Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir.
O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrikenerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır.
Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000–3000 metr təşkil edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə petrolitlər də adlanırlar.
Neft açıq şabalıdı rəngə malikdir. Orta molekul çəkisi 220–330 q/mol həddindəir. Sıxlığı 0,65–1,05 q/sm3 olur. Sıxlığı 0,83-dən kiçik olanlara yüngül neft, 0,831–0,860 arasında olanlara orta, 0,860-dan yuxarı olanlara isə ağır neft deyilir. Onun tərkibində çoxlu sayda üzvi maddələr olduğundan o qaynama temperaturu ilə yox, maye üzvi maddələrin qaynama temperaturu (>28 °C, ağır neftlərdə ≥100 °С) ilə səciyyələndirilir.
Onun tərkibinə daxil olan bəzi komponentləri əvvəlcə atmosfer təzyiqində, sonra vakuumda 450–500 °С-də, bəzi hallarda isə 560–580 °С-də qaynadaraq ayrırırlar. Neftin donma temperaturu tərkibində parafinin həddindən asılı olaraq −60 ilə + 30 °C arasında dəyişir. Özüllüyü böyük həddə dəyişir (1,98 ilə 265,90 мм²/с arasında). Bu, neftin tərkibində olan yüngül fraksiyalardan asılı olur. Xüsusi istilik tutumu 1,7–2,1 кJ/(kq∙К); dielektrik ötürücülüyü 2,0–2,5; elektrik keçiriciliyi 2∙10–10 ilə 0,3∙10−18 Om−1∙cm−1 arasında olur.
Alışma temperaturu-neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə qısa müddətli alov yaradan minimal temperaturdur.[1]
Alışma temperaturunun təyini
Neft məhsullarının alışma temperaturunun təyini- ГОСТ və beynəlxalq ASTM sınaq üsulları ilə açıq və bağlı putada aparılır.[1]
Açıq putada təyini
Neft və neft məhsullarının alışma temperaturunun açıq putada təyini- ГОСТ 4333; ASTM D92 sınaq üsulları ilə aparılır.[1]
Alışma temperaturunun bağlı putada təyini
Neft və nef məhsullarının alışma temperaturunun bağlı putada təyini — ГОСТ 6356; ASTM D93 sınaq üsulları ilə aparılır. . Alışması yüksək temperaturlarda olan neft və neft məhsulların sınağı açıq, aşağı olan isə — bağlı putalarda aparılır.[1]
Alovlanma temperaturu
Alovlanma temperaturu- sınanan məhsulun buxarına xaricdən alov mənbəyi (alov, elektrik qığılcımı və s.) müdaxilə etməklə sabit sönməyən alov yaradan minimal temperaturdur. Alovlanma temperaturu alışma temperaturundan 30–40 dərəcə yüksək olur.[1]
Öz-özünə alovlanma temperaturu
Öz-özünə alovlanma temperaturu — neft məhsulunun buxarı ilə ətraf mühitin havasının qarışığını xaricdən alov mənbəyi olmadan öz-özünə alovlanan minimal temperaturdur. Özü-özünə alovlanma temperaturu alışma temperaturundan bir neçə yüz dərəcə yüksək olur.[1]
Əmələ gəlməsi
Təbiətin ən böyük sirlərindən biri də neftin və qazın yaranmasıdır. Hər gün milyardlarla insan bu təbii sərvətlərdən istifadə edir. Neft və təbii qaz bizim üçün yalnız işıq, istilik vasitəsi deyil, istifadə etdiyimiz hər bir əşyanın hazırlanmasında onların müəyyən rolu var. Ancaq həyatımız üçün bu qədər əhəmiyyətli olan neft və qaz sərvətlərinin əmələ gəlməsinin tam şəkildə elmi izahı hələ də tam başa çatmayıb.
Araşdırmalar
Alimlər əsrlərdən bəridir bu istiqamətdə araşdırmalar aparırlar. Onların gəldikləri nəticələr müxtəlifdir. Bu gün onları ümumiləşdirərək neftin yaranması barədə irəli sürülən fikirləri elmi cəhətdən iki əsas hissəyə ayırırlar. Birincisi neftin üzvi yolla — heyvan və bitki qalıqlarından (biogen), ikincisi isə mineral əsasında (abiogen), yəni neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranmasıdır. Fərqli düşüncələr, müxtəlif rəylər zaman-zaman elmi mübahisələrə səbəb olub, amma alimlərin əksəriyyəti bu qənaətdədir ki, neftin və təbii qazın yaranması prosesi milyon illər boyu davam edib.
Mərhələlər
Mütəxəssislər neftin yaranmasını müxtəlif mərhələlərə ayırırlar.
I mərhələ
Qədimlərdən 1760-cı ilədək olan dövrü əhatə edən birinci mərhələdə neftin yaranması ilə bağlı müxtəlif fikirlər meydana çıxıb. Birinci nəzəriyyə 950-ci ildə ərəb alimi İh-van-əs-Səfa tərəfindən irəli sürülüb. O yazırdı:"Su və hava atəş təsiri altında yetişir və alovlu kükürdü və su civəsini yaradır. Bu ikincidərəcəli elementlər müxtəlif torpaq miqdarı ilə qarışır və temperaturdan asılı olaraq yerin içində yerləşən mineralları, o cümlədən neft kimi bituminoz substansiyasını yaradırlar. Buna görə onların yüksək havası var və neft sıxılır, tez alışır". Bir başqa alim — italyan alimi P. S. Bekkone XVII əsrdə ingilis alimi V. Çarmetona istinad edərək, kəhrəba və qırın (bitumların) mənşəyinin eyni olduğunu və neftin yerdən gələn vulkanik güclərdən və kükürddən əmələ gəldiyini qeyd edirdi. XVII əsrin axırında fransız alimi Lemerenin elmi işlərinin mühakiməsinə əsasən, neftin kəhrəbanın təbii distilləsi nəticəsində yaranması fikri formalaşdı. Daş kömür bu distillənin qalığıdır. Lemere özü isə neftin yaranmasının bitumun distilləsi nəticəsində baş verdiyini düşünürdü. XVIII əsrin əvvəllərində alman alimi Henkel qeyd edirdi ki, neft heyvan və bitkilərin qalıqlarından yaranır. 1739-cu ildə alman əsilli rus akademiki İ. Veybrext neftlə bağlı fikirləri ümumiləşdirdi. O, neftin — dəniz suyunun qoyduğu islahedilmiş yanar duzlardan ibarət olduğunu diqqətə çatdırdı. "Bitkilərin yağlı hissələrinin xassələrinin neft yağına yaxın olması" tədqiqat zamanı əsaslandırıldı. Buna istinadən belə fikir meydana çıxdı: "Ola bilər bütün bitkilərin alovlu və yağlı hissələri bitkilərin yerin təkindən çəkdikləri neftdən yaranır". Mütəxəssislər bu fikrin daha çox qəbul olunduğunu diqqətə çatdırırlar. 1750-ci ildə alman alimi Şpilman yazırdı ki, neft bitkilərdən, əsasən küknar ağacından yaranır. Fransa Elmlər Akademiyasının üzvü, kimyaçı P. J. Maker 1758-ci ildə bitumların bitki yağlarının və turşuların qarşılıqlı təsiri nəticəsində yarandığını bildirdi.
II mərhələ
Mütəxəssislər 1761–1859-cu illəri əhatə edən ikinci mərhələdə neftin üzvi yaranması nəzəriyyəsinin əsasını M. V. Lomonosovun qoyduğunu yazırlar. XVIII yüzilliyin ortalarında rus alimi neftin daş kömürdən üzvi yolla yarandığını bildirdi: "Yerin təkində yaranan daş kömürdən yeraltı hərarətin gücünə boz və qara rəngli yağlar üzə çıxır. …müxtəlif növ yanar mayelərin və bərk quru maddələrin yaranması baş verir (mahiyyətcə bu daş yağ, maye qatran, neftdir). Onlar (tərkibinin) təmizliyi ilə fərqlənir, lakin bir mənbədən törəyirlər". XIX əsrdə neftin mənşəyi haqqında əsasən M. V. Lomonosovun fikirləri qəbul olundu.
III mərhələ
Üçüncü mərhələdə, yəni 1860–1931-ci illərdə bir sıra maraqlı fikirlər meydana çıxdı. Alman alimi Karl Enqler Abşeronda çıxan neftin təbiətini və əmələ gəlməsini öyrənmək məqsədilə 1885-ci ildə Bakıya gəldi. Onun 1888-ci ildə dərc etdirdiyi neftin üzvi maddələrdən əmələ gəlməsi nəzəriyyəsi sonrakı analoji nəzəriyyələrin əsası oldu. Bu nəzəriyyə bir növ D. Mendeleyev və digərləri tərəfindən irəli sürülmüş neftin mineral maddələrdən yaranması nəzəriyyəsinə zidd idi.
1867-ci ilədək neftin üzvi yaranmasının tərəfdarı olan D. Mendeleyev 1877-ci ildə onun mineral yaranması fərziyyəsini inkişaf etdirdi. Sonrakı illərdə neftin qeyri-üzvi yaranmasının müxtəlif ehtimalları irəli sürüldü.
D. Mendeleyev Bakıda olarkən alman əsilli rus alimi G. Abixdən neft yataqlarının çox zaman ərazi cəhətdən yer qabığının xüsusi tipli çatlarında – çökmələrində yerləşdiyini öyrənir və bunda fikirlərinin sübutunu görür.
IV mərhələ
Mütəxəssislərin fikrincə, dördüncü mərhələdə — 1932–1950-ci illərdə əsasən akademik İ. M. Qubkinin "Neft elmi haqqında" adlı kitabı 1932-ci ildə nəşr ediləndən sonra, ardınca gələn mərhələdə böyük miqdarda dəniz hövzələrinin çöküntülərindən yığılmış üzvi maddələrdən neftin yaranmasına dair fərziyyə hökmranlıq edirdi.
V mərhələ
Beşinci mərhələni — 1951-ci ildən indiki dövrədək olan mərhələni isə alimlər cəsarətlə neftin üzvi maddələrdən yaranması nəzəriyyəsinin təşəkkül tapması dövrü adlandırırlar. Bu mərhələnin 1950-ci ildən, məhz sovet və amerikalı alimlər tərəfindən müasir çöküntülərdə karbohidrogen tapıldığı ildən başladığını nəzərə çatdırırlar. Amerikalı tədqiqatçılar P. V. Smitin rəhbərliyi altında Meksika körfəzində, Sakit okeanın Kaliforniyaya yaxın hissəsində və bir neçə şirin sulu hövzələrdə yerləşən müasir çöküntülərdə karbohidrogenlər aşkar etdilər. Sonrakı tədqiqatlar nəticəsində məlum oldu ki, müasir çöküntülərdəki karbohidrogenlər neftdən çox fərqlənir. Bu tədqiqatların olduqca əhəmiyyətli olduğunu söyləyən mütəxəssislər səbəbini belə izah edirlər: Əvvəla, onlar karbohidrogenlərin bitki və heyvanların qalıqları olan çöküntülərdən əmələ gəlməsini göstərdilər və bununla neftin əmələ gəlməsi üçün hansı üzvi maddənin ilk sayıla bilər sualı haqqında təxminən 200 il ərzində davam edən müzakirələrə müvəqqəti son qoyuldu. İkincisi, məlum oldu ki, neft və qazın yaranma prosesi demək olar ki, istənilən su hövzəsi çöküntülərində inkişaf edə bilər və bunun üçün hansısa qeyri-adi şərait tələb olunmur.
Dünyanın ən zəngin neft və qaz yataqlarına malik hissələrindən biri də Azərbaycandır. Ona görə də bu ölkəyə ta qədim zamanlardan bu sahənin tədqiqatçıları diqqət göstərib, müxtəlif ölkələrdən olan böyük alimlər yollarını Azərbaycandan salıblar. Bu gün respublikamızın özündə başqa sahələrdə olduğu kimi, neft sahəsində də bacarıqlı alimlər az deyil. Onların araşdırması üçün isə Azərbaycanın böyük neft tarixi var.
Yer kürəsindəki 800 palçıq vulkanının da çoxu Azərbaycanda yerləşir. Onlar mənşəcə neft və təbii qaz yataqları ilə əlaqədardır. Ona görə də neftin və təbii qazın tədqiqatı ilə məşğul olan alimlərin diqqət göstərdiyi sahələrdən biri də palçıq vulkanlarıdır. Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi sahələrdə — Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və digər yerlərdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilib. Onların içində Lökbatan palçıq vulkanı fəallığı və yerləşdiyi yerin neft-qazlılıq strukturları ilə sıx əlaqədə olmasıyla fərqlənir. Mütəxəssislər burada vulkanın mütəmadi olaraq öz fəaliyyətini büruzə verdiyini nəzərə çatdırırlar.
Alimlər onu da qeyd edirlər ki, məhsuldar qatın neftli layları uzun müddət aşınmaya məruz qalmalarına baxmayaraq, öz neftlilik əlamətlərini bu günə kimi saxlayırlar. Məlumdur ki, təbiətin nadir geoloji muzeyi olan Qırməki dərəsində dərinliyi 30–50 metr olan əllə qazılmış iri diametrli, ağzı açıq iki neft quyusu ölkəmizin neft sənayesinin tarixini öyrənmək baxımından maraqlıdır. Min illərdir şölələnən Qırməki dərəsinin yaxınlığında yerləşən Qırməki palçıq vulkanı və Yanardağın alovları təbiətsevənlər üçün əvəzolunmaz geoloji muzey sayılır. Azərbaycanda, Binəqədi ərazisində olan, dördüncü dövrə aid heyvanat qəbiristanlığı da böyük marağa səbəb olub.
1938-ci ildə Binəqədi qəsəbəsi yaxınlığında qır (bitum) axtaran zaman Azərbaycan Sənaye İnstitutunun tələbəsi, geoloq A. Məstanzadə ibtidai heyvanlara aid sümüklər tapdı. Burada 50 minə yaxın heyvanat aləminə məxsus sümük aşkar edildi. Mütəxəssislərin fikrincə, Binəqədidəki dördüncü dövrə aid heyvanat və bitki aləminin qalıqları o zaman Azərbaycanın bu hissəsinin flora və faunası, eləcə də burada neftin mövcud olması barədə məlumat verir.
Yüksək enerji tutumuna malik, asan nəql edilən neft XX əsrin ortalarından başlayaraq dünyada ən gərəkli enerji mənbəyi hesab olunur. Hazırda hasil olunan neftin həcminin 84%-i yanacaq istehsalına sərf edilir. Qalan 16% plastmas, kimyəvi həlledicilər, gübrələr, dərman vasitələri və digər məhsullar hazırlamaq üçün xammal rolunu oynayır. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına əsasən, neft illik hasilat zirvə həcminə 2030-cu ildə çatacaq. Bundan sonra sabitləşəcək, daha sonra isə tədricən azalmağa başlayacaq.
Ancaq mütəxəssislər əmindirlər ki, hətta gələcəkdə neft yanacaq kimi üstünlüyünü itirsə, onun qiyməti azalmayacaq. Çünki bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcək, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə neft daha çox, neft-kimya kompleksinə yönəldiləcək. 1908-ci ildə rus ixtiraçısı İ. İ. Orlov neftin karbogen oksid və hidrogendən alınmasının, yəni "sulu qaz"ın alınmasının mümkün olduğunu sübut etdi. İlkin olaraq sintetik nefti ruslar deyil, almanlar, özü də "qonur kömür"dən aldılar. Bu, Birinci Dünya müharibəsi dövründə baş verdi, çünki o dövrdə Almaniyada yanacaqla bağlı problemlər ortaya çıxdı. Almanlar hətta "süni nefti" istehsal edən zavodlar tikdilər. Müharibədən sonra təbii neftlə müqayisədə baha başa gələn sintetik neft rəqabətə davam gətirə bilmədi.
Bu gün də süni üsulla nefti "yanacaq şistləri"ndən alırlar. Mütəxəssislər bu fikirdədirlər ki, sintetik neftin gələcəkdə yanacaq şistlərindən alınması səmərəli ola bilər, çünki geoloqların hesablamalarına görə, onların ehtiyatları neftinkindən 2–3 dəfə çoxdur.
Alimlər bu fikirdədirlər ki, əgər Yerin təkində indiyədək üzvi sintez baş veribsə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Əgər o, sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, neftin istehlakı bu səviyyədə saxlanılarsa, artıq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Ancaq texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn, təbii bitumlardan əldə etmək imkanı yaranacaq ki, onun ehtiyatları da 600 milyard ton dəyərləndirilir. Bu da indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur. Bir sözlə, bəşəriyyət artıq xeyli vaxtdır ki, neftsiz öz gələcəyinin necə olacağını düşünür və yollar axtarır.
Neft xammalının pirolizindən müxtəlıf karbohidrogen qarışığından ibarət neft məhsulları alınır. Bu neft məhsulları aşağıdakı qruplar üzrə təsnif olunurlar:
yanacaq
neft yağları
neft bitumları
neft həllediciləri
bərk karbohidrogenlər
digər neft məhsulları
Birinci qrup neft məhsullarına maye və qaz halında yanacaq aid edilir. Bu məhsullar ümumi neft məhsullarının 65%-nı təşkil edir. Karbohidrogen qazları, benzin, dizel və qazanxana yanacağı birinci qrupa aiddir. Mazut kimi işlədilən qazanxana yanacağından başqa bütün neft yanacaqları ciddi təmizlənmə prosesindən keçir.
İkinci qrupa neft yağları aiddir. Bu müxtəlif məqsədlər üçün istifadə olunan sürtgü yağlarıdır.
Üçüncü qrupu sənayedə, əsasən tikinti sahəsində geniş istifadə olunan texniki neft bitumları təşkil edir.
Dördüncü qrupa detalların yuyulmasında, çirklənmənin aradan qaldırılmasında, boyaların durulaşdırılmasında həlledici kimi istehsalatda və məişətdə istifadə olunan neft həllediciləri aiddir.
Beşinci qrupa vazelin, petrolatun, serezin, parafin, ozokerit və s. kimi bərk karbohidrogenlər daxil edilmişdir. Neft pirolizin bu məhsullarının istifadə sahəsi çox genişdir: tibb, yeyinti, kağız, rezin, elektrotexniki, plastik sürtgülərin istehsalı və s. Altıncı qrupa neft kimyasında xammal kimi istifadə olunan-benzol, toluol, naftalin, ksilol, yaşıl yağ və s.kimi maddələr aiddir.
Neft emalının bir çox üsulları mövcuddur, lakin piroliz ən perspektivlisidir. Çünki bu üsul vasitəsi ilə altıncı qrupa daxil olan neft məhsullarının maksimum miqdarda alınmasını təmin edir. Piroliz prosesi neft kimya sənayesini lazımlı qədər xammalla təmin etməyə imkan verir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda neft olmadan da müxtəlif neft məhsullarını almaq üçün daha bir üsul var. Adi zibildən sintetik yanacaq alınır ki, bu da neft kimi təbii ehtiyatların qənaət edilməsinə imkan verir.
Karbohidrogen tərkibi
Neft əsasən parafinli (adi halda 30–35, bəzi hallarda 40–50%)və parafinsiz (25–75%) olmaqla iki qrupa bölünür. Az miqdarda aromatik birləşmələrə (aromatik karbohidrogenlər) malik olurlar.
Element tərkibi
Neftin tərkibinə karbohidrogenlərlə bərabər kükürdlü birləşmələr, mono və disulfidlər, tioefenlər, və həmçinin politsiklik maddələrdə daxildirlər. Element tərkibi (%): С — 82–87,Н2 — 11–14,5, S — 0,01–6 (nadir hallarda 8-ə qədər), N — 0,001–1,8, O2 — 0,005–0,35 (nadir hallarda 1,2-yə qədər) və s. Neftin tərkibində 50-dən artıq kimyəvi element vardır. Qeyd olunanlarla bərabər V (10−5 — 10−2%), Ni (10−4−10−3%), Cl (2•10−2%-ə qədər) və başqaları. Bu tərkib neft hasil olunan ərazilərdən asılı olaraq dəyişir. Ona görə də, bu haqda ümumi fikir söyləmək çətindir.
Cədvəl 1. Müxtəlif neft yataqlarından hasil olunan neftin elementar tərkibi (% ilə))
Əgər neft yerin üst qatına yaxın yerləşirsə onda o sadə üsulla əldə edilə bilər. Dərinlikdə yerləşən laylara çatmaq üçün isə quyu qazılir və oraya borular salınır. Dənizdə nefti çıxarmaq üçün xüsusi qazma plarformalarının tətbiqi lazım gəlir.
Yer təkini qazmaq üçün qazma baltalarından istifadə edilir. Qazma baltası uzun, bir-birinə bağlanmış boruların uc hissəsinə bağlanılır. Əksər hallarda Qazma baltası bir-brinə nisbətən bucaq altında yerləşmiş 3 dişli konus formalı diyircəkdən ibarət olur. Belə baltalar nisbətən yumşaq süxurların keçilməsi üçün tətbiq edilir.
Başqa konstruksiyalarda hərəkətli hissələr olmur. Onların kəsici hissəsi almaz, kəsici keramika və ya bərk xəlitədən hazırlanır. Baltanı dəyişmək üçün bütün borular qazılmış quyudan yerin səthinə çıxarılmalıdır. Alətin dəyişilməsinin səbəbi onun sınması və ya kəsicilik qabiliyyətinin itməsi ola bilər. Qazma baltasi qırıldıqda əvvəlcə çalışırlar ki, qazma borularının daxilinə tutqac sallasınlar ki, sınmış hissəni xaric etsinlər.
Balta poladdan hazırlanmış qazma boruları ilə birlikdə elektrikmühərriki vasitəsilə dəqiqədə 100 dövr sürətlə saat əqrəbi istiqamətində fırladılır. Qazma borularının soyudulması və əsasən də qazılmış suxur hissəciklərinin yerin səthinə qaldırmaq üçün xüsusi mayelərdən (əsasən gil məhlulundan) istifadə edirlər. Maye qazma boruları ilə quyuya vurulur, beləki, o, baltanın deşiklərindən çıxıb boru ilə quyu divarları arasında yaranan həlqəvi fəza ilə quyu ağzına doğru hərəkət edir. Süxur hissəciklərinin maye ilə quyu ağzina doğru hərəkətini təmin etmək üçün o, yüksək özlülüyə malik olmalıdır. Bu maye sudan, polimerdən və gil məhlulundan ibarət olur.
Müəyyən hallarda quyunu yatağa şaquli istiqamətdə deyil, ona müəyyən bucaq altında maili qazırlar. Bu cür quyu maili quyu adlanır. Maili quyuların qazılması üçün müasir texnika və texnologiya tətbiq olunur.
Adətən neft laydasuxurların təzyiqi, yataqda olan fluidlərin və qazma zamanı quyuya vurulan maye tərəfindən yaradılan təzyiq altında yerləşir. Quyu ilk neftli-qazlı layı keçdikdə neft və ya qaz axını burğu ştanqasının yuxarı hissəsində yerləşdirilmiş xüsusi qurğunun köməyi ilə dayandırılır. Sonrakı qazmalarda neft adətən öz təzyiqi ilə xaric olunur. Neftin miqdarı azaldıqca quyuda da təzyiq aşağı düşür. Bu zaman nasoslardan istifadə edilir. Bu nasoslar mancanaqlar vasitəsilə hərəkətə gətirilir.
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI–X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir.
İtalyan səyyəhı Marko Polo (XIII–XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.
AZƏRBAYCAN neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
I mərhələ: 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847–1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi.
II mərhələ: 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır.
Bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. 1941–1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür. 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
III mərhələ: 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış — kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
IV mərhələ: 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. 1970–80-ci illərdə neft sənauyseində tətbi ediləcək tenikanın inkişafı sayəsində dənizdən neft çıxarma prosesi genişlənir. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80–350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
V mərhələ: SSRİ dağıldıqdan sonra Azərbaycanda Neft hasilatı sahəsi yeni mərhələyə qədəm qoyur. Respublikada baş verən gərgin ictimai-siyasi proseslər ərəfəsində hökumət bir çox xarci investrorların Azərbaycana cəlb edilməsinə nail olur. 1994-cü il sentyavrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yatatqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır.
Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Hal-hazırda bu müqaviləyə əsasən çalışan müəssisəslərlə bilrikdə əldə edilən neftin hesabına Azərbaycan bir dövlət kimi dünyada öz mövqeyini möhkəmlətməyə nail olmuşdur.
Neftin mikrobiologiyası
Neftin mikrobiologiyası bir elm kimi yüz ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində 200-ə yaxın mikroorqanizmlərin növləri ədəbiyyatda qeydə alınıbdır. Bunlar karbohidrogenlərə təsir edərək (bərk, maye, qaz) neft məhsullarının tərkibini dəyişdirir. Mikroorqanizmlərin bir çox növləri yaşamaları üçün müxtəlif qida mühitində çoxalıb arta bilirlər. Mikroorqanizmlərin həyat fəaliyyəti ümumi bioloji qanunlar üzrə gedir. Onların hamısı fəal orqanizmlər olub,qida mühitinə eyni vaxtda xaric olunan fermentlərlə təsir göstərir və katalitik rol oynayırlar.
Mikroorqanizmlər öz həyat fəaliyyətini təmin etmək üçün neft məhsullarında olan karbohidrogenlərə təsir etməklə neftin istehsalında, onun çıxarılmasında, istismarında problemlər yaradırlar mikroorqanizmlər karbohidrogenlərdən istifadə edərək, yağın, sürtkünün və yanacağın tərkibini dəyişərək onun istismar müddətini aşağı salır. mənfi halların qarşısını almaq üçün mikroorqanizmlər tərəfindən yüksək biosabit neft məhsulları yaratmaq üçün bu istiqamətdə neftdə həll olan yüksək effektli məlum antimikrob aşqarların seçilməsi, yaxud yeni tərkibdə biosidlərin sintezi üzrə tədqiqatların aparılması lazımdır.