Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
"Sabah" Futbol Klubu 2017-ci il, sentyabrın 8-də fəaliyyətə başlayıb. 2017/18-ci il mövsümündə Azərbaycan I Divizionunda çıxış edən "ağ-göylər", mövsümü 5-ci pillədə başa vurub.
2018-ci il mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclasında "Sabah" Futbol Klubuna Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya verilməsi qərara alınıb.
"Sabah" Futbol Klubu Azərbaycan Premyer Liqasında ilk oyununu 2018-ci il avqustun 12-də "Keşlə" Futbol Klubuna qarşı keçirdi. "ASK Arena"da keçirilən debüt matçında 1:0 hesabıyla qalib gələn "Sabah", həm də, yüksək liqada ilk qələbəsini qazanmış oldu. Qarşılaşmada yeganə qola Marko Deviç imza atdı. Ukrayna millisinin keçmiş üzvü "Sabah" Futbol Klubunun Azərbaycan Premyer Liqasında ilk qolunun müəllifi kimi adını klubun tarixinə yazdırdı.
2022-23-cü il mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanaraq tarixində ilk dəfə avrokuboklara yollanıb.
2023-24-cü il mövsümü Azərbaycan Premyer Liqasını 3. yerdə tamamlayaraq yenidən avrokuboklarda iştirak etmək hüququ qazandı. Kubokda isə 1/4 finalda Qarabağ qarşısında mübarizəni dayandırdı.Burada alınan 1-7 lik məğlubiyyət klub tarixinin ən böyükhesablı məğlubiyyəti olub.[2]
Klubun loqosu və rəngləri
"Sabah"ın loqosunda klubun adı üzərində təsvir edilən günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir. Qalxan isə müdafiə əzminin, oyunda komandanın qapısının toxunulmazlığının ifadəsidir.
"Sabah"ın əsas rəngləri qara-çəhrayıdır.Çəhrayı rəng Masazır gölünün rəngini özündə əks etdirir.
Klubda Müşahidə Şurası (MŞ) da fəaliyyət göstərir. MŞ 5 üzvdən ibarətdir – Firudin Qurbanov (Azərbaycan Respublikası təhsil nazirinin müavini), İqor Ponomaryov (azərbaycanlı keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası), Rəhman Hacıyev ("1news.az" saytının və "Bakinskiy raboçiy" qəzetinin rəhbəri), Rauf Xəlilov (sahibkar), Yaqub Hüseynov (sahibkar).
Klub geyim dəstində göy-ağ rənglərdən istifadə edir. "Sabah"ın əsas geyimi göy-ağ-göy, ehtiyat geyimi isə ağ-göy-ağ rəngdədir.
Klub I Divizionda çıxış etdiyi zaman İspaniyanın "Joma" firmasının geyim dəstindən istifadə edirdi. "Sabah" Premyer Liqaya vəsiqə qazandıqdan sonra "Joma"nı İtaliyanın "Macron" firmasıyla əvəzlədi. 2020-ci ildən komanda "Nike" firmasının geyim dəstindən istifadə edir.
"Sabah" Futbol Klubu ev oyunlarını Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena"da keçirir. "Bank Respublika Arena" 13 000 nəfər azarkeş tutumuna malikdir.
Stadionun oyun meydançası təbii ot örtüyünü ilə əhatə olunmuşdur. Stadionun ərzisində futbolçuların soyunub geyinmə otaqları, tibb məntəqəsi, mətbuat konfransı üçün nəzərdə tutulmuş zal ilə yanaşı, dəvətlilərin oyunları izləməsi üçün xüsusi otaqlar mövcuddur.
Sözügedən stadion əvvəlki illərdə "Neftçi" və "Qarabağ" klublarının müvəqqəti olaraq Premyer Liqa oyunlarına ev sahibliyi etmişdir. "Sabah" Futbol Klubu yüksək liqada "Bank Respublika Arena"dan əsas stadion kimi istifadə edən ilk klubdur. Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ən çox azarkeş məhz bu stadionunda keçirilən "Sabah" FK — "Qarabağ" FK oyununda qeydə alınıb. 0:0 hesabı ilə nəticələnən görüşü 10000 nəfər tribunadan canlı izləyib.
"Sabah" Futbol Klubu "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir. "Vətən" 1967-ci ildə uşaq və gənclər futbol məktəbi kimi təsis olunmuşdur. İlk illərində "Vətən" Futbol Məktəbinə Azərbaycanın futbol əfsanəsi Ələkbər Məmmədov rəhbərlik etmişdir. 26 dekabr 2007-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı ilə məktəbin adı rəsmi olaraq "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi olmuşdur.
"Vətən" Futbol Məktəbinin Bakı şəhərində yerləşən iki kampusu mövcuddur. Bu futbol məktəbində Bakı şəhərindən olanlarla yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən olan istedadlı uşaq və yeniyetmələr də məşq edir. "Vətən" Futbol Məktəbinin futbolçularından ibarət komandalar mütəmadi olaraq xaricdə təşkil olunan beynəlxalq futbol turnirlərində çıxış etmək imkanı qazanırlar.
Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan "Vətən" RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.