İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
1975 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1975; fr. Concours Eurovision de la chanson 1975) — sayca 20-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dünyaca məşhur ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə 1974 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1975-ci ildə İsveç müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Stokholm şəhərində Stockholmsmässan arenasında keçirilmişdir. Müsabiqə 1975-ci ilin 22 mart tarixində baş tutmuşdur.
1975-ci ildə Türkiyə Avroviziyaya ilk dəfə qoşuldu. Yunanıstan isə Türkiyənin müsabiqədəki iştirakına etiraz olaraq Avroviziya 1975-də imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. Eyni zamanda Fransa bir illik, Malta isə iki illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Niderland təmsilçiləri olan Teach-In qrupu ifa etdikləri "Ding-a-Dong" adlı mahnı qalib gəlmişdirlər. Bu Niderlandın Avroviziyada dördüncü qalibiyyəti idi.