Mixael Şulte (alm.Michael Schulte; d.30 aprel1990, Ekernförde, Almaniya) — Almaniya müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Daha sonra ifaçı AlmaniyanınThe Voice səs yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür. Onun Wide Awake adlı debüt albomu 2012-ci ildə işıq üzü görmüşdür. Şulte ifa etdiyi "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Mixael Şulte 30 aprel 1990-ci ildə Almaniyanın Dollerup şəhərində anadan olmuşdur. O Danimarka məktəbində təhsilini başa vurmuş və sonra Almaniyada hərbi xidmətə yollanmışdır.[1][2]
Musiqi karyerası
2012–2016: The Voice of Germany
Mixael Şulte öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Videolarda Şulte beynəlxalq ifaçıların mahnılarını səsləndirmişdir.
2011-ci ildə Şulte AlmaniyanınThe Voice səs yarışmasına qatılmışdır. İfaçı dinləmələrdə Adelin "Set Fire to the Rain" mahnısı ilə çıxış etmiş və Rea Qarvinin komandasında yer alaraq, növbəti mərhələyə yüksələ bilmişdir. Yüksək səviyyəli perfomansları sayəsində Şulte yarışmanın finalına vəsiqə qazanmış və nəticədə üçüncü yerə layiq görülmüşdür. Yarışmanın ardınca o Almaniyanın Edel AG albom şirkəti anlaşma əldə etmişdir. Şultenin Wide Awake adlı debüt albomu 2012-ci ilin sentyabr ayında işıq üzü görmüşdür.
2017-hal-hazırda: 2018 Avroviziya Mahnı Müsabiqəsi
2017-ci ilin sonlarında Mixael Şultenin "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanın NDR telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayının 22-də baş tutan yarışmada Şulte səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[3][4]
Almaniya Böyük Beşlik ölkələrindən biri olduğu üçün Şulte 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə ifaçı 26 ölkə təmsilçisinin yarışdığı final şousunda ifaçı 340 xal toplayaraq, 4-cü yerdə qərarlaşmışdır. Bu Almaniyanın Avroviziyada 2010-cu ildən bəri əldə etdiyi ən yüksək göstərici olmuşdur.