Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur ön dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır.[3]
Əhalisi 14 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb var.
Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı, Calqalı, Dəmiyə və s.[4]
Tarixi
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI–XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.[5] Ayrıca məşhur Sufi şairi və təsəvvüf alimi olan Mir Həmzə Nigari təhsilini Kiçik Dəhnədə Çolaq Abdulladan almışdır. Çolaq Abdullanın qəbri hazırda Kiçik Dəhnədə “Quran Kitab Evi” deyilən ziyarətgahda yerləşir.
Coğrafiyası və iqlimi
Kiçik Dəhnə kəndi Şəki rayonunun cənub hissəsində, Şəki şəhərindən 28 km aralıda yerləşir. İqlimi yarımsəhra iqlimidir. Kənd Yevlax və Qax rayonları ilə həmsərhəddir. Kənddə ən yüksək temperatur yay aylarında +45 °C, ən aşağı temperatur qış aylarında −6 °C olur. Bu iqlim şəraiti bu ərazidə subtropik bitkilərin yetişdirilməsi üçün münasibdir.
Əhalisi
Əhalisi 14.000 nəfərdən çoxdur (2023-cü il məlumatına görə).
İqtisadiyyatı
SSRİ dövründə kənd əhalisi kollektiv təsərrüfatda birləşərək əsasən baramaçılıq və tütünçülüklə məşğul idilər.
İndi isə əsas təsərrüfat bostançılıq, arpa və buğda əkinidir. Yetişdirilən məhsullar rayon bazarına və emal müəssisələrinə verilir.[4]
Din
Kəndin əhalisi İslam dininə mənsubdur və əhalinin əksəriyyəti sünni müsəlmanlardır. Kənddə 2 dini məscid fəaliyyət göstərir.