyulmur, əllər stolun üzərində saxlanılır. Ev sahibəsi yeməyi gətirir, əvvəl qocalara, sonra qonaqlara və uşaqlara yemək verilir. Yemək zamanı bir şey uzatmaq üçün sağ əl istifadə edilir. Qonaq gələrkən ayaqqabıları çıxartmaq təklif edilərsə, şəpik geyinmək lazımdır. Vaxtında gəlmək çox vacib deyil. Müəyyən olunmuş vaxtdan 30 dəqiqə ərzində gəlmək məqbul hesab edilir.[86]
Azərbaycan ziyarətgahının (pir) içində olan hər kəs yazılmamış qaydalara əməl etməlidir. Bəzi pirlərdə sıra halında, saat əqrəbinin əksi istiqamətində 3 dəfə türbənin ətrafında fırlanmaq lazımdır. Məscidlərdəki kimi pirlərdə də ayaqqabı ilə gəzmək olmaz. Qadınların başı bağlı olmalıdır. Bu qadın baş örtüsü müsəlmanların bütün ictimai yerlərdə geyməli olduğu müasir hicab kimi deyil, qadınların saçlarını gizlətmir.[87]
Azərbaycan inanclarında müəyyən saylar sehrli qüvvəyə malikdir, bəziləri xeyir gətirir, bəziləri isə şər qüvvənin təmsilçisidir. Üç, yeddi və qırx sayları Azərbaycan folklorunda uğurlu hesab edilir və çox istifadə edilir. Sayların sehrli qüvvəsinə inam qədim dünya görüşlərindən, qam-şaman kontekstindən, sayların müqəddəsliyinə inam isə İslam dininə və qızılbaşlığa sufi təsirindən qaynaqlanır.[114]
Monqol hakimiyyəti dövrünün çətinlikləri dövründə həm Anadolu, həm Azərbaycanda sadə camaat sufi şeyxlərin ətrafında birləşmiş, mürid və dərvişlərin sayı artmışdır. Azərbaycanda Şirvan-ı Kəbirdən başlayaraq Əbu Səid, Baba Kuhi, Əxi Fərəc Zəncani, Naxçıvanlı Xacə Məhəmməd Xoşnam, Xoylu Əxi Evrən, İzzəddin Həsənoğlu kimi şəxsiyyətlər və əsərləri xalqa mənəviyyat aşılamışdır.[118] Anadolu və Azərbaycanda monqol dövrünün çətinlikləri dövründə ozanlar xalqa mənəviyyat aşılamaq üçün ideal insan və xarizmatik lider rolunu İmam Əlidə görmüş və heç bir məzhəbi təəssübkeşliyə girişməyərək onun həyatını dastanlaşdırmışdır.[118]
Azərbaycan dastanları (tez-tez musiqi ilə müşayiət edilən, epik nəsr və poeziya) milli kimliyin, kollektiv yaddaşın, qəhrəmanlıq və mənəviyyat nümunələrinin, gender normaları və cinsi münasibətlərin əsasını təşkil edən şərəf və davranış kodeksinin tərkib hissəsidir. Belə dastanlarda ailə, klan və tayfaya sadiqlik, cəsarət və səmimilik başlıca xüsusiyyətlərdir. Tayfanın və vətənin qorunması, xarici işğalçılardan azad edilməsi dastanların əsas mövzularıdır. Qadınlar və kişilər belə dastanlarda birlikdə mübarizə aparırlar.[119]
Azərbaycan atalar sözləri cəmiyyətin sosial nəzarət mexanizmini təmin etmək funksiyası daşımaqla mühüm mədəniyyət vasitəsidir. Bu mexanizmin qurulmasında cəmiyyətin quruluş şəkli və təcrübələri, hiss və düşüncələri rol oynayır. Azərbaycan atalar sözlərində vətən və millət sevgisi, ailəyə sədaqət, ata-ana haqqı, xeyirxahlıq, namus, mərdlik, əməksevərlik, əxlaq, saflıq, birlik, həmrəylik, dostluq, alicənablıq, yardımsevərlik, səbir, yalandan uzaq olmaq, zülmdən, haqsızlıqdan uzaq olmaq, ağıllı və savadlı olmaq xüsusi olaraq vurğulanır.[120] Atalar sözlərində yurd-vətən sevgisinə yer verilir. Qarabağın böyük hissəsinin Azərbaycan nəzarətində olmadığı dövrün acısı belə atalar sözləri ilə bildirilmişdir: "Gözsüz yaşamaq olar, Vətənsiz yox", "Qürbət yerdən Vətən olmaz", "Köçən yurdun qədrini, düşən yurdda bilərlər".[121]
XIX əsr nəqşibəndi xadimi Mir Həmzə Nigari (1805–1855) türk dilində, nəsihətverici sufi əsəri "Nigarnamə"ni yazmışdır.[122] Mir Möhsün Nəvvab isə "Nəsihətnamə", "Kifayətül-ətfal" və "Nurul-Ənvar" əsərlərində psixologiya və etikaya aid fikirlərini bildirmişdir.[123] Nəvvab "Nəsihətnamə" əsərində mənəviyyat üçün vacib olan bütün keyfiyyətləri göstərir, əxlaqın tərbiyə edilməsində insaf, ədalət və vicdanın rolunu qeyd edirdi.[124] Nəvvabın "Pəndnamə" əsərində 500 nəsihət fars dilində, 499 nəsihət Azərbaycan dilində verilmişdir.[125] Nəvvab həm də Azərbaycan–erməni qırğınları (1905–1906) ilə bağlı olaraq "Erməni tayfasına nəsihətlər" yazmışdır.[126]
Azərbaycan nağıllarında "ədalət" anlayışı ədalətli, bölüşməyi bilən qəhrəmanlar vasitəsilə uşaqlara çatdırılır. Ədalətsiz davranan qəhrəmanlar ya cəzalandırılır, ya da səhvlərini başa düşüb haqq tərəfin yanında olmağa qərar verirlər. Nağıllarda haqlı ilə haqsızın arasındakı mübarizə də göstərilir, axırda ədalətli olan qalib gəlir.[127][128] "Dostluq" anlayışı isə həm insanlar arasında, həm də insanlarla qeyri-insanı varlıqlar arasında özünü göstərir. "Dostluq" anlayışı bir-birinə kömək olmaq və vəfalı olmaq şəklində təqdim edilir.[128] Nağıllarda verilən dürüstlük xüsusiyyəti isə doğru söz danışmaq, etibarlı və sözündə möhkəm olmaq şəklində özünü göstərir. Yalan danışan və sözünün üstündə durmayanların dürüst qəhrəmanlar qarşısında məğlub olması uşaqlara doğruluq dəyərini aşılayır.[128][129]
Nağıllarda özünə nəzarət, cəmiyyətin sosial və əxlaq qaydaları ilə uyğunlaşmaq xüsusiyyəti müxtəlif nümunələrdə verilmiş, mənfi qəhrəmanın timsalında da izah edilmişdir. Məsələn, Kəlləgöz onu böyüdən yurda xəyanət edib insanları qaçırdığı üçün tənqid atəşinə məruz qalır. Uruz Dədə onu belə danlayır: "Xaqanımız səni böyüdüb boya-başa gətirdi. Sən isə qəddar hərami oldun! Nədir bu adamın başına gətirdiyin? Eyib deyil mi?"[129]
Nağıllarda qarşındakına hörmət göstərmək valideynlərə, nənəyə, xaqana, digər böyüklərə qarşı münasibətdə özünü göstərir. Bu xüsusiyyət təvazökar olmaq, digər insanların xarakterinə hörmət etmək davranışı ilə birlikdə nağıllarda nümayiş etdirilir.[129] Sevgi isə nağıllarda insanlara, təbiətə, heyvanlara qarşı məhəbbət şəklində verilmişdir. Azərbaycan nağıllarında sevmək xüsusiyyəti mərhəmətli olmaq, ailə birliyinə əhəmiyyət vermək ilə bağlı göstərilən münasibət və davranış ilə birlikdə uşaqlara təqdim edilir.[130]
Məsuliyyətli olmaq xüsusiyyəti Azərbaycan nağıllarında ən çox işlənən xüsusiyyətlərdən biridir. Məsuliyyətlilik özünü ailəyə, hakimiyyətə, ölkəyə, canlı varlıqlara qarşı münasibətdə göstərir. Nağıl qəhrəmanları bəzən öz iradələri ilə, bəzən də digər qəhrəmanların onlara istiqamət verməsi ilə məsuliyyəti boyunlarına götürür və uğur qazanırlar.[130] Vətənə sevgi xüsusiyyəti isə özbək, Gümüşxanə və Bayburt nağıllarında olduğu kimi, ən az işlənən dəyərdir. Azərbaycan nağıllarında bu xüsusiyyət torpaq üçün döyüşmək, bayraq sevgisi, qəhrəmanlıq kimi mövzularla yox, qanunlara əmək etmək, çalışqan olmaq, həmrəylik, tarixi və təbii irsə qarşı həssas olmaq, cəmiyyətə əhəmiyyət vermək kimi vətəndaşlıq anlayışları ilə işlənmişdir.[131]
Azərbaycan nağıllarında yardımlaşma, məsuliyyət, dürüstlük, ədalət və sevgi dəyərlərinin işlənməsi və nağıl qəhrəmanlarının daha çox uşaq olmasına görə bunları oxuyan uşaqlar özü ilə qəhrəman arasında identifikasiya qurur və beləliklə, dəyərləri mənimsəyir.[131]
Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov "Əxlaqın tərbiyələnməsi" ("Təhzibül-əxlaq") əsərində İslam təlimlərindən bəhs edir və onları Qədim Yunan fəlsəfəsi və Qərb dəyərləri ilə müqayisə edirdi.[132] Bu əsərin "Mülayimliyə riayət", "Yaxşı işlərin mükəmməlliyi haqqında", "İctimai ünsiyyət qaydaları haqqında", "Təvazökarlıq prinsipləri haqqında, "Vicdanı tərifləmək haqqında" və "Azla kifayətlənməyin üstünlükləri haqqında" adlı fəsilləri vardır. Bakıxanov bu əsərdə danışmaqdan çox dinləməyi, azla kifayətlənməyi, özünü idarə etməyi və sınamağı, vicdan və əxlaq prinsiplərini tətbiq etməklə özünü təkmilləşdirməyin zərurətini tərənnüm edirdi.[133]
Bakıxanovun həm Azərbaycan dilində, həm də fars dilində nüsxəsi olan "Nəsihətlər kitabı" əsəri gənclər üçün məsləhətlər şəklində yazılmışdır. Bakıxanov bu əsərində ictimai münasibətlərdə intellekt və rasional düşüncədən istifadəni, biliyə yiyələnməyi, dürüstlük, ədalət və mülayimliyi vurğulayırdı. Kitab nə dil, nə tarix, nə də mədəni ənənələri paylaşmayan "bir gücün fəthi" (Rusiyanın Cənubi Qafqazı nəzarətinə götürməsi) qarşısında ictimai dəyərlərin yenidən təsdiqini göstərir. "Nəsihətlər kitabı"nda dini vəzifələrə və əxlaqi davranışa müxtəlif baxış bucaqları verilmişdir (tənbəllikdən uzaq qalmaq, vəzifələrin icra edilməsi, başqalarının və ya özünün səhvlərinin ortaya çıxarılmaması, ədalətli davranış, dostlarla yaxşı davranış, özünə inam, var-dövlətin düzgün xərclənməsi, qanun, hakimiyyət və böyüklərə tabe olmaq və s.)[133]
"Nəsihətlər kitabı" əsərinin mesajı mənşə baxımından türk fikrinə əsaslanır, rusların siyasi güc olaraq Azərbaycanda ortaya çıxmasından əvvələ, hətta türklərin İslamı qəbul etməsindən qabağa gedib çıxır. Bakıxanovun əsərdəki mesajı erkən türk ənənəsini (həm türk-İslam ənənəsi, həm də İslamdan əvvəlki türk ənənəsi) bilərək və ya bilməyərək özündə daşıyır, həm də sufizmdən qaynaqlanır. Əsər mesaj baxımından Qaraxanlılar dövrünə aid "Qutadqu-bilik" əsəri ilə bir çox oxşarlıq daşıyır. "Nəsihətlər kitabı"ndakı mövzular "Qutadqu-bilik"də ən vacib yeri tutur. Bu iki əsər arasındakı oxşarlıqlar "şahzadələr üçün güzgü" tipində yazılmış digər əsərlərdə ("Qabusnamə", "Siyasətnamə", "Nəsihət əl-Müluk") tapılmamışdır.[133]
Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 2014-cü ildə "Qadın ipək baş örtüyü kəlağayının hazırlanması və simvolikası", 2022-ci ildə isə "Çay mədəniyyəti – kimliyin, qonaqpərvərliyin və sosial qarşılıqlı əlaqənin simvolu" daxil edilmişdir.[134][135]