Bu adın digər istifadə formaları üçün bax:
Kolatan.
Böyük Kolatan — Azərbaycan Respublikasının Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsində kənd.[2]
Böyük Kolatan kəndi Azərbaycan Respublikasının Masallı rayonunun cənub qərbində, Talış dağlarının şərq ətəyində, rayon mərkəzindən 13 km. məsafədə yerləşir. Kəndin relyefi dərə və hamardır. Ərazinin suları şirin və içməlidir. Kəndin ərazisindən üç dağ çayı keçir. Bu çaylardan ən böyüyü Kolatançaydır.[mənbə göstərin]
Tarixi
Kəndin yaranma tarixi XVII əsrin ortalarına təsadüf edir. İlk sakinləri Qarabağdan və Lerik rayonundan gələn insanlar olmuşlar. Bu ərazidə küp qəbirlərin, hündür kurqan təpələrinin mövcudluğu, Qanqal qalası, Çolabil qala şəhəri, Peşkə dəlion kulət, Dəli ru, Osyo kut kimi tarixi yerlərin olması Böyük Kolatan ərazisinin qədim insan məskəni olmasına əyani sübutdur. Deyilənlərə görə Kolatan ərazisi qədimdə kol-kos və sıx meşəlik olmuşdur. Ora köçən əhali abadlıq məqsədilə ərazini təmizləmişlər. Böyük Kolatana gələn digər insanlar yerli əhalini "Kolatanlar" ərazini isə "Kolatan" adlandırmışlar. Kəndin adı da o zamanlardan Kolatan adlanır.
Kolatan əhalisi Talış xanı Mir Həsən xanın dövründə öz şücaətlərini göstərmişlər. 1826-cı ildə baş verən Rus-Qacar müharibəsində Mir Həsən xan Qacarlar tərəfində çıxış edərək Talış xanlığında üsyan qaldırmışdı. Ruslarla baş verən döyüşdə Mir Həsən xanın ətrafındakı döyüşçülər qorxub qaçmış, xanın yanında sadəcə Kolatan və Bədəlan əhalisindən yüz nəfər piyada tüfəngçi ilə iyirmi atlı qalmışdı. Ruslar özlərini Viləş çayına yetirmək istəyərkən xan onları səsləmiş və demişdi: "Sizə qurban оlum, qоymayın soldatlar özlərini çaya salsınlar!". Çünki Viləşin bir tərəfi böyük yarğan idi və bu, döyüşü rusların lehinə çevirərdi. Kolatan və Bədəlan tüfəngçiləri böyük şücaət göstərərək rusları Viləşə yaxın qoymamış, özləri onlardan əvvəl çaya çatmışdılar. Məğlub olan ruslar Qumbaşıya tərəf qaçmağa məcbur olmuşdular.[mənbə göstərin]
Mədəniyyəti
Kənd əhalisi talış dilində danışır. Əhali dədə-baba adət ənənələrinə riayət edir. Bayramlarda İslam qaydaları unudulmur.
Böyük Kolatanda elmə maraq qədim zamanlardan olmuşdur. XIX-XX əsrlərdə Kolatan kəndində Tehran dini universitetini bitirmiş 3 axund yaşamışdır. Hazırda Böyük Kolatanda 5 elmi işçi, 100-dən çox ali təhsilli mütəxəssis vardır. Böyük Kolatan gəncləri dünyanın müxtəlif ölkələrində, əksəriyyəti isə Azərbaycanda təhsil alırlar.
Böyük Kolatanda idmana da böyük maraq göstərilir. Təxminən 15 il ərzində "Böyük Kolatan futbol komandası" müxtəlif yarışlarda iştirak etmişdir. Kənd stadionu kolatanlı xeyriyyəçilərin yardımı ilə daha da yaxşı vəziyyətə gətirilmişdir.[mənbə göstərin]
Əhalisi
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan[3] və Xanalıyan kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı.[4]
Kəndin ərazisi 1239 hektar, əhalisi 2012-ci ildə 5200 nəfər olmuşdur. Kənd 7 böyük mahaldan (məhəllədən) ibarətdir: Bala Kolatan, Bağıroba, seyidoba, Küjə, Mionə, Jiobə və təzə məhəllə. Həmçinin ərazidə 4 məscid, 2 orta məktəb binası, 1 həkim-ambulator, 1 poçt, 1 ATS məntəqəsi yerləşir.
İstinadlar
|
---|
Şəhərlər | | |
---|
Qəsəbələr | |
---|
Ləğv olunmuş qəsəbələr | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|