Afina (yun.Ἀθηνᾶ), Afina Pallada (yun.Παλλὰς Ἀθηνᾶ) - qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı hesab edilirdi. Atributları bayquş (Minerva), dəbilqə, nizə və ilan idi.
Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər.
Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı. Həmin yerdən dəniz suyu fışqırdı. Sonra Afina gəlib nizəsini yerə vurdu və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxdı. Hakimlər məsləhətləşib Afinanı qalib elan etdilər. O vaxtdan bu şəhər Afina adlanır.
Afina Və Araxna
Yunanıstanın qonşuluğunda yerləşən Lidiyada Araxna adlı bir qız yaşayırdı. O, toxuculuqda ustalığı ilə ad çıxarmışdı. Lidiyadan və Yunanıstandan qızlar, hətta ilahələr gəlib onun əl işlərinə heyranlıqla tamaşa edirdilər. Araxna duman kimi yüngül, hava kimi şəffaf saplardan gözəl parçalar toxuyur və öyünürdü ki, toxuculuqda onun tayı-bərabəri yoxdur.
Bir dəfə Araxna dedi:
– Qoy Afina özü mənimlə yarışa gəlsin. Mən ona qalib gələrəm.
Afina həm də sənət və peşə ilahəsi sayılırdı. O, Araxnanın çağırışını eşitdi. Ağsaçlı, əli çəlikli qarı qiyafəsində onun qarşısına çıxdı:
– Araxna, gəl sən mənim məsləhətimə qulaq as, öz sənətində ancaq insanlarla bəhsə gir, ilahəni yarışa çağırma.
Araxna toxuduğu zərif parçanı əlindən yerə qoydu. Onun gözləri qəzəblə parladı. Qız acıqla qarıya cavab verdi:
– Sən nə danışırsan, qarı?! Qocalıq ağlını əlindən alıb. Belə nəsihətləri, get, öz gəlinlərinə və qızlarına ver. Mən isə nə etdiyimi bilirəm.
– Qocalıq təkcə gücsüzlük demək deyil, Araxna. Qocalıq həm də böyük təcrübə, müdriklik deməkdir. Təvazökar ol, itaət göstər, ilahəyə yalvar ki, təkəbbürlü sözlərinə görə günahından keçsin. O, səhvini anlayıb üzr istəyənləri bağışlayır.
– Yox, qarı, mən dediyimdən dönmərəm. Görürsən, Afina qorxusundan gəlmir. Deməli, mənimlə yarışa girməkdən çəkinir.
Afina gördü ki, sözləri lovğa qıza təsir etmir. O öz görkəmini aldı və qəzəblə dilləndi:
– Mən buradayam, Araxna.
Araxnanın işlərinə tamaşa edən qızlar, qadınlar gözəl Afinanın qarşısında təzim etdilər, onu alqışladılar. Təkcə Araxna halını pozmadı. Hər səhər günəş üfüqdə görünəndə göyün üzü necə al rəngə boyanırsa, Afinanın da üzü qəzəbdən o rəngə düşdü.
İnsanla ilahə arasında yarış başlandı. Afina ağ parça üzərində möhtəşəm Afina akropolunu və şəhərə hökmranlıq üstündə özünün Poseydonla yarışını təsvir edən səhnələrdən ibarət parça toxudu. Parçanın künclərində isə itaətkarlıqdan boyun qaçıran insanların ilahlar tərəfindən cəzalandırılması təsvir olunmuşdu. Sənət və müdriklik ilahəsi Afina bütün bunları zeytun yarpaqlarından hörülmüş çələnglə çərçivəyə aldı.
Araxna isə öz parçasında ilahların adi insan ehtiraslarına uyduğunu əks etdirən həyat səhnələri təsvir etdi. Parçanın kənarlarını sarmaşıq və çiçək dəstələri ilə haşiyələdi. Araxnanın əl işi çox mükəmməl alınmışdı, gözəlliyinə görə Afinanın işindən geri qalmırdı, amma onun toxuduğu səhnələrdə ilahlara ehtiram yox idi, əksinə, istehza hiss olunurdu. Bu, Afinanı dəhşətli dərəcədə qəzəbləndirdi. O, Araxnanın parçasını əlindən alıb cırdı və üzünə çırpdı.
Araxna bu biabırçılığa tab gətirmədi, iplərdən kəndir toxuyub özünü asdı. Afinanın qıza rəhmi gəldi, onu ölümdən qurtardı və dedi:
– Yaşa, itaət göstərmək istəməyən təkəbbürlü qız! Amma sən ömrün boyu ipdən asılı qalacaqsan və ömrün boyu toxuyacaqsan. Bu cəzanı sənin bütün nəslin də çəkəcək.
Afina sehrli bitkinin şirəsini Araxnanın üstünə çilədi. Həmin anda Araxna kiçildi, saçları töküldü və o, hörümçəyə çevrildi. O vaxtdan hörümçək – Araxna ipdən asılı qalıb və dinclik bilmədən toxuyur.
Afinanın doğulması:
Afina Zevsin başından doğulmuşdur. Onun anası müdriklik ilahəsi Metida hələ hamilə olarkən Zevs Urandan öyrənir ki, onun qızı sonra oğlu dünyaya gələndən sonra səltənətinə hakim olacaq. Bundan ehtiyatlanan ZevsMetidanı udaraq yeyir. Afinanın doğum gününə çatanda Zevs Prometeyə onun başını yararaq Afinanı azad etmək üçün göstəriş verir. Beləliklə döyüş libasında Afina dünyaya gəlmiş olur.[2]
Yunanıstanın paytaxtının sahibi və adı:
Rəvayətə görə Poseydonla ilahə Afina arasında Afina şəhərinin hakimliyi üstündə mübahisə düşür. Hər ikisi kimin şəhərə daha qiymətli töhfə verə biləcəyi üstündə şərt kəsir. Poseydon üçdişli əsasını yerə vurur. Yerdən su çıxmağa başlayır. Afina nizəsini yerə vurduqda isə ilk dəfə olaraq həmin yerdən zeytun ağacı göyərir. Digər tanrılar götür-qoy etdikdən sonra mübahisədən Afinanın qalib çıxdığını elan edirlər. Zeytun sudan daha qiymətli olduğu üçün Afina şəhərin himayədarı və ona öz adını vermiş olur.[2]
Müdrik Afina:
Afina müharibə ilahəsi olsa da o, öz rəqiblərini ağılla, müdrikliklə məğlub etməyə üstünlük verirdi. O, qardaşı Aresdən fərqli olaraq öz qəhrəmanlarına artıq qan tökmədən, müdrikliklə öz məqsədlərinə çatmaqda yardımçı olmuş, onları və ailələrini mühafizə etdiyi üçün ona Soteyra (mühafizəçi) epiteti verilmişdir.
Xarrat, toxucu kimi sənətkarlıq qabiliyyəti ona daha bir - Erqana (zəhmətkeş, əməksevən, çalışqan) epitetini qazandırmışdır. İlk parçanı Afina toxuyaraq, qadınlara bu sənəti sevdirmişdir. Afina ilə Lidiyadan olan toxucu qız Araxna arasında olan mübahisə də maraqlıdır. Araxna öz toxuduğu parçalarda tanrıların məhəbbət macəralarını əks etdirdiyi üçün, Afina Araxnanı bu dikbaşlığına görə cəzalandırır və hörümçəyə çevirir. (yun.arachne hörümçək deməkdir.)[3]
Afinanı çox vaxt Pallada adlandırırmışlar ki, buda onun gənc bakirə qız olması ilə əlaqələndirirlər. (qədim yun.pallex yeni yun.palikari cəsur mənasını verir.) Afinada onu sadəcə "Qız" (Parfenos) cağırırmışlar. Buna görə də onun Akropolisdəki məbədi Parfenon adlanır..[4]
Erixtoniya:
Rəvayətə görə bir dəfə Afina silah sifariş etmək üçün Hefestin emalatxanasına gəlir. İlahəni görcək ehtirasa gələn Hefest onun üzərinə atılır lakin, bakirəliyini itirməməyə görə ondan yaxa qurtarmaq üçün qaçır. Hefest onu təqib etsə də Afinanın müqaviməti nəticəsində istəyinə nail ola bilmir. Afina onun ailəsinin ayaqlarına düşüb yalvarmasına baxmayaraq Hefesin dərisini çıxardıb torpağa atır. Nəticədə Gaia (torpaq ilahəsi) bundan mayalanaraq Afinanın ən qədim avtoxton çarını - Erixtonu (yun.erion - dəri, yun.chthon - torpaq deməkdir .) doğmuş olur.[4]