Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır.[2]
1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar")[4].
1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Azərbaycan SSR-in Qubadlı rayonunun Zəngilan kənd cəmiyyətinin Yuxarı tatar kəndi ilə I Aşağı tatar kəndində 245 nəfər (91 təsərrüfat) yaşayır, əsas millət türklər (azərbaycanlılar) idi.[5]