Ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet İttifaqı hüdudları daxilində bir sıra iqtisadi, siyasi, o cümlədən sosial islahat hərəkatlarının start götürməsi nəticəsində keçmişdə tabu hesab olunan bir sıra ictimai debatların geniş vüsət alması, müstəqillik nöqteyi-nəzərindən müttəfiq respublikaların vətəndaşları üçün yeni perspektivlər vəd edirdi.[2] SSRİ-nin demək olar ki, əksər bölgələrində elmi cəmiyyətlərdə və siyasi klublarda cəmlənmiş ziyalı seqmenti daha sonra "Xalq cəbhələri" olaraq adlanacaq siyasi qurumların inzibati aparatlarının, habelə ideoloji əsaslarının özəyini formalaşdırırdı. Azərbaycan SSR-də də bu hal "Perestroyka" və "Qlastnost" dalğasının gətirdiyi yeni mühitdə özünü aşkar büruzə verməyə başladı. Artıq müxtəlif tələbə təşkilatlarında, elmi və siyasi diskusiya klublarında SSRİ çərçivəsində Azərbaycanın suverenliyi məsələləri də müzakirə olunurdu.[3] Belə bir şəraitdə, Estoniya Xalq Cəbhəsi modelində Azərbaycan Xalq Cəbhəsini formalaşdırmaq üçün 1988-ci ildə Bakı Alimlər klubunda bir qrup ziyalı tərəfindən Təşəbbüs qrupu yaradıldı. Ardınca təbliğat prosesi başladı və "Varlıq", "Çənlibel" kimi yarımleqal təşkilatlar da təşəbbüs qrupuna qoşuldular. Azərbaycan Xalq Cəbhəsi 16 iyul 1989-cu ildə təsis olunmuş və "Elçibəy" təxəllüslü Əbülfəz Əliyev sədr seçilmişdir. 5 oktyabr 1989-cu ildə isə təşkilat rəsmən dövlət qeydiyyatına alınmışdır.
Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq, 1989–1993-cü illərdə Azərbaycandakı ictimai-siyasi proseslər üzərində əhəmiyyətli təsirə malik olmuşdur. Bunun nəticəsi kimi, Azərbaycan SSR Ali Sovetində 45 deputatla təmsil olunmuş, 1992-ci ilin mayında Azərbaycanda hərbi dövlət çevrilişi reallaşdıraraq hakimiyyəti ələ almış[4] və həmin ayda keçirilən prezident seçkilərində namizədi Əbülfəz Elçibəylə qalib olmuşdur. Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyanatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.[5][6][7][8][9]
Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin iyunundan 1993-cü ilin iyununa kimi hakimiyyətdə olmuş və bu dövr ərzində milli valyutanın dövriyəyə buraxılması,[10] ali təhsil müəssisələrinə qəbulda test üsulunun tətbiqi,[11] dövlət əmlakının özəlləşdirilməsi kimi əhəmiyyətli addımlar atılmışdır. Lakin Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin mahiyyətcə vəd etdiyi ölçüdə ciddi dəyişikliklər edə bilməməsi,[12] kadr siyasətindəki uyğunsuzluqlar,[13] korrupsiya və rüşvətxorluq,[14] mətbuat nümayəndələrinə qarşı zorakılıqlar,[15][16] təhlükəsizlik problemləri və Qarabağ müharibəsindəki müvəffəqiyyətsizlik onun tənqid olunan cəhətləri arasındadır.[17][18]
Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı. 1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir.[19] 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Onun əsas şüar SSRİ daxilində suverenlik qazanmaq idi.[20] 1988-ci ilin avqust-iyul aylarında Azərbaycan Xalq Cəbhəsinin yaradılması haqqında müzakirələr gedir, gizli toplantılara gələnlərin sayı get-gedə artırdı.[21]
1988-ci ilin oktyabrın 13-də Üzeyir Hacıbəylinin ev muzeyində 37 yerlik zirzəmiyə 60-a yaxın adam toplaşır. Toplantıda Azərbaycan Xalq Cəbhəsinin Baki Alimlər Klubunun üzvü Zərdüşt Əlizadə tərəfindən hazırlanmış ilkin proqramı müzakirə edilir. Toplantıda iştirak edən Xudu Məmmdov ürək tutmasından vəfat edir. Toplantı yarımçıq qalır.[20]
1988-ci ilin noyabr mitinqlərində Bakı Alimlər Klubunun üzvləri Azərbaycan Xalq Cəbhəsinin yaradılması təbliğatı ilə məşğul olur, Azərbaycan Xalq Cəbhəsinin ilk proqramını paylayırdılar. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub.[22]
1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi.
Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvləri:
Həmçinin şuranın nizamnaməsi hazırlandı. Bir neçə ay ərzində Şura Azərbaycan Xalq Cəbhəsinin proqram və nizamnamə layihəsini işləyib hazırladı.[23]
Həmin dövrdə Azərbaycan ictimaiyyətini Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin fəaliyyəti ilə məlumatlandırmaq üçün Azərbaycan və rus dillərində "samizdat" olaraq "Azərbaycan Xalq Cəbhəsi bülleteni" nəşr olunmağa başladı.[24]
Təsisi
1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir.[25]
Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.[26]
İclasda keçirilən açıq səsvermədə sədrliyə İsa Qəmbər, Əbülfəz Elçibəy və Yusif Səmədoğlunun namizədliyi irəli sürülmüşdür.[27] İsa Qəmbər Əbülfəz Elçibəyin lehinə namizədliyini götürmüşdür.[27]Əbülfəz Elçibəy 9 əleyhinə, əksəriyyət lehinə olmaqla Azərbaycan Xalq Cəbhəsi sədri seçilmişdir.[28] Nizamnaməyə uyğun olaraq Əbülfəz Elçibəy sədr seçildikdən sonra İdarə Heyəti üzvlüyündən çıxmışdır.[26]
Konfrans adından aşağıdakı qətnamələr qəbul edilmişdir.[29]
Azərbaycan Xalq Cəbhəsinin təsisi haqqında
Azərbaycan SSR-in dövlət suverenliyi haqqında
Azərbaycan SSR-in dövlət iqtisadiyyatı haqqında
Azərbaycan demokratik Respublikası haqqında
Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə forması haqqında
Azərbaycan SSR-in bəzi yerlərindəki xüsusi vəziyyət haqqında
Siyasi məhbuslar haqqında.
Türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri haqqında
SSRİ-də milli mübnasibətlər haqqında
Ölkədəki ictimai-siyasi vəziyyət haqqında
Azərbaycan SSR-in dövlət suverenliyi haqqında qətnamədə deyilir:[30]
Azərbaycan Xalq Cəbhəsi SSRİ tərkibində qalmaqla respublikanın suverenliyinə nail olmaq perspektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. Yenidənqurma baş tutmayacağı halda Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaqdır.
Konfransda qəbul olunan proqramın "Ümumi prinsipləri"ndə 'Azərbaycan Xalq Cəbhəsinin respublika əhalisinin yenidənqurma və ölkənin həyatının demokratikləşdirilməsi uğrunda mübarizə aparan ictimai təşkilat olduğu qeyd olunsa da,[31] sonradan dəyişiklik edilmiş Məramnamə və Nizamnamədə Azərbaycan Xalq Cəbhəsinin müstəqil, vahid, demokratik Azərbaycan uğrunda mübarizə aparan şəxsləri və qurumları birləşdirən ictimai-siyasi təşkilat olduğu deyilirdi.[32]
5 oktyabr 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Azərbaycan SSR Nazirlər Sovetinin 404 №-li qərarı ilə rəsmi dövlət qeydiyyatına alınmışdır.[26] Nazirlər Kabineti Azərbaycan Xalq Cəbhəsini 1932-ci ildə qəbul olunmuş qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı bir qanuna əsasən qeydə almışdır.[27]
I Qurultay
Azərbaycan Xalq Cəbhəsinin I Qurultayı 1991-ci ilin iyul ayının 13-dən 17-sinədək Bakı şəhərində keçirilmişdir. Qurultayda Azərbaycan Xalq Cəbhəsinin Nizamnaməsi qəbul olundu. Nizamnamənin 6-cı bəndinə əsasən İdarə Heyəti ləğv olunaraq onun əvəzinə sədrin təqdimatı ilə təşkil olunan, icra aparatı funksiyası görən İcraiyyə Komitəsi yaradılmışdır. Həmçinin nizamnamənin digər bəndlərinə əsasən sədrin təyin etdiyi şəxslərdən ibarət Məsləhət Şurası təsis edildi və sədr müavini postu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü Pənah Hüseyn "Dəyişiklikdən məqsəd icra orqanının daha da gücləndirilməsi, eyni zamanda Məclisin qərarverici, sərəncamverici rolunun artırılması idi. Keçmiş İdarə Heyəti həm qərar verir, həm də bu qərarı yerinə yetirirdi. Bu isə icra orqanı kimi onun işini çətinləşdirirdi. Həmin dolaşıq məsələ qurultayda öz həllin tapdı və icra orqanlarının səlahiyyət həddi dəqiq müəyyən olundu." şəklində mediaya müsahibə vermişdir.[33]
17 iyul 1991-ci ildə I Qurultaya fasilə verildi. Fasilədən sonrakı dövrdə İsa Qəmbər sədrin təşkilat məsələləri üzrə müavini, Tofiq Qasımov xarici əlaqələr üzrə müavini, İsgəndər Həmidov Qarabağ və sərhəd rayonları üzrə müavin, Pənah Hüseyn isə Azərbaycan Xalq Cəbhəsi Analitik Mərkəzinin sədri təyin olundu. Nizamnaməyə əsasən təyinatlar Ali Məclis tərəfindən təsdiqlənməli idi. Bu səbəbdən təyinatlat təsdiqlənənədək kollegial orqan Müvəqqəti İcraiyyə Komitəsi adlandı, lakin dövrün mediasında Müvəqqəti İcraiyyə Komitəsi üzvləri Azərbaycan Xalq Cəbhəsi Nizamnaməsinin VI.13 maddəsinə zidd olaraq (Azərbaycan Xalq Cəbhəsi İcra Aparatının səlahiyyətlərinin əsanamə ilə müəyyən edilməsi barədə tələbin pozulması qeyd olundu və sədr müavinlərinin qurultay tərəfindən seçilmədiyi halda bu adla çıxış etmələri) özlərini İcraiyyə Komitəsinin üzvü kimi təqdim etmələri tənqid olundu və bununla bağlı 27 sentyabr 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi Nəzarət-Təftiş Komissiyasında qərar qəbul olundu. Bununla bağlı 5 oktyabr 1991-ci il tarixinə Azərbaycan Xalq Cəbhəsi Məclisinin sessiyası çağrıldı.[33]
Azərbaycan Xalq Cəbhəsi Məclisinin 17 noyabr tarixli sessiyasında Tofiq Qasımov Milli Məclisdə fəaliyyətinin daha çox fayda verəcəyini düşündüyünü bildirərək Azərbaycan Xalq Cəbhəsindəki vəzifələrindən istefa verdi.[33]
2 dekabr 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi sədrinin 3 saylı sərəncamı ilə Azərbaycan Xalq Cəbhəsi sədrinin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi sədrinin müavinləri, şöbə müdirləri və sədrin təyin etdiyi ayrı ayrı şəxslərdən ibarət Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsi yaradıldı. 4 saylı sərəncamla isə 10 nəfərdən ibarət İcraiyyə Komitəsi tərkibi yaradıldı və Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin təsdiqinə verildi.[33]
Azərbaycan Xalq Cəbhəsinin I Qurultayının davamı 1992-ci ilin yanvar ayında keçirilmişdir. Qurultayda Azərbaycan Xalq Cəbhəsinin yeni Nizamnaməsi tam mətndə təsdiq edilmiş və Azərbaycan Xalq Cəbhəsi sədri Pənah Hüseynin Azərbaycan Xalq Cəbhəsi Analitik Mərkəzinin rəhbəri vəzifəsində saxlanılmaqla Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam vermişdir.[33]
Baş verən bu hadisələr Azərbaycan Xalq Cəbhəsi daxilində də gərginliklərə və qruplaşmalara səbəb olmuşdur. Belə ki, təşkilat daxilində Yurd İctimai Birliyi bazasından gələn qrup birgə fəaliyyət göstərməyə başlamışdır. Kütləvi informasiya vasitələrində "yurdçular" olaraq tanınan bu qrup daha sonralar "islahatçılar" olaraq adlandırılmağa başlandı. Bu qrupun təmsilçiləri o dövrdə parlament jurnalisti olan, daha sonra isə AXC sədrinin birinci müavini olan Əli Kərimli, AXC Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli, AXC-nin sədr müavinləri Asim Mollazadə və Cəmil Həsənli, Rəyasət Heyəti üzvü Qüdrət Həsənquliyev kimi şəxslər idi. Digər bir qrup olan "klassiklər"də isə AXC-nin sədr müavini Mirmahmud Mirəlioğlu, daha sonralar yaradılan AXCP Gənclər Komitəsinin ilk sədri Oqtay Güləliyev, baş nazirin sabiq müavini Kamil Vəli Nərimanoğlu, sabiq nazir İsa Bağırov, müğənni Flora Kərimova, hüquq müdafiəçisi Novella Cəfəroğlu kimi şəxslər təmsil olunmuşdur.[40][41]
Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyət müddəti tamamlandıqdan sonra həm yeni və ilk dəfə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu ilə bağlı referendum, həm də Azərbaycan Respublikasının Milli Məclisinin təsis edilərək bu quruma millət vəkillərinin seçilməsi üçün parlament seçkiləri keçirilməsi qərarlaşdırıldı. 125 deputatdan 100-nün majoritar, 25-nin isə ümumrespublika üzrə vahid proporsional sistemlə seçildiyi 1995-ci parlament seçkilərində rəsmi şəkildə siyasi partiyaların iştirakına icazə verilsə də, ictimai təşkilatların iştirakı qanunda yerini tapmadı. Bu səbəbdəb "yurdçular" Azərbaycan Xalq Cəbhəsinin partiyalaşması üçün fəaliyyətə keçdilər. Nəticədə 25 may 1995-ci ildə qurultay çağırıldı. Azərbaycan Xalq Cəbhəsi bu qurultayda partiyalaşaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasına çevrildi.[41] 1 sentyabr 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı.[33][42]
1990-cı il Naxçıvan MSSR Ali Sovetinə keçirilən seçkilərdə Naxçıvan Xalq Cəbhəsi uğur qazanmışdır. Ali Sovetdə Naxçıvan Xalq Cəbhəsinin üzvləri Heydər Əliyevin sədr namizədliyini dəstəkləmiş, sədrliyə seçilən Azərbaycan Kommunist Partiyası üzvü Heydər Əliyev Naxçıvan Xalq Cəbhəsinin üzvlərini (Qafar Məmmədov, Asəf Kələntərli və başqaları) Ali Sovetin sədr müavinləri təyin etmişdir.[44]
1990-cı ilin fevral ayında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi "Məhəmməd Əmin Rəsulzadə mükafatı" təsis edildi. İdarə Heyəti Məhəmməd Əmin Rəsulzadə mükafatını ilk olaraq milli-azadlıq hərəkatındakı xidmətlərinə görə iki şəxsə: görkəmli alim, vətənpərvər Xudu Məmmədova (ölümündən sonra) və "Azadlıq" radiosunun baş redaktoru Mirzə Xəzərə verilməsi qərarını yekdilliklə qəbul etdi. Qərar Əbülfəz Elçibəy tərəfindən imzalandı və eyni gün İdarə Heyətinin üzvü, yazıçı və ictimai-xadim Yusif Səmədoğlunun səsi ilə bu xəbər "Azadlıq" radiosundan yayıldı.[46]
Rəmzləri
Azərbaycan Xalq Cəbhəsinin rəsmi logosunun təsviri belə idi[47]:
Logosu
Ağ bayrağın ortasında qara rəngdə AHC sözü yazılıb.
↑Cornell, Svante. The Rise and Fall of the Popular Front // Azerbaijan Since Independence (ingilis). M. E. Sharpe. 23 dekabr 2010. səh. 74. ISBN978-0-7656-3002-5.