Sxem lövhəsi (circuit board) – üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından (məsələn, epoksid və ya fenol tərkibli qətrandan) hazırlanmış lövhə. Müasir sxem lövhələrində komponentləri birləşdirmək üçün mis folqadan istifadə edilir. O, lövhənin bir və ya hər iki üzündə, ən yeni modellərdə isə bir neçə qatda yerləşdirilə bilər. Çap lövhələrində (printed circuit board) mis folqalardan ibarət birləşmələr qabaqcadan çap prosesində fotolitoqrafiya üsulu ilə vurulur.