Akif Rəhim oğlu Şahbazov (15 dekabr 1957, Yuxarı Cürəli, Puşkin rayonu – 20 iyun 2023) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, dövlət qeydiyyatına alınmamış Açıq Cəmiyyət Partiyasının sədri (2007–2012).
Həyatı
1957-ci il dekabrın 15-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Azərbaycan və rus dilini bilirdi.
20 iyun 2023-cü ildə Bakıda vəfat edib, doğulduğu Y. Cürəlidə dəfn edilib.[1]
Evlidir, 6 övladı var.
Siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının sıralarından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olmuşdur.
1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[2] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[3][4] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[3]
Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[3][4] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[5]
2007-ci ildə Azərbaycan Demokrat Partiyası daxilində qruplaşma yaranmış və partiya Sərdar Cəlaloğlu və Rəsul Quliyev liderliyində 2 qola bölünmüşdür. 14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Solmaz Ələsgərova, Zəminə Dünyamalıyeva, Akif Şahbazov və Mahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi.[6][7] Bu partiya dövlət qeydiyyatına alınmadı. 23 iyun 2009-cu ildə Akif Şahbazov partiya sədrliyindən istefa verdi.[8] O, 2009-da partiyadan istefa vermiş,[9] bir müddət sonra isə geri qayıtmış və İdarə Heyətinin üzvü olmuşdur.[10]
2014-cü ildən Gələcək Azərbaycan Partiyasının fəxri üzvü olub.
İstinadlar
Mənbə
|
---|
Majoritar | | |
---|
Proporsional | |
---|