Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Elxan Süleymanov.
Elxan Sirac oğlu Süleymanov (1940[1], Göyçay rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı.
Həyatı
Süleymanov Elxan Sirac oğlu 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. O, 1953-cü ildə 7 illik təhsilini başa vurduqdan sonra Göyçay Pedaqoji Texnikumunun ibtidai məktəb müəllimliyi fakültəsinə daxil olmuş, 1958-ci ildə həmin texnikumda təhsilini başa çatdırmışdır. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində təhsilini davam etdirmişdir. Elxan Süleymanov ali təhsil aldığı dövrdə eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakının 7 və 25 sayli orta məktəblərində müəllim işləmişdir.
E. Süleymanov 1966-cı ildə Respublika Həmkarlar İttifaqı Yeyinti Sənayesi İşçilərinin Həmkarlar Komitəsinin Fioletov adına klubuna direktor təyin edilmiş və 1979-cu ilə qədər həmin vəzifədə çalışmışdır.
O, 1981–1982-ci illərdə Yazıçılar İttifaqının Şüvəlandakı Yazıçılar Evinin direktoru, 1982–1985-ci illərdə Mədəniyyət Nazirliyi nəzdində "Azərattraksion"un baş direktoru işləmiş, 1985–1989-cu illərdə isə "Nizami" kinoteatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Elxan Süleymanov 1990–1998-ci illər ərzində Rusiya-Amerika Universitetinin Azərbaycan bölməsinin baş direktoru vəzifəsini icra etmişdir.
E. Süleymanov 2005-ci ildə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) təsis etmiş və onun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş "Xocalı soyqırımı", "Xocalı soyqırımı: milyon imza-bir tələb", "Şuşa — qədim Azərbaycan diyarı", "Bir faciə haqqında iki fotosöhbət", "Tarixi faktlar erməni miflərinə qarşı" topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərilmişdir.
"Xocalı soyqırımı: milyon imza-bir tələb" layihəsi çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası toplanaraq kitab halında nəşr etdirilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərbaycan, ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində keçirilən "Bakı-qəhrəman şəhər" layihəsi çərçivəsində isə İkinci Dünya müharibəsi dövründə Azərbaycan paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda keçirilən seçkilərdə və referendumda müşahidəçilik və "exit-poll" fəaliyyətini də həyata keçirən bu təşkilat insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr həyata keçirmiş, beynəlxalq konfranslar təşkil etmişdir. Beləliklə AVCİYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində inamla irəliləyir.
Elxan Süleymanov 2010 və 2015-ci illərdə IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
İstinadlar