XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və Qalakənddə 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. Burada əksəri azərbaycanlılar olmaqla yanaşı, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyirdilər. Qalakənd misəritmə zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevrildi. 1883-cü ildə Qalakənddə İkinci misəritmə zavodu işə düşdü. Həmin illərdə Gədəbəy və Qalakənd misəritmə zavodlarında odun yanacağı maye yanacağı ilə, yəni mazut və neftlə əvəz edildi. 1887-ci ildə Zaqafqaziyada birinci olaraq Qalakənd HES işə salındı və burada iri balıqçılıq təsərrüfatı yaradıldı. Qalakənd Misəritmə Zavodunda dünyada birincilər sırasında Siemens-Billiter elektroliz laboratoriyası quraşdırıldı və bu üsulla təmiz mis əldə edilməyə başlanıldı. 1891-ci ildə Qalakənd zavodunda elektroliz yolu ilə qızıl və gümüş istehsal olunurdu. Qazma işləri əvvəllər əllə aparılırdısa, 1893-cü ildən almazla, 1902-ci ildən isə bu işlər elektriklə görülmüşdür. Müxtəlif səbəblərə görə 1914-cü ildə Siemens qardaşlarının Gədəbəy-Qalakənd bölgəsində fəaliyyətləri başa çatmışdır.[2]