Sülhəddin Bayram oğlu Əkbərov və ya Sülhəddin Əkbər (1960, Noraşen) — Azərbaycan Demokrat Partiyasının həmtəsisçisi və həmsədri, Müsavat Partiyasının keçmiş başqan müavini, rəsmi dövlət qeydiyyatında olmamış Açıq Cəmiyyət Partiyasının keçmiş sayca ikinci və sonuncu sədri, Azad Demokratlar Partiyasının qurucusu və sədri.
Həyatı
Sülhəddin Bayram oğlu Əkbərov 1960-cı ildə Şərur rayonunda anadan olub. İxtisasca həkimdir.
Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci ildə Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri arasında Sülhəddin Əkbər də olmuşdur.[3][4] Partiyanın qurucularından və sədr müavini olmuş Sülhəddin Əkbərin 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini təyin olunması və Müsavat Partiyasının bərpa prosesində iştirak etməsi partiyanın qərarlarına tabe olmama kimi dəyərləndirilmişdir. Bu səbəbdən o, Azərbaycan Demokrat Partiyası İdarə Heyəti tərəfindən partiyadan uzaqlaşdırılmışdır.[3]
16 iyul 1993-cü ildə Milli Məclisin üzvlüyündən azad edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur.[6] 1 sentyabr 1993-cü ildə həbs qərarı tətbiq olunmuşdur.[6]
1992-ci ildən 2010-cu ilədək Müsavat Partiyasının üzvü olub. 1995-ci ildən 2010-cu ilədək Müsavat Partiyası Başqanının siyasi məsələlər üzrə müavini olmuşdur.
2000-ci il parlament seçkilərində Sülhəddin Əkbər Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 4-cü sırada olmuşdur.[7] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Sülhəddin Əkbər deputat seçilə bilməmişdir.[8][9]
Sülhəddin Əkbər həm də 1997-ci ildə Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasını yaradıb və hazırda onun prezidentidir.
Akif Şahbazovun ardından 2012-ci ildən 2014-cü ilədək Açıq Cəmiyyət Partiyasının sədri olmuşdur. 2014-cü ilin iyul ayının 4-də Sülhəddin Əkbər Açıq Cəmiyyət Partiyasının bazasında Azad Demokratlar Partiyasını təsis etmişdir.[12] Azad Demokratlar Partiyası 15 aprel 2020 tarixində rəsmi qeydiyyata alınmışdır.[13]