Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax:
Əsma Sultan.
Əsma Sultan (17 iyul 1778, Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası – 5 iyun 1848, İstanbul, Osmanlı imperiyası) — 27. Osmanlı sultanı I Əbdülhəmidin qızlarındandır.[1] Eyni illərdə yaşayan və III Əhmədin qızı olan bibisi Əsma Sultanla qarışdırılmaması üçün Kiçik Əsma Sultan olaraq anılır.
Həyatı
17 iyul 1778-ci ildə cümə axşamı günü Topqapı sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Səniyəpərvər Sultandır.[2] Adı atasının sevimli bacısı olan Böyük Əsma Sultanın şərəfinə qoyuldu. Saray ənənələrinə görə, padşahın doğulan hər bir övladı üçün günlərlə əyləncə mərasimləri keçirilirdi. Ancaq Sultan Əbdülhəmid viladət-i hümayun adlanan bu saray adətini sevmirdi və doğulan 24 övladından yalnız beşi üçün (Mehmed, Əhməd, Xədicə, Rabiyə, Əminə) bu mərasimin keçirilməsinə icazə vermişdir.[3] Əsma Sultanın dünyaya gəlişi isə digər bacı-qardaşları kimi təntənəli şəkildə qeyd edilmədi. Sarayın dəniz cəbhəsindən gün boyunca top atəşi açıldı və ertəsi gün mühüm dövlət adamları saraya gələrək padşahı təbrik etdilər.[4]
Uşaqlıq illəri barədə yetərli məlumat yoxdur. Hələ 11 yaşında ikən atası vəfat etdi və əmisi III Səlimin taxta çıxmasıyla Əsma Sultan anası Səniyəpərvər Sultanla birlikdə Köhnə saraya göndərildi. Kiçik qardaşı Şahzadə Mustafa isə Topqapı sarayının Şimşirlik bölümünə alındı.
Avstriya və Rusiya ilə bağlanan sülh müqavilələri ilə sülhü təmin edən Sultan Səlim ilk öncə qardaşı qızı Əsma Sutanın evləndirməyə qərar verdi. Bəy namizədi olaraq seçilən baş çuxadar Hüseyn ağa ilk öncə vəzir rütbəsi aldı və 10 mart 1792-ci ildə kaptan-ı dərya təyin olundu. Təyinatıyla bağlı yazılan fərmanda eyni zamanda paşanın 14 yaşındakı Əsma Sultanla nişanlanması da elan olundu. Cütlüyün nigah mərasimi 29 may 1792-ci ildə, toy mərasimi isə 19 dekabr 1792-ci ildə baş tutdu. 3 gün davam edən toy mərasiminin ardından cütlük Əsma Sultanın Divanyolu səmtindəki sarayında yaşamağa başladı.
Ancaq bu nigahdan övladı olmayan cütlüyün evliliyi çox uzun çəkmədi. Evliliyi boyunca durmadan səfərlərə qatılan Hüseyn Paşa 6 noyabr 1803-cü ildə son səfərindən xəstə halda döndü. Vərəm xəstəliyinə tutulan Hüseyn Paşa bir ay sonra İstanbulda vəfat etdi və Əyyubsultandakı Mihrişah Validə Sultan türbəsi yanına dəfn olundu. Hələ 25 yaşında ikən dul qalan Əsma Sultan bir daha evlənmədi. Qalan illərini cariyələriylə gəzintilərə qatılmaq və dövlət idarəsinə müdaxilə etməklə keçirən Əsma Sultan fərqli geyimləri və dəbdəbəli həyat tərzi ilə fərqlənirdi. Bu səbəblə yəhudi bankirlərə xeyli borclanmışdı və onun bu xasiyyətindən anası Səniyəpərvər Sultan yazdığı məktublarda tez-tez şikayətlənirdi.
Onunla eyni dövrdə yaşayan digər sultan qızlarından fərqli olaraq Əsma Sultan aktiv siyasətlə məşğul olurdu və dövlət idarəsinə tez-tez müdaxilələr edirdi. Əmisi Sultan Səlimin taxtdan endirilməsi və qardaşı IV Mustafanın taxta çıxarılması ilə nəticələnən Qabaqçı Mustafa üsyanında anası Səniyəpərvər Sultanla birlikdə mühüm rol oynadı. Hətta onun devrilməsindən sonra taxta çıxan ögey qardaşı II Mahmudun səltənətinin ilk illərində də onu yenidən taxta çıxarmağa cəhd etmiş, ölümünədək Sultan Mahmuda müxalif olan qüvvələrlə əlaqələr saxlamışdır. Sultan Mahmudun taxta çıxarılmasından sonra saray çevrilişi və Sultan Səlimin qətli ilə bağlı aparılan tədqiqat nəticəsində anası Səniyəpərvər Sultan və xidmətçiləri Köhnə saraya sürgün edildi. Üstəlik onun qızı Əsma Sultanla əlaqə saxlaması qadağan olundu. Digər yandan Əsma Sultanın və digər bacısı Hibətullah Sultanın da saraydan kənar qurulan əlaqələri nəzarət altına alındı.
Bütün bu siyasi fəaliyyətlərinə baxmayaraq xidmətçiləri və yaxın ətrafından bir çox şəxs təqsirli görülərək həbs və ya sürgün edilsə də, Sultan Mahmud bacısını bütün bu məsələlərdən uzaq tutdu. Birbaşa təqsirləndirilməyən Əsma Sultan ögey qardaşına yazdığı məktublarda olduqca mülayim və mehriban münasibət göstərirdi. Sultan Mahmud da ögey bacısına mehriban münasibət bəsləmiş, hətta vəfatının ardından Əsma Sultanın Divanyolundakı sarayının bağçasına dəfn olunmuşdur. Taxta çıxan oğlu Sultan Əbdülməcidin əmriylə sonrakı tarixdə məzarın üzərinə türbə inşa olundu (Sultan Mahmud türbəsi).
Sultan Mahmudun 1839-cu ildə vəfatının ardından nisbətən saraydan uzaq həyat yaşayan Əsma Sultan xidmətçiləri və cariyələriylə gəzintilərə qatılır, xüsusi hazırlanmış hərəm arabalarıyla tez-tez şəhərdə gəzintilərə çıxırdı. Ömrünün son aylarında yaddaşı zəifləyən Əsma Sultan 5 iyun 1848-ci ildə yaşlılığı səbəbilə vəfat etdi. Cənazəsi vəsiyyətinə əsasən, Divanyolundakı sarayının həyətində, qardaşı Sultan Mahmudun türbəsində dəfn olundu.
Ölümünün ardından mal-mülkü hesablandı və əşyalarının bir hissəsi qardaşı qızı olan Adilə Sultanın sarayına göndərildi. Adilə Sultan, Sultan Mahmudun Əsma Sultan tərəfindən hədiyyə edilən kənizi Zərnigar Qadınəfəndidən (ö. 1832) dünyaya gələn qızı idi. Dəbdəbəli həyat tərzi və göstərişli geyim tərziylə məşhur olan Əsma Sultanın ölümündən sonra hesablanan borcları bəzi mülklərinin satılması və dövlət xəzinəsi tərəfindən ödənildi.
Əsma Sultanın övladı olmamış, ancaq gələcəkdə Sultan Əbdülməcidlə evlənərək Sultan Əbdülhəmid dövründə validə sultan olan Rahimə Piristü Sultanı öz himayəsində böyütmüşdür.
Mənbə
- Kiraz Hamdi Paşa, Âl-i Osman ve yahud Hanedân-ı Osmanî Hazerâtı, Süleymaniye Ktb. Yazma Bağışlar Kısmı, nr. 2173.
- Göyünç, Nejat, "Kapudân-ı Derya Küçük Hüseyin Paşa", İstanbul Üniversitesi Edebiyat Fakültesi, Tarih Dergisi, II/3–4, s. 35–79.
- Oğlukyan, Georg 1806–1810 İsyanları III. Selim, IV. Mustafa, II. Mahmud ve Alemdar Mustafa Paşa, (tercüme ve notlar Hrand D. Andreasyan), İstanbul Üniversitesi Edebiyat Fakültesi Yayınları, İstanbul 1972.
İstinadlar
- ↑ Sicil-i Osmani, Mehmet Süreyya Bey, Tarih Vakfı Yurt Yayınları, ISBN 975-333-038-3 İstanbul, 1996.
- ↑ Sarıcaoğlu, Fikret, Kendi Kaleminden Bir Padişahın Portresi Sultan I. Abdülhamid, Tarih ve Tabiat Vakfı, İstanbul 2001.
- ↑ Tezcan, Hülya, Osmanlı Sarayının Çocukları, Aygaz, İstanbul 2001
- ↑ Abdülaziz Bey, Osmanlı Âdet, Merasim ve Tabirleri (İnsanlar, İnanışlar, Eğlence, Dil), haz. Kâzım Arısan, Duygu Arısan Günay, Tarih Vakfı Yurt Yayınları, c. II, İstanbul 1995
|
---|
Ailəsi | | |
---|
Sədrəzəmlər | |
---|
Şeyxülislamlar | |
---|
Osmanlı padşah qızları |
---|
1. nəsil | | |
---|
2. nəsil | |
---|
3. nəsil | |
---|
4. nəsil | |
---|
5. nəsil | |
---|
6. nəsil | |
---|
7. nəsil | |
---|
8. nəsil | |
---|
9. nəsil | |
---|
10. nəsil | |
---|
11. nəsil | |
---|
12. nəsil | |
---|
13. nəsil | |
---|
14. nəsil | |
---|
15. nəsil | |
---|
16. nəsil | |
---|
17. nəsil | |
---|
18. nəsil | |
---|
19. nəsil | |
---|
20. nəsil | |
---|
21. nəsil | |
---|
22. nəsil | |
---|
23. nəsil | |
---|