2015 Avroviziya Mahnı Müsabiqəsi (ing.Eurovision Song Contest 2015; fr.Concours Eurovision de la chanson 2015) — sayca 60-cı Avroviziya Mahnı Müsabiqəsidir. Konçita Vurstun ifa etdiyi "Rise Like a Phoenix" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2015-ci ildə Avstriya ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində, Wiener Stadthalle arenasında, "Körpülər salaraq" (ing."Building Bridges") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2015-ci ilin 19 və 21 may, final isə 23 may tarixində baş tutmuşdur.
10 fevral 2015-ci il tarixdə Avropa Yayım İttifaqı rəsmi olaraq 2015 Avroviziya Mahnı Müsabiqəsində 40 ölkənin iştirak edəcəyəni açıqlamışdır. 2015-ci ildə müsabiqə tarixində ilk dəfə Avstraliya Avroviziyada iştirak hüququ qazanmışdır. Okeaniya ərazisindən olan nəhəng ölkə-qitə 1983-cü ildən bəri müsabiqəni ölkə ərazisində yayımlamışdır və müsabiqə Avstraliyada böyük izləyici kütləsinə malikdir. Eyni zamanda 2015-ci ildə beş illik fasilədən sonra Çexiya, bir illik fasilədən sonra Kipr və Serbiya müsabiqəyə geri dönmüşdür. Ukrayna isə ölkədə yaşanan ciddi siyasi böhran səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir. Ümumilikdə 40 ölkənin iştirak etdiyi Avroviziya 2015-də İsveç təmsilçisi Mons Selmerlöv ifa etdiyi "Heroes" adlı mahnı ilə 365 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2012-ci ildə Lorinin təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə altıncı qələbəsi idi. Müsabiqənin finalında tamaşaçıların səsverməsində İtaliya birinci, Rusiya ikinci, İsveç isə üçüncü yerə layiq görülmüşdür. Münsiflər heyətinin səsverməsində isə İsveç birincilik qazanmış, Latviya ikinci, Rusiya üçüncü olmuşdur. 2009-cu ildən bəri ilk dəfə idi ki, qalib ölkə tamaşaçı səsverməsində birinci yeri qazanmamışdır. Müsabiqəyə ev sahibliyi edən Avstriya ev sahibi kimi heç bir xal toplamayan ilk ölkə olaraq tarixə düşmüşdür.
40 ölkənin iştirak etdiyi Avroviziya 2015 otuz üç ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda 16 ölkə, ikinci yarımfinalda 17 ölkə) və iyirmi yeddi ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya), Avstraliya və ev sahibi Avstriya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.
Yarımfinallara bölünmə səbətləri
26 yanvar 2015-ci il tarixdə Avroviziya 2015-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən yeddisi; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Avstraliya və ev sahibi Avstriya birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2015-ci ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.
19 may tarixində baş tutan yarımfinal mərhələsində 16 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Avstraliya, Fransa, İspaniya və ev sahibi Avstriya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
21 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Avstraliya, Almaniya, Böyük Britaniya və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
"Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
Avstraliya;
Ev sahibi ölkə (Avstriya);
Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.
23 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və İsveç təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.
1-ci yarımfinalda səsverən bütün ölkələr 50% telesəsvermə, 50% münsif səslərindən istifadə etdiyi halda yalnız Gürcüstan 100% münsif səslərindən istifadə etmişdir.
2-ci yarımfinalda səsverən bütün ölkələr 50% telesəsvermə, 50% münsif səslərindən istifadə etdiyi halda, Azərbaycan, Monteneqro və San-Marino 100% münsif səslərindən istifadə etmişdir.
Finalda səsverən bütün ölkələr 50% telesəsvermə, 50% münsif səslərindən istifadə etdiyi halda, Makedoniya və Monteneqro 100% telesəsvermədən və San-Marino isə 100% münsif səslərindən istifadə etmişdir.
Andorra — Andorranın RTVA kanalı ölkənin 2015-ci ildə müsabiqədə təmsil olunmayacağını rəsmi olaraq açıqlamışdır. Buna səbəb dövlət tərəfindən telekanalın büdcəsinə olan yatırımların azaldılmasıdır. Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
Bolqarıstan — Ölkə bir illik fasilədən sonra müsabiqəyə geri dönməyi planlaşdırsa da, maliyyə çətinlikləri səbəbindən Bolqarıstanın müsabiqədə iştirakı baş tutmamışdır. Bolqarıstan Avroviziyada son dəfə Malmödə keçirilən müsabiqədə 2013-cü ildə iştirak etmiş və yarımfinal mərhələsində 12-ci yeri tutmuşdur.
Bosniya və Herseqovina — Ölkə 2015-ci ildə iki illik fasilədən sonra müsabiqəyə geri dönməyi planlaşdırsa da, 17 noyabr 2014-cü il tarixdə Bosniya Bosniya və Herseqovinanın BHRT kanalı maliyyə problemləri səbəbindən ölkənin Vyanada keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Bosniya və Herseqovina Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 18-ci yeri tutmuşdur.
Lüksemburq — 31 iyul 2014-cü ildə Lüksemburqun RTL kanalı Lüksemburqun 2015-ci ildə müsabiqəyə geri dönməyəcəyini bildirmişdir. Buna səbəb ölkədə yarışmaya olan marağın az olması və iştirak üçün lazım olan məbləğin yüksək olmasıdır. Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
Mərakeş — Mərakeşin SNRT kanalı Mərakeşin 2015 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır. Mərakeş Avroviziyada ilk və son dəfə Niderlandda keçirilən müsabiqədə 1980-ci ildə iştirak etmiş və sonuncu yerdə qərarlaşmışdır.
Monako — Monakonun TMC kanalı Monakonun 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını təsdiqləmişdir. Bununla bağlı əlavə açıqlama verilməmişdir. Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
Slovakiya — 26 avqust 2014-cü il tarixində Slovakiyanın RTVS kanalı Slovakiyanın maliyyə çətinlikləri səbəbindən 2015-ci ildə müsabiqədə iştirak etməyəcəyini açıqladı. Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
Türkiyə — 5 sentyabr 2014-cü ildə Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, ölkənin 60-cı Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
Ukrayna — Ukraynanın dövlət kanalı olan NTU 19 sentyabr 2014-cü il tarixində ölkədə baş verən siyasi böhran səbəbindən Ukraynanın Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır.
Xorvatiya — Xorvatiyanın dövlət kanalı olan HRT 26 sentyabr 2014-cü il tarixində Xorvatiyanın Vyanada keçirilən Avroviziyada iştirak etməyəcəyini açıqlamışdır. Buna səbəb olaraq maliyyə böhranı və eyni zamanda ölkənin son illərdə müsabiqədə əldə etdiyi uğursuz nəticələr göstərilmişdir. Xorvatiya Avroviziyada son dəfə Malmödə keçirilən müsabiqədə 2013-cü ildə iştirak etmiş və yarımfinal mərhələsində 13-cü yeri tutmuşdur.