1988 Avroviziya Mahnı Müsabiqəsi (ing.Eurovision Song Contest 1988; fr.Concours Eurovision de la chanson 1988) — sayca 33-cü Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "Hold Me Now" mahnısı ilə 1987 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1988-ci ildə İrlandiya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində "RDS Simmonscourt Pavilion" zalında keçirilmişdir. Müsabiqə 1988-ci ilin 30 aprel tarixində baş tutmuşdur.
1988-ci ildə müsabiqədə iştirakı planlaşdıran Kiprin seçdiyi mahnı müsabiqənin qaydalarını pozduğuna görə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Belə ki, Kiprin müsabiqə üçün nəzərdə tutduğu mahnı bir neçə il öncə Kipr televiziyasında səslənmişdir və müsabiqənin qaydalarına görə Avroviziyada səslənilən mahnılar yalnız səkkiz ay əvvəl təqdim edilmiş ola bilər. Ümumilikdə 21 ölkənin iştirak etdiyi müsabiqədə İsveçrəni təmsil edən dünya şöhrətli müğənni Selin Dion ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi bir xal ayırmışdır. Bu sonuncu dəfə Avroviziyada 1956-cı ildə Liz Assianın təmsilində qalibiyyət əldə etmiş İsveçrənin müsabiqədə 32 il sonra ikinci qələbəsi idi.
1988-ci ildə müsabiqənin qalibi olan İsveçrə təmsilçisi Selin Dion ilə bir səhnəni eyni zamanda məşhur müğənni Lara Fabian bölüşmüşdü. Müsabiqədə Lüksemburqu təmsil edən müğənni dördüncü yerdə qərarlaşmışdır.