Cəlal Əlirza oğlu Əliyev (30 iyun 1928, Naxçıvan – 31 yanvar 2016, Bakı) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor, AMEA Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III və IV çağırışlarının deputatı.
Həyatı
Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Cəlal Əliyev ailəli və bir qız atası idi. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiat-coğrafiya üzrə orta, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə biologiya üzrə ali təhsil alıb.
Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib.[2] Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi.
Azərbaycan,Rus və ingilis dillərini bilirdi.
Əmək fəaliyyəti
1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur. 2010-cu il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilmişdir. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri idi.
Elmi fəaliyyəti
Cəlal Əliyev 1955-ci ildə fəlsəfə doktoru, 1971-ci ildə elmlər doktorluğu dissertasiyalarını müdafiə etmiş, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna və Belarus respublikalarının Aqrar Elmlər Akademiyalarının (1996) xarıcı üzvü olmuşdur. 1981–1990-cı illərdə AEA-nın Biologiya Elmləri Bölməsində akademik-katib işləmiş, AR KTN ET Əkinçilik İnstitutunun Bitkilərin fiziologiyası və biotexnologiyası və AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbələrinə rəhbərlik etmişdir.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə onlarda fotosintezin, mineral elementlərlə qidalanmanın və maddələr mübadiləsinin öyrənilməsinə sərf etmiş, tədqiqatlarından bitkilərin optiki-bioloji quruluşu, fotosintez aparatında gedən fotokimyəvi-fotofiziki proseslərlə fizioloji və məhsuldarlıq prosesləri arasındakı əlaqə, məhsuldarlığın molekulyar mexanizmi kimi məsələləri öyrənmişdir. Tədqiqatları tanınmış, vətənimizə və elmimizə başucalığı gətirmişdir. Elmi təcrübələri qoyduğu Mil-Muğan düzləri ölkəmizin taxıl anbarına çevrilmişdir.[3]
Cəlal Əliyevin taxıl sortları sınaqdan uğurla keçirilmiş və "Qaraqılçıq-2", "Tərtər", "Vüqar", "Şiraslan-23", "Əlincə-84", "Mirbəşir-50", "Bərəkətli-95", "Əkinçi-84" və başqa taxıl sortları artıq yüz min hektarlarla sahədə əkilir. Akademik Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğdanın seleksiyasının elmi əsaslandırılmış proqramı uğurla həyata keçirilmişdir. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da akademik Cəlal Əliyev tərəfindən fiziki-kimyəvi biologiya sahəsində tədqiqatlar inkişaf etdirilməklə molekulyar biologiyanın, gen biotexnologiyasının əsası qoyulmuşdur.[4]
Çap olumuş əsərləri
Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi idi. Akademik 5 kitab və monoqrafiyanın, dünyanın ən nüfuzlu jurnallarında çap olunan 600-dən çox elmi məqalənin müəllifidir. Əsərlərindən 100-dən çoxu xarici ölkə jurnallarında çap edilmişdir. Rəhbərliyi ilə 80-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir. "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı", "Erməni terroristlərinin və quldur törəmələrinin insanlığa qarşı cinayətləri" əsərlərini yazmış və bir neçə dildə çap etdirmişdir.
Üzvü olduğu qurumlar
Akademik Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü, habelə dünyanın digər onlarla elmi qurumlarının üzvüdür. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I–III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Filmoqrafiya
- Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
- Azərbaycan naminə! (film, 2004)
- Azərbaycana namus və sevgiylə (film, 2006)
- Bərəkət (film, 1985)
- Böyük ömrün anları (film, 2006)
- Dünya şöhrətli məzun (film, 2003)
- Mənə inanın! (film, 2007)
- Tikdim ki, izim qala (film, 1997)
- Yaşıl möcüzə (film, 1979)
Xarici keçidlər
İstinadlar