Ərsilə — Azərbaycan RespublikasınınYardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kəndi Ərus kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərsilə kənd Soveti yaradılmışdır.[1]
Tədqiqatçıların fikrincə, oykonim keçmışdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş ərus adlı icmanın adından və talış dilində kiçiltmə bildirən lə şəkilçisindən ibarətdir.[2] S.Kazımbəy 1869-cu ildə qələmə aldığı "Cəvahirnameyi-Lənkəran" əsərində bu kəndin adını Ərsidə şəklində qeyd edir və kənd ərazisindəki məşhur ocaq haqqında geniş məlumat verir. Müəllif Ərsidədəki məşhur "Babül-Dərdə" ocağının dövlət başçıları tərəfindən "Uçtıq-Sufidəşt" adlandırıldığını qeyd edir. Çox güman ki, uçtıq sözü burada üç tuğ (üç bayraq) mənasındadır. Vaxtilə həmin ocaqda saxlanılan və dini mərasimlərdə - məhərrəm ayında gəzdirilən "üç ələm"ə işarədir.
Ərsilə toponiminin ikinci komponentindəki –lə topoformantının talış dilindəki –lə kiçiltmə şəkilçisi ilə heç bir əlaqəsi yoxdur. Toponimin tərkibindəki –lə şəkilçi deyil, "dağ" mənasında işlənən monqol dilindəki "ula" sözüdür. XIX əsrin II yarısında bu leksem -idə/-də şəklində göstərilmişdir. Bu da qədim ta//da //dağ sözünə uyğundur. Çöx güman ki, etnotoponimin ilkin forması Ərusdağ olmuş, sonralar monqol zamanında toponim təhrif edilərək Ərusula və nəhayət Ərsilə şəklinə düşmüşdür. Ərusula/Ərsilə "ərus tayfalarına məxsus dağ" deməkdir. O.Süleymanov Q.Potaninə istinad edərək bildirir ki, Monqol rəvayətinə görə, dünya yarananda hər tərəf su idi və sudan iki Sumer ula dağı boylanırdı. Monqol dilində "ula"- dağ deməkdir.[3]