Böyükağa Tələt oğlu Hacıyev (20 aprel 1958, Naxçıvan – 16 mart 2018, Bakı[3]) — Azərbaycanlı futbolçu və futbol məşqçisi, əməkdar məşqçi.[4] "Neftçi" klubunun sabiq və ən uğurlu baş məşqçisi.
Bioqrafiya
Naxçıvan futbolunun şagirdidir. SSRİ çempionatının 2-ci liqası klubu olan "Araz-Naxçıvan"da müdafiəçi mövqeyində oynamışdır[5].
Futboçunun karyerasının sonunda məşqçi kimi çalışmağa başladı. 1999–2000-ci illərdə "Araz-Naxçıvan"ın baş məşqçisi olmuşdur. Klub maliyyə çətinlikləri səbəbində dağıldığı üçün Böyükağa Hacıyev İrana yollanmış və "Maşın Sazi Təbriz" klubunda məşqçi (2002–2003), baş məşqçi (2003–2004) vəzifəsində çalışmışdır. 2004–2005-ci illərdə "Traktor Sazi klubunda baş məşqçi olmuşdur. Bu klublarda işləməklə Böyükağa Hacıyev böyük iş təcrübəsi qəzanmışdır.
2005-ci ildə Hacıyev Azərbaycana qayıdaraq Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi işləmişdir.
2006-cı ildə çempionatın sonuna 8 tur qalmış "Bakı" klubunun baş məşqçisi olmuş və ilk çempionluğunu bu klubla qazanmışdır. Ancaq 2006/07 mövsümündə komanda liqada yalnız 3-cü yeri tutdu və Avropa Liqasında zəif çıxış etdi. 2007-ci ilin sentyabrında Böyükağa Hacıyev komandadan ayrıldı və bir müddət işsiz qaldı. 2008-ci ilin iyun ayında "Araz" futzal komandasının baş məşqçisi olmuşdur.
2009–2010-cu ildə "Standard Sumqayıt" klubunu çalışdırmışdır. Lakin bu onun üçün uğursuz olmuşdur və komanda liqada sonuncu yerlərdə qərarlaşaraq elitanı tərk etmişdir. Bundan sonra klub dağılmışdır.
2011-ci ildə gözlənilmədən "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov Hacıyevi klubunun baş məşqçisi təyin edir. Böyükağa Hacıyevin baş məşqçiliyi ilə "Neftçi" 2011/12 mövsümündə çempion olur və ardıcıl 2-ci ümumilikdə isə 7-ci çempionluğunu qazanır. Növbəti mövsüm "Neftçi" ilə Avropa Liqasının qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır.
2012/13 mövsümündə "Neftçi" ilə yenidən çempion olur və bu dəfə hədəfi Çempionlar Liqasının qrup mərhələsi olur. Lakin 1-ci təsnifat mərhələsində Albaniyanın Skenderbeu klubuna iki görüşün nəticəsinə görə (0:0, 1:0) məğlub olur və söz verdiyi kimi istefa verir.
2014-cü ildə yenidən "Neftçi"yə qayıdır.
16 mart 2018-ci ildə baş vermiş infarkt nəticəsində vəfat etmiş və Keşlə qəbiristanlığında dəfn olunmuşdur.
Şəxsi həyat
Atası — Tələt Allahverdi oğlu Hacıyev, musiqiçi, 47 yaşında vəfat etmişdir.
Övladları — Yusif Hacıyev və Rüstəm Hacıyev
Nailiyyətlər
Məşqçi
Azərbaycan Premyer Liqası
- Çempion: 3 (2005/06, 2011/12, 2012/13)
- Bürünc medalçı: 1 (2006/07)
Futbol üzrə Azərbaycan Kuboku
- Qalib: 1 (2012/2013)
- Finalçı: 1 (2011/2012)
Şəxsi
İstinadlar
Xarici keçidlər