Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı
Aşağıda 1992-ci ildən təşkil olunan və Azərbaycan futbol liqası sisteminin ən yüksək divizionu hesab olunan Azərbaycan Premyer Liqasını qazanan baş məşqçilərin siyahısı təqdim edilmişdir.[Qeyd 1]
Ağasəlim Mircavadov 4 fərqli komandanı çempion edə bilmiş yeganə məşqçidir. O, 1993 mövsümündə "Qarabağ"ı, 1999-00 və 2000-01 mövsümlərində "Şəmkir"i, 2004-05 mövsümündə "Neftçi"ni, 2006-07 mövsümündə isə "Xəzər Lənkəran"ı çempionluğa daşıyıb. Kazbek Tuayev və Böyükağa Hacıyev bu uğura 2 fərqli komanda ilə nail olublar.
Azərbaycan çempionatları tarixində cəmi 3 əcnəbi mütəxəssis qızıl medalı boynundan asa bilib. Ukraynalı Valentin Xodukin və gürcüstanlı Kaxaber Tsxadadze "İnter"i, şimali makedoniyalı Qyoko Hacıyevski isə "Bakı"nı bir dəfə çempion edib.
Üç nəfər — Arif Əsədov, Qurban Qurbanov və Samir Abasov həm futbolçu, həm də məşqçi kimi Azərbaycan Premyer Liqasının qalibi olub. Arif Əsədov 1992, 1995-96 və 1996-97 mövsümlərində "Neftçi"də futbolçu,[1]2010-11 mövsümündə isə "Neftçi"də məşqçi kimi çempionluq qazanıb. Qurban Qurbanov 1993-94 mövsümündə "Turan"da, 1996-97, 2003-04 və 2004-05 mövsümlərində isə "Neftçi"də futbolçu kimi,[2]2013-14, 2014-15, 2015-16, 2016-17, 2017-18, 2018-19, 2019-20, 2021-22, 2022-23 və 2023-24 mövsümlərində isə "Qarabağ"da məşqçi kimi çempion olub. Samir Abasov 2003-04 mövsümündə "Neftçi"də, 2007-08 və 2009-10 mövsümlərində isə "İnter"də futbolçu,[3], 2020-21 mövsümündə isə "Neftçi"də məşqçi kimi çempionluq qazanıb.