AlmaniyaAvroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 63 dəfə müsabiqədə iştirak etmişdir. Almaniya Avroviziyada ən çox iştirak sayına malik olan ölkədir. İndiyədək yalnız bir dəfə 1996-ci ildə ölkə müsabiqədə iştirak üçün təsnifat mərhələsini keçə bilməmiş və nəticədə Almaniya ilk dəfə Avroviziyada iştirak edə bilməmişdir. 1990-cı ildə Almaniyanın yenidən birləşməsindən öncə Avroviziyada yalnız Qərbi Almaniya iştirak etmişdir. Almaniya Demokratik Respublikası heç vaxt müsabiqəyə qoşulmamışdır. İndiyədək Almaniya müsabiqədə iki dəfə qələbə qazanmışdır.
Almaniya ilk Avroviziya qələbəsini 27-ci iştirakında, 1982-ci ildə Nikolun ifa etdiyi "Ein bisschen Frieden" mahnısı ilə qazanmışdır. Almanların ikinci qələbəsi 28 il sonra Osloda keçirilən 2010 Avroviziya Mahnı MüsabiqəsindəLenanın ifa etdiyi "Satellite" mahnısı ilə əldə edilmişdir. Almaniya dörd dəfə müsabiqənin ikincisi, beş dəfə üçüncüsü olmuşdur. Almaniya təmsilçisi Katya Ebşteyn Avroviziyada iştirak edən yeganə ifaçıdır ki, 1970 və 1971-ci illərdə üçüncü, 1980-ci ildə ikinci olaraq, hər üç iştirakında ilk üçlükdə yer ala bilmişdir. Almaniya 80-ci illərdə müsabiqənin ən müvəffəqiyyətli ölkələrindən biri olmuşdur: birinci yer və dörd dəfə ikinci yer. Ölkə eyni zamanda Avroviziyada üç dəfə sıfır xalla və ümumilikdə yeddi dəfə sonuncu yeri tutmuşdur.
Almaniya Böyük Britaniya, İtaliya, Fransa və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Avroviziya Almaniyada ən çox baxılan musiqi hadisəsidir.