Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə:
22 aprel 2005-ci ildə "İctimai liderlər birliyi" Seçki Bloku, 14 may 2005-ci ildə Azərbaycan Qadın Hərəkatının liderləri tərəfindən Qadınların Seçki Bloku, 15 may 2005-ci ildə "Olaylar", "Ədalət", "Həftəiçi", "Üç nöqtə", "Şərq" və "525-ci" qəzetlərinin baş redaktorları tərəfindən "Müstəqil media — 2005" Seçki Bloku,[1] 16 may 2005-ci ildə "Parlament 2005" Hüquqşünasların Seçki Bloku, 27 may 2005-ci ildə "Gənc Azərbaycan — Yeni adlar" Seçki Bloku, 13 iyun 2005-ci ildə "Yeni parlament" Seçki Bloku təsis edilmişdir.[2]
Avqust ayında isə "İctimai Liderlər Birliyi" bloku 64 namizədinin olduğunu açıqladı. Onlar həm birliyin üzvləri olan şəxslər, həm blokun dəstəklədiyi və həm də qurumun saziş imzaladığı digər seçki bloklarının namizədləri idi. "Parlament-2005" Hüquqşünasların Seçki Blokunun, "Müstəqil Media-2005" Seçki Blokunun, həmçinin "Gənc Lidlerlər" Seçki blokunun namizədləri "İctimai Liderlər"in siyahısına daxil edildi. Əliməmməd Nuriyev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əyyub Kərimov, Ataxan Əbilov, Namizəd Səfərov, Əlövsət Əliyev, Vidadi Mirkamal kimi hüquqşünaslar, həmçinin qəzet redaktorlarından Rəşad Məcid, Akif Aşırlı, Xoşqədəm Hidayətqızı, Aqil Abbas da "İctimai Liderlər Birliyi"nin dəstəklədiyi namizədlər idi.[1][3] "İctimai liderlər birliyi" Seçki Blokunun təsisçilərindən biri də Milli Qeyri-hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev olmuşdur.[4]
Seçkilər
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir.
MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu.
Seçkilərdə 2063 nəfərin namizədliyi qeydə alınıb, daha sonra yüzlərlə şəxs namizədliyini geri götürüb və 1541 nəfər seçkilərdə iştirak edib.[5]
Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi.
Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu.
2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi.
Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi. 115 seçki dairəsi üzrə deputatlar seçilmişdi. 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Lalə Şövkət Hacıyeva Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 yanvar 2006-cı il tarixli 2/3 saylı Qərarı ilə deputat mandatından məhrum edildi.
14 iyun 2006 tarixində təəkrar seçkilərdə seçki dairələri üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyaları protokollarının məlumatlarına əsasən Milli Məclisə 10 yeni deputat seçildi.
Azərbaycan Respublikasının Milli Məclisinin tərkibinə seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50 — si ölkədə fəaliyyət göstərən siyasi partiyalar, 6-sı siyasi partiyaların blokları və 59-u özləri tərəfindən deputatlığa namizəd irəli sürülmüşdü.
Seçki sonrası Azadlıq Bloku mətbuat konfransı keçirmişdir.
17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilmiş Lalə Şövkət total saxtakarlıq səbəbiylə seçki nəticələrini tanımadığını, mandatından imtina etdiyini elan etmiş və 17 yanvar 2006-cı ildə mətbuat konfransı keçirmişdir.