Asim Nazim oğlu Mollazadə (6 iyun 1953, Bakı) — siyasətçi, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru.
Həyatı
Asim Mollazadə 1953-cü il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1980–1992-ci illərdə Moskva (Rusiya) Seçenov adına Tibb Akademiyası Nevrologiya və davranış psixofiziologiyası ixtisası üzrə təhsil alıb. 1978-ci ildən Bakı şəhərində xəstəxanada həkim işləmişdir. 1984–1987-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun baş elmi işçisi olmuşdur. 1992-ci ilin iyun-dekabr ayları – nevraloji psixogen və psixosomatik xəstəliklər Mərkəzinin direktoru olmuşdur.
Siyasi fəaliyyəti
1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Analitik informasiya xidmətinin rəhbəri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidenti Aparatının Xarici əlaqələr şöbəsinin müdiri və Ermənistanla hərbi münaqişənin həllinə dair danışıqlarda Prezidentin xüsusi nümayəndəsi vəzifələrində çalışmışdır. 1993– 2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini olmuşdur.
1995-ci il parlament seçkilərində Asim Mollazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur.[1] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[2] Beləliklə, Asim Mollazadə deputat seçilə bilməmişdir.
1994-cü ilin fevralından −1998-ci ilədək – Demokratiyanın İnkişafı Fondunun təsisçilərindən biri və vitse-prezidenti, 1998-ci ilin mayından etibarən – Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidentidir.
2000-ci ilin noyabrından 2005-ci ilin noyabrınadək – Milli Məclisin deputatı, Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü, 2001-ci ilin yanvarından 2005-ci ilin noyabrınadək – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü. AŞ PA-nın Yaxın Şərq altkomitəsinin sədri, monitorinq və siyasi komitələrinin üzvü. AŞ PA-nın Belorusiya üzrə məruzəçisi olmuşdur.
2005-ci ilin 4 iyulunda Demokratik İslahatlar Partiyasının təsis qurultayında partiyanın sədri seçilib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Yeni Zellandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]
Mükafatları
İstinadlar
Xarici keçidlər