Saliha Sultan (21 mart 1715, Topqapı sarayı, İstanbul – 11 oktyabr 1778, İstanbul) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır.
Həyatı
21 mart 1715-ci ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Hatəm Qadınəfəndidir.[1] Doğum xəbəri, o əsnada Ədirnədə olan atası Sultan Əhmədə sədrəzəm Şəhid Əli Paşa tərəfindən verildi.[2] Dünyaya gəlişi səbəbilə dönəmin validə sultanı Gülnuş Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Saliha Sultana dəyərli hədiyyələr verildi.[3][4][5]
İlk dini təhsilinə atasının nəzarəti altında Topqapı sarayında başlayan Saliha Sultan bununla yanaşı, hüsnxətt dərsləri aldı. Əmisi oğlu I Mahmudun taxta çıxması münasibətiylə yazdığı təbrik məktubundakı əl yazısı və istifadə etdiyi ifadələr bunu bir daha sübut edir. 1728-ci ildə sədrəzəm Nevşəhərli İbrahim Paşanın təklifi və atası Sultan Əhmədin təsdiqiylə Dəli Hüseyn Paşanın nəvəsi olan İrəvan bəylərbəyi Sarı Mustafa Paşayla evlənməsinə qərar verildi. Cütlüyün nigahı 28 may 1728-ci ildə Topqapı sarayında baş tutan toy mərasimi əsnasında dövrün şeyxülislamı Yenişəhərli Abdullah Əfəndi tərəfindən kəsildi. Toy mərasiminin ardından Əyyubsultandakı sahilsaraylarından birində yaşamağa başlayan cütlüyün bu nigahdan 2 övladı - Sultanzadə Əhməd bəy (1729-1736) və Fatma xanım Sultan (1730-1795) dünyaya gəldi.
Ancaq Sarı Mustafa Paşa 1731-ci ildə vəfat etdi.[6] 16 yaşında dul qalan Saliha Sultan isə övladlarıyla birlikdə Əyyubsultandakı öz sarayında yaşamağa davam etdi. İkinci evliliyi isə bundan 9 il sonra - 29 iyun 1740-cı ildə əmisi oğlu I Mahmudun istəyilə o əsnada Belqrad mühafizəsiylə vəzifələndirilən Abdipaşazadə Əli Paşa ilə baş tutdu.[7] Eyni mərasim əsnasında bacısı Aişə Sultan Əhməd Ratib Paşayla, əmisi qızı Safiyə Sultan isə Hacı Əbubəkr Paşayla nigahlandılar.[8] Cütlüyün bu nigahdan Xədicə xanım Sultan (?-?) adlı bir qızı dünyaya gəldi. Ancaq bu evliliyi də Əli Paşanın 1744-cü ilin mayında vəfat etməsiylə başa çatdı.[9]
Saliha Sultanın üçüncü evliliyi isə təxminən 1747-ci ildə Əyyubsultan məscidinin imamı Mustafa Əfəndinin oğlu olan Rumeli valisi Yəhya Paşa ilə baş tutdu. Hətta bu nigahdan bir il sonra, 1748-ci ildə ilk evliliyindən doğulan qızı Fatma xanım Sultanı paşanın kiçik qardaşı İbrahim bəylə evləndirdi.[10][11] Bu evlilikdən cütlüyün 2 qızı - Əminə xanım Sultan (1750-1823) və Ayşə xanım Sultan (1751-1754) dünyaya gəlsə də, bu qızlar uşaq yaşlarında vəfat etdilər. Ardından Yəhya Paşanın 1755-ci ilin sentyabrında vəfat etməsiylə, Saliha Sultan üçüncü dəfə dul qaldı.
Saliha Sultanın növbəti evliliyi isə taxta yenicə çıxan qardaşı III Mustafanın istəyilə 31 mart 1758-ci ildə sədrəzəm Raqif Paşa ilə baş tutdu.[12] Toy mərasiminin ardından Əyyubsultandakı sahilsarayında yaşamaq istəsə də, sədrəzəm olan ərinin Topqapı sarayına yaxın olmaq arzusu səbəbilə, özü sədrəzəm Raqif Paşanın sarayına gəlin köçmüşdür. Paşanın 8 aprel 1763-cü ildə vəfat etməsiylə dul qalan Saliha Sultan sonuncu dəfə yenə qardaşı Sultan Mustafanın istəyilə kaptan-ı dərya Ağa Mehmed Paşayla nigahlandı. 9 may 1764-cü ildə baş tutan toy mərasiminin ardından cütlük Saliha Sultanın Əyyubsultandakı sahilsarayında yaşamağa davam etdi.
Saliha Sultanın 6 il davam edən son evliliyi boyunca Ağa Mehmed Paşanı qoruduğu və siyasi məsələlərə qarışdığı bilinir. Belə ki, aralarında yaranan siyasi sürtüşmələr səbəbilə sədrəzəm Bahir Mustafa Paşa tərəfindən vəzifədən alınan Ağa Mehmed Paşa 1765-ci ilin fevralında paytaxtdan uzaq olan Vidin valiliyinə təyin edildi. Ancaq Saliha Sultanın qardaşı Sultan Mustafanın hüzuruna çıxaraq buna etiraz etməsinin ardından bu təyinat dəyişdirildi və Ağa Mehmed Paşa 2 ay sonra Anadolu bəylərbəyliyinə təyin olunaraq paytaxtda saxlandı. Ancaq bununla kifayətlənməyən Saliha Sultan sədrəzəmə qarşı müxalif cəbhəni dəstəkləməyə başladı və paşanın 30 mart 1765-ci ildə vəzifədən alınaraq sürgün edilməsi və daha sonra edam olunmasında fəal iştirak etdi. Ancaq sonrakı illərdə Ağa Mehmed Paşanın əyalətlərə təyin olunmasına mane ola bilmədi və paşa sırasıyla Hotin sərdarlığı və Hələb valiliyinə təyin olundu. 1771-ci ilin fevralında isə Dunay çayı sahilindəki Yergöyü qalasında aldığı sərt tədbirlər səbəbilə düşmən olduğu yeniçərilər tərəfindən qətlə yetirildi.
Qalan illərini Divanyolundakı sarayında ailə fərdləriylə keçirən Saliha Sultan 1778-ci ilin ortalarında istiska xəstəliyinə (bədənin su toplaması) tutuldu. Saray həkimləri tərəfindən hava dəyişikliyi məsləhət görülən Saliha Sultanın Əyyubsultandakı sahilsarayına aparılması istənilsə də, arabaya minə bilməyəcək vəziyyətdə idi. Bu səbəblə kəcavə vasitəsilə Əyyubsultandakı sahilsarayına aparılan Saliha Sultan elə həmin gecə - 11 oktyabr 1778-ci ildə vəfat etdi. Ölüm xəbəri gecə saatlarında sədrəzəm Kalafat Mehmed Paşaya, sədrəzəm tərəfindən isə səhər saatlarında qardaşı I Əbdülhəmidə çatdırıldı. Əyyubsultan məscidində Anadolu qazəsgəri tərəfindən qılınan cənazə namazının ardından, öz vəsiyyətinə əsasən burada kiçik yaşda itirdiyi övladlarının məzarları yanına dəfn olundu.
Övladları
Saliha Sultanın olduqca geniş vəqfləri olması və ölümünün ardından bu vəqflərə ailə fərdlərinin rəhbərlik etməsi səbəbilə, özündən sonra gələn övladları və nəvələri haqqında ətraflı məlumat tapmaq mümkündür.
- Sultanzadə Əhməd bəy (1729-1736) — uşaq yaşlarında vəfat etmişdir. Əyyubsultanda dəfn olunduğu bilinir.
- Fatma xanım Sultan (1730-1795) — 1748-ci ilin aprelində ögey atası Yəhya Paşanın kiçik qardaşı İbrahim bəylə evləndirildi. Bu nigahdan 2 övladı dünyaya gəldi.
- Əminə xanım (?-12 may 1823) — Əmisi Yəhya Paşanın oğlu Əli bəylə evləndi və 2 qızı dünyaya gəldi. Cənazəsi nənəsi Saliha Sultanın yanına dəfn edildi.
- Mehmed bəy — Haqqında ətraflı məlumat yoxdur. Övladlarının adları bilinir.
- Mehmed Rəşid bəy
- Nəcibə xanım
- Ləbibə xanım
- Xədicə xanım Sultan (?-?) — Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın (IV Muradın nəvəsi) oğlu Səid Mehmed bəylə evləndi və 1 oğlu dünyaya gəldi.
- Əminə xanım Sultan (1750-12 may 1823) — İsmayıl Zühdü Paşa ilə evləndiyi, Əyyubsultanda dəfn olunduğu bilinir.
- Ayşə xanım Sultan (1751-1754) — Əyyubsultanda dəfn olunduğu bilinir.
İstinadlar
- ↑ A. D. Alderson, Osmanlı Hanedanının Yapısı, Türkçesi Şefaettin Severcan, İz Yayıncılık, İstanbul 1998, s. 270
- ↑ Ali Akyıldız, Haremin Padişahı Valide Sultan Harem’de Hayat ve Teşkilat, Timaş Yayınları, İstanbul 2017, s. 226-22
- ↑ Betül İpşirli Argıt, Rabia Gülnuş Emetullah Sultan (1640-1715), Kitap Yayınları, İstanbul 2014
- ↑ Çağatay Uluçay, “İstanbul’da XVIII. ve XIX. Asırlarda Sultanların Doğumlarında Yapılan Törenler ve Şenliklere Dair”, İstanbul Enstitüsü Mecmuası, sayı 4, İstanbul 1958, s. 201-204
- ↑ Mehmet Arslan, “Osmanlı Döneminde Padişah Çocuklarının Doğumları Münasebetiyle Yapılan Şenlikler ve Vilâdet-nâme-i Hadîce Sultan”, Osmanlı Edebiyat-Tarih-Kültür Makaleleri, Kitabevi, İstanbul 2000, s. 493-494
- ↑ Mehmed Süreyya, Sicill-i Osmânî Yahud Tezkire-i Meşahir-i Osmaniyye, III, haz. Ali Aktan vd., Sebil Yayınları, İstanbul 1997, 504
- ↑ Subhi Mehmet Efendi, Subhi Tarihi: Sami ve Şakir Tarihleri ile 1730-1744 (inceleme ve karşılaştırma metin), haz. Mesut Aydıner, Kitapevi, İstanbul 2007, s. 625
- ↑ Metin And, Kırk Gün Kırk Gece, Osmanlı Düğünleri ve Şenlikleri Geçit Alayları, Yapı Kredi Yayınları, İstanbul 2020, s. 37
- ↑ İzzî Süleyman Efendi, İzzî Tarihi, haz. Ziya Yılmazer, Türkiye Yama Eserler Kurumu, İstanbul 2019, s. 32
- ↑ Şemdanizade Fındıklılı Süleyman Efendi, Müirittevarih, haz. M. Münir Aktepe, İstanbul Üniversitesi Edebiyat Fakültesi, İstanbul 1978, s. 140
- ↑ Mehmed Hâkim Efendi, Hâkim Efendi Tarihi, haz. Tahir Güngör, I, Türkiye Yazma Eserler Kurumu, İstanbul 2019, s. 645
- ↑ Hammer, a.g.e., XVI, s. 17
Mənbə
|
---|
Ailəsi | | |
---|
Sədrəzəmlər | |
---|
Kaptan-ı dəryalar | |
---|
Şeyxülislamlar | |
---|
Osmanlı padşah qızları |
---|
1. nəsil | | |
---|
2. nəsil | |
---|
3. nəsil | |
---|
4. nəsil | |
---|
5. nəsil | |
---|
6. nəsil | |
---|
7. nəsil | |
---|
8. nəsil | |
---|
9. nəsil | |
---|
10. nəsil | |
---|
11. nəsil | |
---|
12. nəsil | |
---|
13. nəsil | |
---|
14. nəsil | |
---|
15. nəsil | |
---|
16. nəsil | |
---|
17. nəsil | |
---|
18. nəsil | |
---|
19. nəsil | |
---|
20. nəsil | |
---|
21. nəsil | |
---|
22. nəsil | |
---|
23. nəsil | |
---|